"İkinci hissədə hakimin "şou"su biabırçı həddə çatdı" (fanat.az)

single-news
18 Mar 2010

"İkinci hissədə hakimin "şou"su biabırçı həddə çatdı" (fanat.az)



"İkinci hissədə hakimin "şou"su biabırçı həddə çatdı"

Fanat: Dünən keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Xəzər Lənkəran" - "Qarabağ" oyununda baş hakim Vüsal Əliyevin qərarlarından narazı qalan Ağdam klubu Peşəkar Futbol Liqasına etiraz məktubu göndərib. Fanat.az məktubu olduğu kimi dərc edir:
"Hörmətli Ramin müəllim! 17.03.2010 tarixində Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "Qarabağ" oyunu ilə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq:
Matç başlayan kimi komandamızın oyunçularına qarşı açıq-aşkar qərəzli mövqeyi ilə diqqət çəkən oyunun hakimi Vüsal Əliyev ilk yarıda futbolçularımıza göstərdiyi sarı vərəqələrlə öz "şou"sunu başladı. Oyunun ikinci hissəsində isə bu "şou" öz zirvə nöqtəsinə - biabırçılıq həddinə qovuşdu. Verdiyi qərarlarla Azərbaycan futboluna "töhvə" verən Vüsal Əliyev oyunun 57-ci dəqiqəsində Georgi Adamiyanın qapıçı ilə təkbətək çıxdığı epizodu yan hakimin köməkliyi ilə oyundan kənar vəziyyət kimi dəyərləndirərək birbaşa oyunun nəticəsinə təsir edən qərar çıxardı. Halbuki, epizoda yaxın olan baş hakim bu vəziyyətdə yan hakimin səhvini düzəldəcək qərar da verə bilərdi. Yan kameradan çəkiliş açıq-aşkar futbolçumuzun oyundan kənar vəziyyətdə olmadığını göstərir.
Oyunun 65-ci dəqiqəsində Vüsal Əliyev yan xəttin yaxınlığında sadə bir oyun epizodunda baş vermiş qayda pozuntusunu ikinci sarı vərəqə kimi dəyərləndirərək müdafiəçimiz Elnur Allahverdiyevi meydandan qovdu. Epizoda uzaq mövqedə olan Vüsal Əliyev epizod baş verən kimi böyük canfəşanlıqla futbolçumuza yaxınlaşmamış qırmızı kartın hazırlığına başladı. Halbuki, bu epizodda bir sarı vərəqəsi olan futbolçuya şifahi xəbərdarlıq da edilə bilərdi. Əlbəttə ki, qərəzsiz hakimlik oyunda hakim olsaydı.
İlk qırmızı vərəqə verdikdən sonra işini görmüş hesab edib, bir neçə dəqiqə normal hakimlik edən Vüsal Əliyev "Qarabağ"ımıza bunun təsiri etmədiyini, əksinə, komandamızın daha da böyük istəklə irəli atıldığını görüb daha böyük səhvi ilə nəinki komandamıza, ekran qarşısında oyunu izləyən milyonlarla futbol azarkeşinə qarşı hörmətsiz bir qərarı ilə tarixə düşdü. Oyunun 87-ci dəqiqəsində meydanın mərkəzinə yaxın mövqedə adi bir oyun epizodunda rəqib futbolçuya qarşı kobud oynayan yarımmüdafiəçimiz Rəşad Sadiqov birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Halbuki, bu epizod tərəfli-tərəfsiz hər kəs tərəfindən maksimum sarı vərəqə kimi qiymətləndirildi.
Buna rəğmən hakim tək tərəfli "idarəçi"liyini növbəti "şou"sunu göstərdi. Sarı vərəqəsi olan Kristian Kabralın yerə uzanaraq yalandan vaxtı uzatmağı qarşılığında hakimin 2-ci sarı vərəqəni göstərməyə cəsarət etməməsi oyun ərzində ikili standardlardan çıxış etməsinin əyani şəkildə göstəricisi idi. Rəqibin vaxtı uzatmaq cəhdlərinə baxmayaraq hakimin əlini "cibinə salmaması" onun haqqında oyunun nəticəsinə təsir etməklə yanaşı, təktərəfli mövqeyini ortaya qoydu. Və ən nəhayət qeyd etdiyimiz rəqib futbolçu Kabralın epizodu ilə yanaşı, oyun ərzində sonsuz sayda oyunun dayandırılmasına baxmayaraq görüşün sonuna cəmi 4 dəqiqə əlavə olunması da hakim Vüsal Əliyevin bu oyunda "Qarabağ"ın növbəti mərhələyə adlamamasına hesablanmış addımı idi.
Yuxarıda qeyd etdiyimiz və matç boyu digər sonsuz sayda hakim səhvlərini təhlil edərək ədalətli qərar çıxarılmasına, bununla da Azərbaycan futbolunun gələcək inkişafına töhfə verməyinizi Sizdən xahiş edirik.
Qeyd: Oyunun Klubumuzun operatorları tərəfindən çəkilmiş mərkəz və yan görüntüləri də məktuba əlavə olunur.
Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Hörmətlə, "Qarabağ" FK-nın direktoru İşık Emrah Çelikel".

Paylaş

// pop up