Güclənən “Neftçi", yenilənən “Qarabağ" (HET-TRİK, 15.02.2006)

single-news
15 Fev 2006

Güclənən “Neftçi", yenilənən “Qarabağ" (HET-TRİK, 15.02.2006)



TARİXİ RƏQABƏTİN NÖVBƏTİ SƏHİFƏSİ Dövrələrarası fasilədən dönən bəzi klubların ilk turlardaca kifayət qədər çətin sınaq qarşısında qalmasına əmin olmaq üçün çempionatın təqviminə ötəri nəzər salmaq yetərlidir. 14-cü turda birinciliyin lideri "Karvan" çempionluğa iddialı digər komanda - "Bakı"nı öz meydanında qəbul etdi və mübarizədən üzüağ çıxdı. Sabah ölkə çempionatında daha bir prinsipial qarşılaşmanın şahidi olacağıq. Söhbət "Neftçi" - "Qarabağ" matçından gedir. Təqvimə görə bu komandalar arasında oyun fevralın 19-da baş tutmalıydı. Lakin Azərbaycan millisi Ukrayna yığmasıyla yoldaşlıq görüşü keçirəcəyindən 15-ci turun oyunlarının vaxtı dəyişdirildi. Hər iki komandanın qarşıdakı matça yüksək əhval-ruhiyyə ilə çıxacağı şübhə doğurmur. Tərəflərin ikinci dövrənin startında maksimum nəticə əldə etməsi belə deməyə əsas verir. HƏDƏFLƏR MÜXTƏLİF OLSA DA… Əgər turnir cədvəlinə və komandaların heyətinə nəzər salsaq, "Neftçi" - "Qarabağ" qarşılaşmasının hansısa xüsusi əhəmiyyət daşımaması qənaətinə gəlmək olar. Ən azı Azərbaycan çempionatlarının tarixinə yaxşı bələd olmayan şəxslər belə düşünə bilər. Çünki cari mövsümdə komandaların qarşısında duran vəzifələr də fərqlidir. Əgər "Neftçi" hətta gümüş medalları qazanmağı belə faciə sayırsa, "Qarabağ" yalnız bacardıqca yüksək yerlər uğrunda mübarizə aparır. Heyət baxımından da paytaxt və əyalət təmsilçisi bir-birindən xeyli fərqlənir. Doğrudur, "Qarabağ" dövrələrarası fasilədə tənəzzülə uğrayan iki Qərb təmsilçisi - "Turan" və "Gəncə"nin süqutundan faydalanmağı bacardı. Başqa sözlə, hər iki komandanın şərəfini qoruyan bir neçə səviyyəli futbolçu Ağdam klubunun heyətinə keçdi. Böyükağa Ağayevin "Qarabağ"a baş məşqçi təyin olunması da diqqət çəkən məqamdır. Lakin paytaxt təmsilçisinin yenə də bütün parametrlərə görə ağdamlıları üstələməsi danılmaz faktdır. Bununla belə, matçın hər iki tərəf üçün çətin keçəcəyini indidən təxmin etmək olar. …PRİNSİPİALLIQ QALIR Cari mövsümdə komandaların hədəfləri müxtəlif olsa da, "Neftçi" - "Qarabağ" qarşılaşması tarixən öz prinsipiallığıyla seçilib. Paytaxt təmsilçisi demək olar ki, indiyə qədər keçirilən bütün çempionatlarda qızıl medallar uğrunda mübarizə aparıb (bu baxımdan yalnız 1997/98 mövsümünü istisna etmək olar, həmin birincilikdə "Neftçi" yalnız 6-cı yerlə kifayətlənmişdi). "Qarabağ" isə əzəli rəqibinə nisbətən analoji vəziyyətlə daha çox üzləşib. Komandalar arasında ən böyük gərginliyin 1996/97 mövsümündə yaşandığını qeyd etsək, yanılmarıq. Gərginlik isə həmin çempionatın əcaib reqlament əsasında keçirilməsindən qaynaqlanırdı. "Neftçi" yüksək dəstədə bütün rəqiblərindən çox xal toplamasına baxmayaraq, 1996/97 mövsümünün çempionu adını "Qarabağ" qazandı. Çünki əsas komandaların topladığı xalların üzərinə aşağı yaş qruplarında mübarizə aparan futbolçuların əldə etdiyi xallar da əlavə olunurdu. Hətta "Neftçi"nin bəzi futbolçuları həmin çempionatda aşağı yaş qruplarında keçirilən oyunları izləməyə gedirdi. Qızıl medallar "Qarabağ"a təqdim edilsə də, 1996/97 mövsümündə hansı komandanın çempion olması bu günə qədər də müzakirə mövzusudur. "QARABAĞ" YENƏ BADALAQ VURACAQMI? Ötən mövsüm çempionatın müqəddaratına Gəncədə keçirilən "qızıl oyun"da aydınlıq gətirildi. "Neftçi" mövsüm ərzində vacib xallar itirdiyindən "Xəzər-Lənkəran"la təkbətək mübarizə aparmalı oldu. Vəziyyətin bu həddə çatmasında isə "Qarabağ"ın xidmətləri az deyildi. O mənada ki, paytaxt təmsilçisi favorit hesab edildiyi oyunda ağdamlılar məğlub olaraq özlərini çətin vəziyyətə saldılar. Cari mövsümdə də artıq bir dəfə bu komandaların duelinin şahidi olmuşuq. Birinci dövrədə "Qarabağ"ın qonağı olan "Neftçi" səfərdən bir xalla dönə bilmişdi. Lakin bir məqamı qeyd etmək lazımdır ki, mövsümlərarası fasilədə çempionun düşərgəsini bir neçə aparıcı futbolçu tərk etdiyindən, "Neftçi" demək olar ki, bütün prinsipial oyunlarda yalnız bir xalla kifayətlənməli olmuşdu. İndi vəziyyət fərqlidir. Paytaxt təmsilçisinin həm "Birlik Kuboku"nda, həm də Antalyadakı təlim-məşq toplanışları zamanı keçirdiyi oyunlar komandanın heyətinin get-gedə komplektləşməsindən xəbər verir. "Qarabağ" haqda isə bunları demək çətindir. Ötən tur xeyli zəifləmiş "Turan"ı minimal hesabla məğlub edən ağdamlıların oyununda xətlər arasında əlaqələrin o qədər də yaxşı səviyyədə olmaması açıq-aşkar görünürdü. Təbii ki, "Qarabağ"ın heyətinə yeni cəlb olunmuş futbolçuların uyğunlaşma prosesini tam keçməməsi özünü büruzə verir. Prinsipial qarşılaşma haqda istənilən qədər və fərqli ehtimallar irəli sürmək olar. Lakin istənilən halda "Neftçi" - "Qarabağ" mübarizəsinin taleyinə fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda aydınlıq gələcək. Ümid edək ki, həmin oyun Azərbaycan futbolunun tarixinə qalmaqallardan uzaq və yalnız idman mübarizəsi şəraitində keçən bir qarşılaşma kimi düşəcək.

Paylaş