GÜRCÜSTAN YIĞMASININ OYUNÇUSU “QARABAĞ"DA (HET-TRİK, 09.01.2006)

single-news
9 Yan 2006

GÜRCÜSTAN YIĞMASININ OYUNÇUSU “QARABAĞ"DA (HET-TRİK, 09.01.2006)



İkinci dövrəyə Böyükağa Ağayevin rəhbərliyi altında başlayacaq "Qarabağ" üç gündür istirahətdən qayıdıb. Gündəlik çalışmalarla kifayətlənən ağdamlılar yanvarın 11-dən təlim-məşq toplanışına yığışacaq. Baş məşqçi Böyükağa Ağayev hələ ki heyətdə elə bir dəyişiklik etməyib. Komandanın düşərgəsində 14-15 futbolçu var. Əvəzedici heyətin bəzi üzvləri də hazırlıq prosesində iştirak edir. Yalnız Azər Cabbarov istisnadır. O, artıq "Turan"la anlaşıb. "Qarabağ"lıların gündəmində isə kifayət qədər oyunçu var. "Bakı"dan Paşa Əliyev, "Olimpik"dən Elşən Qəmbərov, "Ədliyyə"dən Şəhriyar Mürsəlzadə, Seymur Kərimov, MOİK-dən Elnur İmanquliyev, Namiq Adilov, "Turan"dan Rüfət Quliyev, "Simurq"dan Azər Bağırov, Elman Sultanov, Samir Məmmədov, "Gənclərbirliyi"dən Qoderdi Qoqoladze, "Xəzər-Lənkəran-2"dən Elnur Qəmbərov və "Şahdağ"dan Pərvin Mədətov ağdamlıların maraq dairəsindədir. Kluba bir neçə legioner də təklif olunub ki, onların da arasında əvvəllər Azərbaycanda oynamış iki futbolçuya rast gəlmək mümkündür. Sabiq "Karat"lı, hazırda isə Moldova "Politexnika"sının şərəfini qoruyan Gennadi Angel və gürcüstanlı Kaxaber Cebisoşvili bu siyahıda yer alır. Futzal klubu "Şərur"un formasını geyinən nigeriyalılar - Oven və İfeani Aquzye də "Qarabağ"ın formasını geyinə bilər. Amma sözsüz ki, bu imkanı qazanmağa ən real namizəd Mamuka Tseretelidir. O, əvvəllər Gürcüstan millisinin də şərəfini qoruyub. 1979-cu ildə Tbilisidə anadan olan futbolçunun boyu 185 sm, çəkisi 80 kq-dır. Universal müdafiəçi hələ yeniyetməykən ölkəsinin 16 yaşına qədər futbolçulardan ibarət yığmasında çıxış edib. Daha sonra U-18 və U-21-də forma geyinən oyunçu əsas yığmada 10 görüşdə meydana çıxıb. 26 yaşlı müdafiəçi Gürcüstanın bir nömrəli komandasına cəlb olunanadək digər yaş qrupları üzrə millilərdə kapitan sarğısını daşıyıb. 19 yaşında yığmada oynamaq imkanı qazanan Mamuka bu şərəfə nail olan ən gənc oyunçudur. Ümumilikdə, o, beynəlxalq arenada 33 görüşdə meydana çıxıb və rəqib qapılarına yeganə qolunu olimpiyaçıların heyətində vurub. Tseretelinin klub karyerası da xeyli zəngindir. Əvvəlcə birinci divizionda çıxış edən "Algeti"də özünü göstərən müdafəçi ardından Tbilisi "Dinamo"sunun əvəzedici heyətində qüvvəsini sınayıb. Bundan sonra onun 6 illik legioner həyatı başlayıb. Bu müddətdə Latviyanın "Ventspils" (1997/98), "Skonto"(1998/99), Rusiyanın "Alaniya" (1999/01), Belçikanın "Lyers"(2001/02) və Cənubi Kiprin "Salamina" klublarının ( 2002/03) heyətində forma geyinən Mamuka növbəti il vətəninə qayıdaraq, Tbilisi "Dinamo"suna yardımçı olub. Tsereteli 2004-ci ildən indiyə qədər İran "Saba Batra"sının uğuru üçün çalışıb. Karyerası boyunca 9 qol vuran Mamuka xeyli titula malikdir. 1999-cu ildə Latviya çempionu adını qazanan futbolçu eyni zamanda "Birlik Kuboku"nun qalibidir (2004). Həmin il Gürcüstan birinciliyində eyni uğuru təkrarlayan Mamuka, eyni zamanda ölkə kubokunu başı üzərinə qaldırmağa müvəffəq olub. Onun "Qarabağ"a keçidini həll etmək üçün meneceri Levon Kipiani artıq Bakıya gəlib. Ağdam klubu Tsereteliylə anlaşmaq üçün 70-80 min dollar ödəməlidir.

Paylaş

// pop up