Heç-heçələr həftəsi (525-Cİ QƏZET, 06.12.2005)

single-news
6 Dek 2005

Heç-heçələr həftəsi (525-Cİ QƏZET, 06.12.2005)



Həftə sonu futbol üzrə ölkə çempionatında 11-ci turun oyunları keçirilib. Baş tutan 7 görüşdən 6-sı heç-heçə başa çatıb. Yalnız öz meydanında "MKT-Araz"ı qəbul edən "Karvan" qələbə qazana bilib. Turu yalnız yevlaxlılar 3 xalla başa vurduğundan sanki bütün komandalar "Karvan"ın uğuru üçün çalışıb. Turun mərkəzi qarşılaşmasında "Bakı" sonuncu ölkə çempionu "Neftçi"ni qəbul edib. Görüşdən əvvəl hərəyə 19 xalla dördüncü-beşinci yerləri bölüşdürən paytaxt klublarının görüşündə qalib müəyyənləşməyib. Qarşılaşmaya nominal qonaqlar fəal başlasalar da ilk qol "Bakı"dan gəlib. 28-ci dəqiqədə Andrey Ştoltsers penaltini dəqiq yerinə yetirib. 10 dəqiqə sonra müdafiəçilərin mövqe səhvindən yararlanan Nadir Nəbiyev hesabı bərabərləşdirib. Bu epizodda flaqmanın digər hücumçusu Tomislav Mişura da gözəl oynayıb. Birinci hissə 1:1 yekunlaşıb. Fasilədən dərhal sonra Marius Suleapı meydana buraxan Əsgər Abdullayev dərhal bunun xeyrini görüb. Rumın yarımmüdafiəçinin başladığı hücumu Yaşar Abuzərov dəqiq zərbə ilə tamamlayıb. Qoldan sonra meydanda mübarizə daha da kəskinləşib. Hücuma daha çox meyl edən "Neftçi" olsa da "zolaqlılar"ın da fərqlənmək üçün yetərincə şansı olub. Flaqman istəyinə yalnız final fitinə 7 dəqiqə qalmış çatıb. Matçın baş hakimi Rövşən Əhmədov bu dəfə "Bakı"nın qapısına penalti təyin edib. Mişura şansını qaçırmayıb - 2:2. Qarşılaşma elə bu hesabla da başa çatıb. Yevlaxda yerli "Karvan" "Turan"ı qəbul edib. "Gəncə"yə məğlub olduqdan sonra ardıcıl iki oyunda 3 xal qazanan Yevlax klubu qələbə seriyasını bu dəfə də davam etdirib. Komandanın "vuran ayağı" Yakuba Bamba ilk hissənin son dəqiqəsində vurduğu qolla "Karvan"ı növbəti dəfə qələbəyə daşıyıb. Ortababların görüşü - "Şahdağ" "MKT-Araz" qarşılaşması da heç-heçə nəticələnib. Baxmayaraq ki, artıq üçüncü dəqiqədə meydan sahibləri Rahid Əmirquliyevin qolundan sonra hesabda önə keçmişdilər. Lakin İmişli komandası erkən qoldan özünü itirməyib. 21-ci dəqiqədə hesabı bərabərləşdirən Saşa Yunisoğlu həm də matçda son nəticəni müəyyənləşdirib. Qazaxda keçirilən autsayderlərin oyununda da "sülh"süz keçinmək mümkün olmayıb. Maraqlıdır ki, görüşün baş hakimi Emil İsgəndərov 3 dəfə penalti növqtəsini göstərib. Əvvəlcə 42-ci dəqiqədə OMİK-dən Ramazan Abbasov hesabı açıb. 69-cu dəqiqədə İsgəndərov bu dəfə qonaqların qapısına penalti təyin edib. "Göyəzən"li Ülfət Mədətovun zərbəsi dəqiq olub - 1:1. Ancaq bununla kifayətlənməyən referi 4 dəqiqə sonra "Göyəzən"in qapısına daha bir penalti təyin edib və R.Abbasov bu dəfə də dəqiq oynayıb. Məğlubiyyətlə heç cür barışa bilməyən meydan sahibləri 78-ci dəqiqədə Qani Anifomoşenin sayəsində hesabı bərabərləşdirə biliblər. Daha bir maraqlı məqam ikinci oyun günündə baş tutan hər üç görüşün qolsuz başa çatmasıdır. Çempionatın lideri "İnter" "Olimpik"in qonağı olub. 90 dəqiqə ərzində hər iki tərəfin fərqlənmək üçün xeyli şansı olsa da tablodakı "sıfır"lar dəyişməz qalıb. "İnter" kimi öz meydanında "Gənclərbirliyi"ni sınağa çəkən "Xəzər-Lənkəran" da 0:0-dan yan qaça bilməyib. Bununla da cənublular komandaya müvəqqəti rəhbərlik edən Şenol Fidanın debütünü qələbə ilə qeyd edə bilməyiblər. "Gəncə" Şahin Diniyev yığma komandanın baş məşqçi postuna təyin olunandan sonra ilk oyununa çıxıb. "Qarabağ"ın qonağı olan qərblilər Şahin bəyi sevindirə bilməyiblər - 0:0.

Paylaş