GÜNÜN PLANI DƏYİŞDİ
GÜNÜN PLANI DƏYİŞDİ
“Gənclərbirliyi” ilə qarşılaşmaya 3 gün qalıb. Bazar günü keçiriləcək XX turun hazırlığına davam edən komandamız xəbər verdiyimiz kimi bu gün 2 məşq keçməyi planlaşdırırdı. Proqram üzrə adətən həftənin 2 gününü (2-ci və 4-cü günlər) 2 hazırlıqla keçirən komandamız günü tək idmanla məhdudlaşdıracaq. Belə ki, səhər bazada ağırlıqqaldırma salonunda məşq keçirilməsi planlaşdırılsa da, komanda səhər Suraxanı qəsəbə stadionuna yollanıb. Ağırlıq məşqi isə keçirilməməsi və meydanda çalışmağa üstünlük verilib.
Səbəbi isə toplantı ilə əlaqədardır. Məlum olduğu kimi, bu gün AFFA-da milli komandanların hazırlığı ilə əlaqədar klubların baş məşqçilərinin iştirakı ilə iclas keçiriləcək. Komandamızın baş məşqçisi Rasim Kara tədbirə qatılacağından məşqdə iştirak etməyi vacib sayıb.
Bu arada hər zaman olduğu kimi, komandamız oyuna 2 gün qalmış “kampa girəcək”. Bazar günü Sumqayıtda keçiriləcək oyuna qədər komanda bazada qalacaq. Oyunun saat 16:00-da keçiriləcəyini də nəzərinizə çatdıraq.