«HƏSƏNAĞA SİNDROMU»
«HƏSƏNAĞA SİNDROMU»
VÜSAL ELAY
«İnsanın gümanı onun əqli qədərdir.»
İmam Əli (ə)
… «Bura bax, Rauf, noolar, atana de da! Gündə 50-60 «opreasiya» etmir? Adə 5-10 dənəsini də Güliçkaya versin də!». Yəqin xatırladınız. Bu sözləri «Göz həkimi» tamaşasında görkəmli aktyorumuz Yaşar Nurinin məharətlə yaratdığı Həsənağa professorun oğluna deyir. Qəlbi təmiz oğlandı Həsənağa. Elə diqqətinizə çatdırdığım cümlələrin arxasında da nə kin, nə də başqa bir murdar xislət gizlənmir. Sükan arxasında gününü keçirən gənc göz cərrahiyyəsinin incəliklərinə bələd deyil. O, sadəcə olaraq sevdiyi insana yaxşılıq etmək niyyətini güdür.
Ölkə çempionatı başa çatar-çatmaz mətbuatda iki maraqlı xəbər, iki maraqlı müraciət yayıldı. Hər ikisi də azarkeşlər adından. Sumqayıt və Gəncə futbolsevərləri. Azərbaycanın müxtəlif bölgələrində yaşamalarına rəğmən, bu müraciətlərdən onların məhz AZƏRİ azarkeşləri olduqları sezilirdi. Sumqayıtlılar birinci dəstəyə yuvarlanan «Gənclərbirliyi»nin elitada qalmasını AFFA-dan tələb edirdilər. Qərblilər isə iki illik fasilədən sonra bərpa olan Gəncə komandasının birbaşa güclülər sırasında yer almasını istəyirdilər. Bu ideyaların reallaşmasına əvvəlcədən də inam yox idi. AFFA prezidenti Rövnəq Abdullayevin mövqeyini açıqlamasından sonra isə heç bir şübhə qalmadı: həm «Gənclərbirliyi», həm də «Kəpəz» layiq olduqları mövqelərdə qalacaqlar - birinci liqada. İlk baxışdan gündəmi elə də təlatümə gətirməyən bu hadisə düşünməyə kifayət qədər əsas verir. Əvvəla yazının lap əvvəlindəki «bədii» hissə haqqında. Nə qədər təəssüf doğuran hal olsa da, amma bu gün Azərbaycan azarkeşinin futbol bilikləri, bu oyunu qavramaq səviyyəsi həmən Həsənağanın cərrahiyyədən anladığı qədərdir. Yəqin ki, dünyanın heç bir ölkəsində azarkeş meydanda idman mübarizəsi aparan və yekunda məğlub olan, həqiqətən də elitaya layiq olmayan bir klubun hansısa müraciətlə birinci liqaya yuvarlanmaq aqibətindən qurtulma mümkünlüyünü heç ağlına da gətirməz. Ancaq Azərbaycanda bunu düşünənlər var. Bəlkə də onları qınamağına dəyməz. Çünki futbolumuzda zaman-zaman müxtəlif «möcüzələr» baş verir. Dünən yaranan kollektiv «sorğu-sualsız» «süfrənin yuxarı başına» gətirilir. Yaxud da ki, elə legioner limtinin «iztirablarını» xatırlamaq olar. Sözümün canı nədir? Yəni azarkeş də bu baş verənlərə baxaraq, futbolumuzda hər şeyin mümkün olduğunu ehtimal edir. Yetər ki, bunu kimsə istəsinm, və ya kiməsə buna “inandırasan”. Vəssəlam. Amma keçənə güzəşt deyərlər. Zamanı geri döndərmək mümkünsüzdür. Heç olmasa bundan sonra elə davranmaq lazımdır ki, artıq gələcəkdə qeyd etdiyimizə bənzər müraciətlər meydana gəlməsin. Azarkeşlərə və özümə isə bir arzum var: futbolumuz, futbolçularımız dünya karvanından bunca geri qalsalarda, gəlin biz qalmayaq. Özümüzə də «futbolumuz necə, biz də elə» deyib, təsəlli verməyək. Gəlin «Həsənağa sindromu»ndan qurtulaq…