HAMDİ SERPİL TÜZÜN: "BİZ "QARABAĞ"LA AZƏRBAYCAN FUTBOLU NAMİNƏ İŞLƏR GÖRMƏK İSTƏYİRİK" (ÜÇ NÖQTƏ, 22 FEVRAL, 2005)

single-news
22 Fev 2005

HAMDİ SERPİL TÜZÜN: "BİZ "QARABAĞ"LA AZƏRBAYCAN FUTBOLU NAMİNƏ İŞLƏR GÖRMƏK İSTƏYİRİK" (ÜÇ NÖQTƏ, 22 FEVRAL, 2005)



"Qarabağ"ın türkiyəli məşqçisi Hamdi Serpil Tüzün klubun rəsmi internet səhifəsinə qısa müsahibə verib. Qeyd edək ki, təcrübəli məşqçi Türkiyədə bir çox uğurlara imza atıb. 1972-ci ildə baş məşqçi diplomu almış türkiyəli mütəxəssis 1992-94-cü illər arasında Türkiyənin gənclərdən ibarət milli komandasına uğurlar qazandırıb. O, bundan başqa Türkiyənin bir çox nüfuzlu klublarında, o cümlədən "Beşiktaş"da məşqçilik karyerasına malikdir. Türk mütəxəssisin müsahibəsinin əsas hissəsini diqqətinizə çatdırırıq: - Azərbaycan haqqında təəssüratınızı bölüşdürərdiniz. - Azərbaycana ilk olaraq 90-cı ilin əvvəllərində gəldim. Məqsədim burada futbolun hansı vəziyyətdə olduğunu öyrənmək idi. O zaman Azərbaycan hələ UEFA-ya daxil deyildi. Sonradan UEFA-nın vitse-prezidenti Şenes Erzikin də köməyi ilə bu istək reallaşdı və əlaqələrimiz daha da artdı. - O zamanla bu günün fərqi barədə nə deyə bilərsiniz? - Mən Azərbaycan futbolnun inkişafını ilbəil izləyirdim. Çünki hər il biz gənc milli komandalar arasında dostluq matçları təşkil edirdik. Artıq bir aydır ki, Azərbaycandayam. "Qarabağ" komandası vasitəsilə ölkə futbolunu yaxından izləmək imkanı əldə etmişəm. Gənc oyunçularda olan potensialı görüb, yaxşı nəticələrə çatacağımızı düşünürəm. - "Qarabağ"lı olduqdan sonra ilk səfərinizi Ağdama etmək təşəbbüsünü irəli sürdünüz... - Bu mənim içimdən gələn bir istək idi. Oradakı insanların bizə qucaq açmalarını, bizimlə isti ünsiyyət qurmalarını heç vaxt yadımdan çıxarmayacağam. Azərbaycandakı insanlara vuruldum. Orada həmçinin "Qarabağ-2" komandası və Ağdam kəndlərinin yaratdığı komanda ilə dostluq matçı da təşkil etdik. Ağdamda da uşaqların böyük potensialının olduğunu gördüm. - Siz gələndə "Qarabağ"ın uşaq futbolunda durum necə idi? - 17, 15 və 12 yaşlılardan ibarət komanda mövcud idi. Amma mən buradakı potensialın daha böyük olduğunu düşünürəm. Ona görə də seçmələr edəcəyik. İlkin olaraq Bakıda bu seçmələri aparacağıq. Düşünürəm ki, aprel-may aylarında da rayonlara səfər edib, oradakı perspektivli uşaqlar arasında baxış keçirəcəyik. - Bəs Azərbaycan futbolunun gələcəyini necə görürsünüz? - Buradakı potensialı görüb əminliklə deyə bilərəm ki, çox şeylər gözləyirəm. Burada futbola böyük maraq var. İnkişafa dəstək verilir. Biz də "Qarabağ" olaraq Azərbaycan futbolu adına işlər görmək, mövcud potensialı uyğun istiqamətə yönəltmək istəyirik.

Paylaş