Gülə - Gülə, Vaqif! Cavadov yola salındı...FOTOQALEREYA

single-news
14 Yan 2010

Gülə - Gülə, Vaqif! Cavadov yola salındı...FOTOQALEREYA



Gerçəkləşdi. `Qarabağ` Futbol Klubunun uzaqgörən siyasətinin bəhrəsi olaraq Azərbaycan müstəqillik tarixinin ən böyük uğuru reallaşdı. `Qarabağ`ımızın gənc üzvü Vaqif Cavadov artıq dünyanın ən güclü çempionatlarından olan Hollandiya erediviziyasının lideri `Tvente`nin üzvüdür. Bu məqsədlə `Azersun Holdinq` şirkətlər qrupunun mədəniyyət mərkəzində mərasim keçirilib. Tədbirə klubumuzun vitse-prezidenti Tahir Gözellə yanaşı AFFA-nın vitse-prezidenti Rauf Əliyev, baş katibi Elxan Məmmədov, Reginoal Futbol federasiyasının prezidenti İsgəndər Cavadov, yazıçı Aqil Abbas, Azərbaycan yazıçılar ittifaqının katibi Rəşid Məcid, futbol vetereanı Oqtay Abdullayev, Füzuli Cavadov, `Qarabağ`ın təsisçilərindən Adil Nadirov və başqa tanınmış futbol adamları, ziyalılar və təbii ki, ölkənin Kütləvi İnformasiya Vasitələri iştirak edib.

Tədbirdə ilk olaraq  Vaqif Cavadovun `Qarabağ`ımızın heyətində vurduğu qolların yer aldığı videoçarx qonaqlara nümayiş etdirilib. Görüntülər zamanı mərasim iştirakçılarının alqışlarına səbəb olub. Vaqif Cavadov isə tədbirə `Tvente`nin idman formasında qatılıb.

***

İlk olaraq bu transferin reallaşmasında əsas söz sahibi `Qarabağ`ın vitse-prezidenti Tahir Gözəl öz ürək sözlərini paylaşıb. Tahir bəy Cavadova uğurlar arzulayıb: `Vaqif, sənə uğurlar arzulayırıq. `Tvente`də də başarılı olacağına inanırıq. Ürəyimiz hər zaman səninlə olacaq. Sən hər zaman bizim Vaqif olaraq qalacaqsan. Sənin yetişməyində əməyi olanların hər birinə təşəkkür edirəm. Sənin istənilən uğurun `Qarabağ`ın uğuru olacaq.`

***

AFFA-nın vitse-prezidenti Rauf Əliyev isə çıxışında Vaqifə AFFA-nın prezidenti Rövnəq Abdullayevin də təbrikini çatdırıb:` Futbolumuzun günü-gündən inkişaf edir. Vaqifin transferi inanıram ki, gələcəkdə futbolumuzun inkişafına böyük təkan olacaq. `Qarabağ` rəhbərliyinin düzgün siyasəti Vaqifin `Tvente` kimi məşhur kluba transferini reallaşdırdı`.

***

Vaqifi AFFA-nın baş katibi Elxan Məmmədov da təbrik edib. Məmmədov Cavadovun “Tvente”yə keçidini futbolumuzun ən böyük transferi adlandırıb: “Bu, futbol tariximizin ən böyük transferidir. Vaqif Cavadovun `Tvente` kimi kluba keçməsində `Qarabağ`ın da böyük əməyi var`.  İnanırıq ki, Vaqif Avropaya gedəcək sonuncu futbolçumuz olmayacaq`.

***

Və nəhayət, çıxış etmək növbəsi səbəbkara çatdı. Vaqif Hollandiyada təkcə özünü deyil, bütün Azərbaycanı təmsil edəcəyini bildirdi: "Bu səviyyə çatmağıma görə "Qarabağ"a təşəkkür edirəm. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər. Bundan sonra da yetişəcəyinə inanıram. "Tvente"də təkcə özümü deyil, "Qarabağ" və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm. Bu da məsuliyyətimi artırır. Söz vermişdim ki, Azərbaycanda sadəcə `Qarabağ`da oynayacam. Və klubu dəyişəsi olsam mütləq Avropaya gedəcəm. `Qarabağ` adına görə çempion olmağa həm də ən yaxşısına layiqdir.`

***

Daha sonra Vaqifin əmisi, veteran futbolçumuz İsgəndər Cavadov çıxış etdi: `Mən Vaqifə `Tvente`də uğurlar arzulayıram. Orada da uğur qazanacağına inanıram. Vaqifin bu səviyyəyə çatmasına görə onun atasına, doğma qardaşım Füzuliyə təşəkkür etmək istəyirəm. Sağ olsun ki, 8 yaşında Vaqifi Azərbaycandan apardı`. Onun nə əziyyət çəkdiyini bilirəm. Yadıma gəlir ki, Vaqif Azərbaycana gələndə heç kim onu bəyənmirdi.   Amma `Qarabağ` rəhbərliyi Vaqifə sahib çıxdılar.`

***

Millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru, `Qarabağ`ın sadiq azarkeşi Aqil Abbas isə çıxışında Ağdam klubunun ağır günlərindən, eləcə də qazandığı uğurlardan bəhs etdi. A.Abbas Vaqifin Hollandiyada ölkəmizi layiqincə təmsil edəcəyinə və daha böyük uğurlar qazanacağına inandığını bildirdi.   

***

Aqil Abbasın ardınca daha bir ziyalı, `525-ci qəzet`in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edib: `Mən də öz növbəmdə Vaqifi `Tvente`yə transfer olunması münasibətilə təbrik edirəm. Bu, təkcə futbol yox, həm də siyasi bir aksiyadır. `Qarabağ` yayda avrokuboklarda böyük uğurlar qazandı. Arzum budur Vaqif `Tvente`də hər bir oyuna döyüşə çıxırmış kimi köklənsin və öz gözəl oyunu, vurduğu qollarla Qarabağın Azərbaycana məxsus olduğunu bir daha yaddaşlara həkk etsin”. 

***

`Qarabağ`ımızın uşaq futbolu üzrə məsul şəxs olan Həmdi Serpil Tüzün isə Vaqifə özünə inanmağa çağırdı:` Təbii ki, `Qarabağ` yayda sübut etdi ki, futbol oynamağı bacarır. Vaqif özünə inanmalıdır. Özünə güvənsən rahat oynayacaqsan. Təbii ki, əsas məqsədimiz Vaqifin ardınca başqa Vaqifləri yetişdirməkdir.`

 

***

Sonda isə Vaqifin atası, futbol veteranı Füzuli Cavadov danışdı:` Vaqifi heç vaxt özümdən ayırmamışam. İnan ki, Vaqif elə bil mənim deyil `Qarabağ`ın övladıdır. Ona elə diqqətlə yanaşdılar ki. Mən dil bilmirəm. `Qarabağ` rəhbərliyi öz əzizlərini `Tvente`yə əmanət etdilər.`

 

***

Ardınca yenidən söz alan Vaqif `Tvente`də 7 nömrəni seçməsi və komandadakı məqsədi barədə danışıb: `Qarabağ`da olduğu kimi 20 nömrəni seçmək istəyirdim. Lakin bu nömrəni hazırda başqa bir futbolçu daşıdığından, 7-ni seçdim. Yaxın günlərdə ölkəmizi tərk edirəm. `Tvente`də yalnız bir məqsədim var - əsas heyətə düşmək`.    

 

Tədbirdən maraqlı anlar  - FOTOQALEREYA bölümündə... 

 

                                  

 

 

Paylaş

// pop up