İkinci dövrə təxirəsalmalarla başlayır (FUTBOL+, 11.02.2006)

single-news
11 Fev 2006

İkinci dövrə təxirəsalmalarla başlayır (FUTBOL+, 11.02.2006)



.... “Qarabağ” - “Turan”. Birinci dövrədəki oyunda “Turan” yalnız 4-cü uzatma dəqiqəsində qələbə topunu vura bilmişdi. Həmin vaxtla müqayisədə hər iki komandada kifayət qədər dəyişiklik olub. İlk növbədə onu qeyd edək ki, həm “Qarabağ”, həm də “Turan” ikinci dövrəyə yeni baş məşqçiylə qədəm qoyur. Böyükağa Ağayevlə Sakit Alıyevin duelini məşqçi-tələbə qarşılaşması kimi də qiymətləndirmək olar. Axı Ağayev vaxtilə “Turan”ı çalışdırıb və Alıyev həmin vaxt onun rəhbərliyi altında çıxış edib. Sakit bəy baş məşqçi kimi debüt edəcəyi halda Ağayev 2004-cü ilin yayında “İnter”lə yollarını ayırdıqdan sonra milli çempionata qayıdışını qeyd edəcək. Dövrələrarası fasilədə “Turan”ın heyəti xeyli zəiflədiyi halda “Qarabağ” kifayət qədər güclənib. Ağdam klubunun sıralarına qatdığı yeni oyunçular arasında Romal Hüseynov da var. Xatırladaq ki, Romal icarə əsasında “Qarabağ”da çıxış edəcək. Özü də cəzası başa çatan Hüseynov dönüşünü məhz “Turan”a qarşı keçirməli olacaq. “Qarabağ”ın fasilədə yollarını ayırdığı Eltay Aslanov isə üçillik fasilədən sonra “Turan”a dönüşünü kapitan kimi keçmiş komandasıyla matçda qeyd edəcək. Yeniləşən, əsasən tovuzlu futbolçulara güvənən “Turan”ın, eləcə də heyətini komplektləşdirdikdən sonra iddiası artan “Qarabağ”ın nəyə qadir olduğunu sabahkı matç göstərəcək. .....

Paylaş

// pop up