HƏR KƏS ÇEMPİONLUQDAN DANIŞDI

single-news
12 İyl 2008

HƏR KƏS ÇEMPİONLUQDAN DANIŞDI



“Qarabağ” Futbol Klubu Qızılcahamamda hazırlıqlarını davam etdirir. Bu gün səhər futbolçular trenajorda ilk məşqini keçiriblər. Axşam “Eskişehirspor”la matç olduğundan komandamız yaşıl sahədən istifadə etməyə lüzum görməyib. Bu arada komandamız səhər məşqindən sonra iclasda olub. “Qarabağ” Futbol Klubunun direktoru Əmrah Çelikelin də qatıldığı toplantıda bütün kollektiv iştirak edib. Sözə ilk başlayan da Əmrah bəy olub.  Öncəliklə, bütün futbolçuları salamlayan Direktor klub rəhbərliyinin də salamlarını futbolçulara çatdırdı. Emrah bəy klub rəhbərliyinin cari mövsüm komandanın qarşısına qoyduğu tələblərdən, məqsədlərdən geniş məlumat verdi. Tək hədəflərinin çempionluq olduğunu, başqa bir nəticə gözləmədiklərini bildirdi. Rəhbərliyin texniki heyətə və futbolçulara inandığını və onların bunu başaracağına ümid etdiyini xüsusilə qeyd etdi. Uğur üçün bir ailə olmağın əhəmiyyətini, problemlərin mümkün ola biləcəyini lakin qarşılıqlı anlaşma sayəsində hər şeyi çözə biləcəkləri bildirdi.

Ardınca isə komandanın baş məşqçisi Rasim Kara nitqə başladı. Rasim bəy komandanın yaratmış olduqları şəraitə görə  rəhbərliyə təşəkkür etdi. Təcrübəli mütəxəssis əzmlə çalışdıqlarını, qarşılarına qoyduqları məqsəd uğurunda böyük səbr və inamla addımlayacaqlarını bildirdi. Yaxşı heyət quracaqlarını, lazımi transferləri edib çempionluğu əldə edəcəklərini bildirdi.

Sonra Əmrah bəy istənilən problemi həll etmək üçün səmimi, eyni amal uğrunda bütünləşən bir ailə görmək istədiyini bir daha bildirdi. Bunun üçün rəhbərliyin hər bir şərait yaradacağını bildirdi.

Əmrah bəydən sonra söz alan komandanın fiziki hazırlığı üzrə koordinatoru Mehmet Ak çempionluq yolunun ötən mövsümün son matçında açıldığını bildirdi. Gənc mütəxəssisin fikrincə ötən birinciliyin son turunda “Olimpik”i inanılmaz şəkildə məğlub edən komandamız artıq mümkünsüzlüyü əldə etməyi öyrənib. Bu qələbədən sonra çempionluq daha rahatlaşıb.

 Toplantıda ən son olaraq komandanın kapitanı Aslan Kərimov danışdı. Təcrübəli futbolçu rəhbərliyə onlara göstərdiyi etimada görə təşəkkür edərək əllərindən gələnin ən yaxşısını edəcəklərini vurğuladı. Kapitanımız həmçinin futbolçular adında rəhbbərliyə çempionluq sözü verməyi də unutmadı. 

Paylaş

// pop up