İDDİALI MUHAMMED SOUMAH…
İDDİALI MUHAMMED SOUMAH…
Rəsmi adı Mamaduba olsa da Muhammed çağrılmasından daha çox xoşlanır. Cəmi 23 yaşı olsa da 4 fərqli ölkədə top qovmağa macal tapmış müdafiəçi Azərbaycana ilk dəfə qədəm basıb. Müsəlman ölkəyə gəldiyinə sevindiyini bildirən Soumah 21 yaşında kapitan kimi ölkə çempionu olub. İngiliscə zəif danışır və Azərbaycan türkcəsini öyrənməklə bu problemi aradan qaldırmaq istəyir..
- Mamaduba, necə oldu ki, heç vaxt adını eşitmədiyin Azərbaycana gəldin?
- Menecerim əslən türkdür. Uzun müddətdi bir yerdə çalışırıq. O, müştərisinin yaxşı yerdə oynamasını istər. Mənə Azərbaycana getməyimi məsləhət gördü. Dedi ki, “Qarabağ”ın baş məşqçisi Rasim Karadır. Və o yetərincə iddialı və təcrübəli mütəxəssisdir. Və gördüyünüz kimi artıq burdayam.
- Heç tərəddüd etdinmi?
- Yox. Çünki, menecerimə inanıram. İndiyə kimi, daim iddialı olmuşam. Milli komandanın üzvüyəm. Düzdü, adını ilk dəfə eşitdiyim ölkəyə getmək bir qədər həyəcanverici idi.
- Deməli Azərbaycan adını eşitməmişdin?
- Hə. Paytaxtla ölkəni bir-biriylə qarışıdırırdım. Hətta, indiyə kimi 4 ölkədə top qovsam da belə həyəcanlanmamışdım.
- Bəs, Bakıya gələndən sonra?
- Çox gözəl şəhəriniz var. Sözün açığı belə olacağını gözləmirdim. Hər yerdə tikintilər gedir. Bir sıra ölkələrdə olduğumdan deyə bilərəm ki, ölkəniz inkişaf edir.
- Bu sənin Avropaya ilk çıxışındır.
- Hə. Burada tanınmaq şansı daha çoxdur. Yenə də deyirəm. Yeni məşqçimin yetərincə tanınmış olmasından xəbərim var. Deməli, daha da inkişaf etmək imkanım var.
- Adının mənası nə daşıyır?
- Əslində adım Muhammeddir. Sadəcə Qvineyada (Vətənində-red) dövlət dili fransız olduğundan adım bu formada qeyd olunur.
- Ona görə fransızca danışırsan?
- Bəli. Düzdü, ingiliscə, zəif bilirəm. Amma Viktorun yerli dildə danışdığını gördüm. Məndə tezliklə Azərbaycan türkcəsini öyrənməyə çalışacam.
- Belə baş düşdük ki, müsəlmansan..
- Hə, çalışdığım qədər gündə 5 dəfə namazımı qılmağa çalışıram. Lakin, bildiyiniz kimi futbolçu həyatı çox ağırdır. Məşqlərdə, təlimlərdə çox oluruq. Ona görə də ibadət etməyə vaxt olmur. Ancaq, öyrənmişəm ki, Azərbaycan müsəlman ölkəsidir. Elə bilirdim Avropa ölkələri xristian olurlar. Bu baxımdan bir az sevindim.
- Qvineya millisində çoxdan çıxış edirsən?
- Demək olar ki, bütün yaş qruplarında oynamışam. Son millətlər kubokunda ölkəmin şərəfini qorumuşam. Ölkənizdə, oynayan Pathe Banqura, Diallo kimi həmvətənlərimi əvvəlcədən tanıyırdım.
- Qvineya futbolu son zamanlar inkişaf etməkdədir.
- Hə. Artıq ölkə futbolçularının xaricə axını başlayıb. İsmayıl Banqura, “Trabzonspor”da çıxış edən İbrahim Yatarra yaxın dostumdur. Bu yaxınlarda “Qarabağ”ın məğlub etdiyi “Vestel Manisaspor”da oynayan Ömər Kalabanla da tez-tez zəngləşirik.
- Azərbaycan bir az gözdən uzaq ölkədir. Qorxurmursan ki, səni milliyə çağırmağı unudarlar?
- Yox niyə ki. Komandam yaxşı oynasa mənim də orada payım olacaq. O zaman məni də milliyə çağıracaqlar. Oynadığım hər yerdə daim əsas heyətdə mübarizə aparmışam. Hec vaxt ikinci olmaqdan xoşum gəlmir. Ümidvaram ki, “Qarabağ”dad a eyni məqsəd uğrunda çalışacam.
- Komanda yoldaşlarınla tanış olmağa vaxt tapmısan. Nə düşünürsən?
- İlk baxışdan hiss olunur ki, hər kəs işini yaxşı bilir. DÜzdü, yaşım az olsa da təcrübəli hesab olunuram. Əksəriyyətin gənc olması işimizi asanlaşdıracaq.
- Niyə?
- Gənclər daha çox özlərini sübut etməkdən ötrü çalışacaqlar. Ona görə də, uğura ac olan futbolçuların daha canla-başla mübarizə aparacağını söyləmək olar. Həm də bir necə nəfər səviyyəli təcrübəli var. Bu da öz növbəsində mühim amildir.
- “Qarabağ” uzun müddətdi, libero axtarışındaydı. Necə bilirsən artıq sənin transferinlə bu problemə son qoyuldu?
- Buna hər kəs əmin ola bilər. Bildiyim qədər klub qarşısına böyük hədəflər qoyub. Arxayın ola bilərsiniz, “Qarabağ” bu il ən yaxşısını edəcək.
- Azarkeşlər, Muhammed Soumahı necə tanıyacaq?
- Daim komandasının uğuru üçün vuruşacaq, və uğurda payı olacaq birisi kimi tanıyacaq. Yetərincə gənc və əzmli heyətimiz var. Çempionluqdan başqa yol yoxdur.