Gücsüz, aciz və bəhanəli “Qarabağ” (futbol+, 29.07.2006)

single-news
29 İyl 2006

Gücsüz, aciz və bəhanəli “Qarabağ” (futbol+, 29.07.2006)



UEFA kuboku Birinci təsnifat mərhələsi, cavab oyunu Qarabağ (Ağdam, Azərbaycan) - Zimbru (Kişinyov, Moldova) - 1:2 ə.v. (1:0, 0:1, 0:1) İlk oyun - 1:1 “Qarabağ”ı tovuzlular yıxdı? İki gün əvvəl “Şəfa”da yaşadığımız acıların təfərrüatına varmazdan əvvəl bu sualı verməyə məcburam: “Qarabağ”ı “Turan”, yoxsa “Zimbru” yıxdı? Hər halda moldavanlara yenilgidən sonra məlul-müşkül mətbuat konfransının düzənləndiyi otağa təşrif buyuran Böyükağa Ağayev mərhələ adlaya bilməmələrinin bir nömrəli səbəbi kimi heyətdəki itkiləri göstərdi. Bu əslində bəhanə də olsa, tutarlı bəhanədi. Sergey Sokolov, Azər Məmmədov və Hakan Dəmirin xidmətindən məhrum olan ağdamlılar kimi “Zimbru”nun da heyətində çox ciddi itkilər var idi. İvan Tabanov zədəli olduğu üçün kapitanı - Mirça Stanı Bakıya gətirməmişdi. Ondan başqa “Zimbru”nun erməniləri - Qalust Petrosyanla Karen Aleksanyan da qorxusundan cavab matçında “Qarabağ”a qarşı forma geymirdi. Hansı ki, birinci Kişinyovdakı matçda komandasının bərabərlik qolunu vurmuşdu. Nə isə, görünən budu ki, Ağayev “Zimbru”ya yenilginin səbəbi kimi bir neçə aparıcı futbolçunun zədəli olmasını göstərdi. Amma adama deyərlər, sizi məcbur edən var idimi “Turan”la yoxlama matçına UEFA kubokunun final oyununa çıxıbmış kimi çıxasız və bu üzdən futbolçularınızı itirəsiz? Təsəvvür edirsiz, “Qarabağ”a ilk zərbəni tovuzlular vurub. Ancaq vallah, mən “Turan” başbilənlərində günah görmürəm. Ağdamlılar oyundan əvvəl sınaqçı-rəqibin rəhbərliyinə vəziyyəti başa salıb zədələrdən tam sığortalana bilərdi. Bu da sizin peşəkarlığınız. “Zimbru”yla həlledici oyuna hazırlaşan “Qarabağ” futbolçularını yoxlama görüşündə itirdi. Başqa sözlə, özümüz özümüzə qəbir qazdıq. Sözün bütün mənalarında. İkinci mərhələ: əl uzatsan çatar Sergey Sokolovsuz, Azər Məmmədovsuz “Qarabağ”ın müdafiə xəttinin çətinlik çəkəcəyi əvvəlcədən bilinrdi. Və bəri başdan deyim ki, adlarını çəkdiklərimi əvəz edən Samir Abbasovla Hüseyn İsgəndərov ümidləri doğrulda bilmədi. Nəinki onlar, çoxları. Hər iki komanda meydana demək olar ki, eyni taktiki düzülüşdə çıxdı. Ağdamlıların vuran ayaqları Samir Musayevlə Kənan Kərimov idisə, Tabanov irəlidə ucaboy Sergey Kirilovla kapitan Maksim Frantsuza güvənmişdi. Onu da qeyd etməyə dəyər ki, “Zimbru”nun kapitanı iki gün əvvəl keçirilən oyunun bəlkə də ən yaxşısı idi. Oyunun gedişi haqda təfərrüatı ilə danışmaq istəmirəm. Bir də nə mənası, hər şey sözün pis mənasında geridə qalıb. Amma 53-cü dəqiqəyədək hər şey o qədər gözəl idi ki... Samirin 22-ci dəqiqədə rəqib torunu silkələməsindən sonra çoxları “Qarabağ”ın artıq ikinci mərhələdə olduğunu düşünürdü. Doğrudan da, həmin anda adama elə gəlirdi ki, əlini uzatsa, ikinci mərhələdə ağdamlılara rəqib olacaq komandaya çatar. ...Və insafən “Qarabağ” ilk yarıda sərgilədiyi oyunla da nikbin düşüncələrə dalmağımıza əsas verirdi. Bir sözlə, ağdamlılar ilk 45 dəqiqədə ikinci mərhələyə adlamağa “Zimbru” qədər haqqı çatdığını göstərdi. Hərçənd yenə də Ağayevin komandasında zəif nöqtələr, çatışmazlıqlar göz oxşayırdı. Xüsusilə də cinahlardan kəsərli hücumlar təşkil edə bilməməyimiz. Əvəzində lazımsız kobud oyun vardı. Düzdü, fasilədən sonra baş məşqçi müəyyən əvəzləmələr etdi. Amma zaman göstərəcəkdi ki, bütün bu çabalar, əvəzləmələr “Qarabağ”ı xilas etmək üçün yetməyəcək. Az yeyin, çox qaçın “Qarabağ” “Karvan” deyil, ola da bilməz. “Qarabağ”ın “Karvan” olması üçün start heyətində on yerli yox, on əcnəbi futbolçu yer almalıdı. “Karvan”a UEFA kubokunda mərhələni çoxsaylı işlək, futbola təkcə pul qazanmaq gözüylə baxmayan legionerləri adlatdı. “Qarabağ” üçün bunu kim edəcəkdi? Harınlamış, altında hər növ xarici maşını olan yerli futbolçularmı? Gücü bir hissə oynamağa çatanlarmı? “Qarabağ” fasilədən sonra oynamadı. Daha dəqiqi, oynaya bilmədi. Yox, heç də məsələ “Zimbru”nun rəqibinə oynamaq üçün imkan verməməsində deyil. Sadəcə, ağdamlılar özləri moldavanlara istədiyini etməyə şərait yaratdı. Güclərinin tükənməsi ilə. Və artıq 53-cü dəqiqədə Kirilovun hesabı bərabərləşdirməsi tam qanunauyğun idi. Bu qol matçın taleyinin əlavə vaxtda həll olunacağına işarə idi. Hər halda “Qarabağ”ın tükənməkdə olan oyunçuları “Şəfa”nı dolduran azarkeşlərin ümidlərinin 90 dəqiqənin tamamınadək ölməməsi üçün “sürünəcəkdi”. Belə də oldu. Ancaq olmaya da bilərdi. Frantsuz əsas vaxtın sonlarında iki yüzfaizli qol epizodunu boşa verməsəydi, biz də heç stadionda o qədər yubanmazdıq. Əsas vaxtın sonuna kimi Allah “Qarabağ”ı qorudu. Sonra... Özümüzü aldatmayaq, möcüzə baş verməyəcək ...Amma hələ də ümidlərimiz tam ölməmişdi. Bircə şeyi bilirdik: əlavə vaxtda qol vuran komanda mərhələni adlayacaq. Bu komanda niyə də “Qarabağ” olmasın? Bəlkə oyunun taleyini penaltilər müəyyənləşdirəcək? Yox, bu həmin məqamda arzuolunmaz idi. Sonra penaltilərə də şükür deyəcəkdik. Bu həmin sonra idi ki, 101-ci dəqiqədə Balaşa da topu Kirilov kimi Cahangir qoruduğu qapıdan keçirib oyundaşlarının ağuşuna atılacaqdı. Bax elə həmin anda, Balaşanı oyundaşları qucaqladığı, Həsənzadə topu məyus halda tordan çıxaranda “Qarabağ” üçün hər şey bitdi. Ağdamlılar ümumi hesabı xeyrinə dəyişmək üçün iki qol vurmalı idi. Bu isə mümkün deyildi. Möcüzə baş verməyəcəkdi. “Qarabağ”ın futbolçularında azarkeşlərini sevindirmək üçün zərrəcə güc qalmamışdı. Sonradan meydana daxil olan Xaliq Mərdanovla Müşfiq Hüseynovdan da nəsə gözləmək yersiz idi. Gənclik adlı odu sönüb külüylə oynayan bu veteranlara da bir məsləhətimiz var: artıq getmək vaxtınızdı. Yerli futbolçulara yer verməniz üçün yox, legionerlərə yol açmanız üçün. Bu da taleyin gərdişidi: ölkə ku bokunun “Şəfa”da keçirilən finalında qazandığı qələbəylə şübhələrə yol açan “Qarabağ”ın avrokubok macərəsana da baxın, “Karvan”a da. Nə bilmək olar, bəlkə bu haqqın yerini tapmasıdı.

Paylaş