Hakimin hesabı - 1:1 (FUTBOL+, 18.02.2006)

single-news
18 Fev 2006

Hakimin hesabı - 1:1 (FUTBOL+, 18.02.2006)



“Neftçi” ilk yarının sonunda hesabı açarkən qolun ofsayddan vurulduğu deyildi. Əslində Boretsin toxunuşundan sonra top Subaşiçə düşərkən o ilk olaraq irəli getmədi və ofsaydda olduğunu düşündü. Ancaq yan xətt hakimi Elman Musayevin bayrağını qaldırmaması Subaşiçin topla irəliləyərək onu tora qovuşdurmasıyla nəticələndi. Birinci hissənin son dəqiqəsində buraxılan qoldan təsirlənən “Qarabağ”ın oyunçuları öz etirazlarını bildirsə də, bunlar faydasız idi. Bu şübhəli qola oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Ağayev toxundu. “Qarabağ”ın baş məşqçisi həmin qolun ofsayddan vurulduğundan şübhələnərək videokasetə baxdıqdan sonra buna əmin olmaqla AFFA-ya öz etirazlarını bildirəcəklərini söylədi. Dünən artıq klubun rəsmi saytında bu haqda bəyanat yer almışdı. Matçda hakim “Neftçi”nin də əleyhinə işlədi. Belə ki, ikinci yarıda Vasif Haqverdiyevin yerə yıxdığı Vadim Boretsə simulyasiyaya görə sarı vərəqə verildi. Halbuki bu epizodda penaltini təyin edilməsini gözləmək olardı. Bununla da Borets artıq ikinci dəfədi ona qarşı qayda pozuntusu olduğu halda, simulyant kimi sarı vərəqəylə “mükafatlandırılır”. Xatırladaq ki, ilk dövrədə “Neftçi”nin “Olmipik”lə ev oyununda cərimə meydanında arxadan sürüşmə fəndinin nəticəsində yerə yıxılan Vadimin simulyasiya etdiyi qənaətinə gələn baş hakim Babək Quliyev ona sarı vərəqə göstərmişdi. Onu da qeyd edək ki, “Neftçi”nin moldovalı yarımmüdafiəçisini Vüsal Əliyev artıq ikinci dəfədi şübhəli sarı vərəqəylə cəzalandırır. Xatırladaq ki, “İnter”lə elə mərkəzi arenada keçirilən matçda Əliyevin Boretsə göstərdiyi sarı vərəqə düzgün sayılmayaraq sonradan ləğv olunmuşdu. Bu isə Vadimin cəzalı durumundan qurtularaq “Xəzər-Lənkəran”la səfər matçında meydana çıxmasına imkan yaratmışdı. Bəyanata gəlincə, ağdamlılar oyunun videoyazısına AFFA rəsmiləriylə birgə baxdıqlarını və qolun ofsayddan vurulduğuna əmin olduqlarını bildirir. Həmçinin qeyd olunur ki, “Gənclərbirliyi”ylə oyunun ardınca artıq ikinci dəfədi Vüsal Əliyevin idarə etdiyi matçda “Qarabağ”a qarşı haqsızlıq edilir. Bu üzdən əyalət təmsilçisi onun “Qarabağ”ın oyunlarına təyin edilməməsini istəyir. Ağdamlılar Boretsə vərəqənin də yersiz verildiyini vurğulayır. Hakimlərin inkişafında maraqlı olan və bu səbəbdən xüsusi fonda pul köçürən “Qarabağ” rəsmiləri belə haldan təəssüfləndiyini bildirir.

Paylaş

// pop up