Hər iki qonaq "üç xal" deyir (FUTBOL+, 01.10.2005)
1 Okt 2005
Hər iki qonaq "üç xal" deyir (FUTBOL+, 01.10.2005)
"Xəzər-Lənkəran" ötən mövsüm vitse-çempion olmuşdusa, "Qarabağ" 31 tur liderlik etmişdi. Maraqlıdı ki, həm cənublular, həm də ağdamlılar qızıl medalları çempionatın son turlarında itirmişdilər. "Qızıl oyun"da yenilən "Xəzər-Lənkəran"ı bu uğurdan "Neftçi" məhrum etmişdisə, "Qarabağ"ı məhz sabahkı rəqibi böyük hesabla (3:0) məğlubiyyətə uğratmışdı. O vaxt çoxları həmin oyunun satıldığını güman edirdi. Bu üzdən sabahkı mücadilənin qisas matçı olacağı düşünülürdü. Lakin dünən bizimlə söhbətdə "Qarabağ"ın baş məşqçisi Elxan Abdullayev artıq həmin hadisələrin unuldulduğunu söylədi. Oyunun ölüm-dirim mübarizəsi olacağı isə danılmazdı. "Ev" sahibi "Neftçi"ni büdrətsə də, ardıcıl iki oyunuydu məğlubiyyətlə barışmalı olub. Buna görə də Abdullayevin komandası necə olsa, bu matçda özünü doğrultmalıdı.
"Xəzər-Ləknəran"ın durumunun isə şərhə ehtiyacı yoxdu. Çempionat başlayandan cəmi bir dəfə qələbəyə sevinən cənublular özünəinam hissini qaytarmaq üçün bütün gücünü meydana qoymalıdı. Düzdü, Lənkəran klubu kubok oyununda uğursuzluq sindromunu qırmışdı. Amma bu çempion olmaq istəyən komandaya bir az inamdan başqa heç nə vermir. Sabahkı qarşılaşmada heç-heçə belə qonaqlara sərf etmir.
"Qarabağ"ın zədəliləri artıq problemlərini yoluna qoyduğu halda əks düşərgədə vəziyyət fərqlidi. Əsas heyət oyunçularından olan Kamal Quliyev, Füzuli və Xaqani Məmmədov qardaşları ürək yüklənməsinə görə meydana çıxa bilməyəcək. Kinqsli Atakora və Martin Stankovun forma geyəcəyi isə sual altındadı. Belədə komandanın müdafiə xətti problemli olduğundan əsas ağırlığın yarımmüdafiəyə düşəyəcəyini söyləmək olar.
Vüqar Nadirovun "18-liy"ə düşməsi maraqlı olardı. Keçən mövsüm "Qarabağ"ın şərəfini qoruyan yeganə ağdamlı ikinci dövrədə cənub klubunun heyətinə qatılmışdı. Buna görə də qarşılaşma onun üçün prinsipial matç ola bilərdi. Lakin Nadirov hazırda Lüksemburqda U-19-un düşərgəsindədi. Deməli, hücumçunu stadionda görə bilməyəcəyik.
Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Adi oyuna hazırlaşırıq. Meydana üç xal üçün çıxacağıq. Rəqibin güclü oyunçuları var. Matç çətin olacaq. Biz bu görüşü "ev oyunu" saymırıq. Çünki öz stadionumuz təmirdə olduğundan "Şəfa"nın meydanına çıxacağıq. "Neftçi"ylə heç-heçəni öz satdionumuzda əldə etmişdik. İndi isə özümüz də qonaq sayılırıq".
Nazim Süleymanov, "Xəzər-Lənkəran"ın baş məşqçisi: "Heyətlə bağlı problemlərimiz var. "Qarabağ" "Karvan"la matçda yaxşı oyun nümayiş etdirməklə zəif rəqib olmadığını göstərdi. Səfərdə oynayacağıq. Bununla belə əsas istəyimiz görüşdən qalib ayrılmaqdı. Əvvəlki turlarda çox xal itirdik. Buna görə də qələbə bizim üçün böyük əhəmiyyət daşıyır".