Hakan DƏMİR“Biz "Zimbru"dan daha güclüyük" (hettrik, 23.07.2006)

single-news
23 İyl 2006

Hakan DƏMİR“Biz "Zimbru"dan daha güclüyük" (hettrik, 23.07.2006)



Türkiyəli Hakan Dəmirin "Qarabağ"la müqavilə bağlaması artıq hamıya məlumdur. UEFA kubokunun ilkin təsnifat mərhələsinin "Zimbru"yla ilk oyununda yüksək səviyyədə çıxış edən Hakan "Qarabağ"ın yeganə qolunun assistenti kimi də yadda qaldı. Həmin oyunöncəsi Dəmirin qəzetimizdə müsahibəsi getmişdi. Amma həmin dialoq "Qarabağ"ın internet saytından götürüldüyündən biz istədiyimiz kimi ətraflı deyildi. Bu dəfə Türkiyə futbolunda kifayət qədər tanınan yarımmüdafiəçiylə özümüz söhbətləşdik. "HƏR ŞEY İSTƏDİYİM KİMİ ALINMADI" - "Qarabağ"a gəlişin necə alındı? - Menecerlərlə işləyirdik. Onlardan biri mənimlə əlaqə saxlayıb, komandanın Türkiyədə olduğunu dedi. Və "Qarabağ"a gedərsənmi" söylədi. Mən dedim "ola bilər". Gəldim hər şeyi gördüm. Çox yaxşı komandadır. - Komandaya gəlişindən bir neçə gün sonra "Zimbru"yla oyuna çıxdın. Bu, çətinlik yaratmadı? - Yaxşı oyun oldu. Komanda kimi gözəl oyun nümayiş etdirdik. Mənə görə hər şey əla keçdi. 1:0 uda da bilərdik. Son 6-7 dəqiqədə qapımızda qol görsək də, yaxşı nəticə göstərdik. Nəzərə almalıyıq ki, səfərdə oynayırdıq. - Öz oyunundan necə, razı qaldın? - Normal alındı. Ancaq tam hazır deyiləm. Türkiyədə komandalar təlim-məşq toplanışına yeni-yeni start götürür. Amma burada UEFA kubokuna görə hər şey tez başlayıb. Demək olar ki, yüzdə 40-50 faiz hazıram. Buna baxmayaraq, əlimdən gələni etdim. Ancaq hər şey istədiyim kimi alınmadı. "TUR ADLAYAN TƏRƏF "QARABAĞ" OLACAQ" - Səncə, "Zimbru"nu keçə biləcəksiniz? - Komanda olaraq biz "Zimbru"dan daha güclüyük. Məğlub etmək çox önəmli deyil. Burada daha vacib olan şey tur adlamaqdır. İnanıram ki, tur adlayan tərəf "Qarabağ" olacaq. Bir az zədəlilərimiz var. Bunlar oyuna kimi həll olunsa, hər şey biz istəyən kimi olacaq. - Deyilənə görə, komandaya qoşulanda fiziki göstəricilərin aşağı olub. Özün də dedin ki, "Zimbru"yla oyuna tam hazır deyildin. Bəs indi vəziyyət necədir? - Tam hazır olmadığımı bayaq dedim, indi də təkrarlayıram. Meydanda 60-70 dəqiqə oynaya bilərəm. - Bura gəlməmişdən öncə Azərbaycan futbolu haqda nə bilirdin? - Ancaq yığmanız haqda məlumatım vardı. Oyunlarına da baxmışdım. Bundan başqa, "Kayserispor"da oynayan Rəşad Sadıqov adlı futbolçunuz da var. Bunlardan başqa, elə bir məlumatım yox idi. - Bəs "Qarabağ" haqda nəsə eşitmişdin? - Heç nə bilmirdim. - Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal olunması haqda məlumatın vardı? - Onu bilirəm. Sadəcə, klub haqda nəsə eşitməmişdim. Bilirəm ki, Qarabağ erməni işğalı altındadır. Buna hər kəs üzülür. - Bilirsən ki, məhz buna görə "Qarabağ"a azarkeşlik edənlərin sayı daha çoxdur? - Məlumatım var. Mənə bu barədə danışıblar. - Vacib oyun öncəsi komandada ab-hava necədir? - Komandanın durumu yaxşıdır. Hamı matça hazırdır. Səfərdən yaxşı nəticəylə döndüyümüzə görə indi futbolçularda özünəinam hissi daha çoxdür. Buna görə də inşallah, yaxşı sonluq əldə edə biləcəyik. "MƏŞQÇİYƏ QİYMƏT VERMƏK FUTBOLÇUNUN İŞİ DEYİL" - Komanda yoldaşlarından hansılar sənə daha yaxşı təsir bağışlayır? - Hamısı özünə görə yaxşı futbolçudur. Amma istedadlı olaraq soruşsaz, deyə bilərəm ki, Romal, Samir, Sergey, Aslan və üç gənc futbolçu var ki, onlar əla oyunçulardır. Çoxu istedadlıdır. - Məşqçi haqda nə deyərdin? - Tez-tez toplantılar təşkil edir, davamlı olaraq söhbətlər edirik. Çox gözəl məşqçidir. Məşqçiyə qiymət vermək futbolçunun işi deyil. Deyə bilərəm ki, yaxşı komanda hazırlayır. - Türkiyə klublarının məşq prosesiylə bizimkilər arasında fərq var? - Türkiyə futboluyla buradakı futbolu fərqləndirmək lazım deyil. Hər kəsin iki ayağı, iki görən gözü, bir fikirləşən beyni var. Futbolda əvəzedici heyətin olması çox önəmlidir. Azərbaycanda əvəzedici heyət problemi var. Meydan da yoxdur. Eləcə də baza. Türkiyədəkindən fərqli olaraq, Azərbaycanda bunlar olmasa da, futbolçular arasında elə böyük fərq yoxdur. Demək olar ki, məşq prosesləri də eynidir. - Azərbaycana gəlməklə qarşına hansısa məqsəd qoymusan? - Qarşımda heç bir məqsəd yoxdur. Sadəcə, başarılı olub baxımlı futbol oynamaq istəyirəm. Bayaq dediyim kimi, əlimə şans düşdü ki, ölkə xaricində də özümü sınayım. Mən də buna razılıq verdim. "BURADA OYNAYAN FUTBOLÇULAR ORA GEDİB BAŞQA ŞEYLƏR DANIŞIRLAR" - Azərbaycanda oynayan futbolçulardan və işləyən məşqçilərdən kimləri tanıyırsan? - Oktay Dərəlioğlunu və Dəniz Kolqunu tanıyıram. Oktayla milli komandalarda bir yerdə oynamışıq. Əsas millidə onunla oynaya bilməsəm də, gənclər yığmasında bir yerdə çıxış etmişik. Məşqçilərə gəldikdə isə, Rasim Karayla Hamdi Serpil Tüzünü tanıyıram. Serpil Tüzünlə millidə bir yerdə çalışmışıq. Onu da bilirəm ki, Oktay burada yaxşı oynayıb və qollar da vurub. - "Qarabağ"a gəlməmişdən öncə onlardan bu barədə məsləhət almamışdın? - Yox, heç kimdən heç nə soruşmadım. - Klubun rəhbərliyi Türkiyədən olan iş adamlarıdır. Bura gəlməyində bunun rolu oldu? - Yox, bunun heç bir əlaqəsi yoxdur. Sadəcə, legioner həyatı yaşamaq fikrində idim. Klubun himayədarlarının Türkiyədən olduqlarını heç bilmirdim. - Adətən, türkiyəli futbolçular Azərbaycan çempionatında oynamaqdan imtina edirlər. Deyirlər burada futbolun səviyyəsi aşağıdır. Bununla razısan? - Bu "gəlmək istəmirlər" demək deyil. Bilirsiz necədir, burada oynayan futbolçular ora gedib başqa şeylər danışırlar. Məsələ budur. Bəlkə Oktay gedib deyir ki, "Azərbaycanda futbol yaxşı deyil"? Ancaq belə şeylərə görə ola bilər. Gəldim hər şeyi öz gözlərimlə gördüm. Yalnız meydan problemləri var. Bilmirəm 7 il sonra nə fikirləşəcəm. Ancaq indiki düşüncələrimə əsasən deyə bilərəm ki, burada hər şey yaxşıdır.

Paylaş