İLHAM ƏLİYEV: “FUTBOLA ÇOX BÖYÜK İNVESTİSİYA QOYULACAQ”
İLHAM ƏLİYEV: “FUTBOLA ÇOX BÖYÜK İNVESTİSİYA QOYULACAQ”
Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev ölkədə daha bir stadionun tikilməsinin gərəkdiyini bildirib. Milli Olimpiya komitəsinin 2007-ci ilin yekunları ilə bağlı idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatların təqdim olunması mərasiminə qatılan dövlət başçısı çıxışı zamanı futbol həyatında gedən proseslərə də toxunub. Cənab prezident qeyd edib ki, idmanın bu sahəsindəki vəziyyət ürəkaçan deyil: “Futbola çox böyük investisiyalar qoyulacaq. Böyük şirkətlər sponsorlar kimi bu prosesə cəlb olunacaqlar. Bu idman növündə dönüş yaranacağına ümidvarıq. Hamımız futbol yarışlarına, oyunlarına böyük məyusluqla baxırıq. Çünki futbol dünyanın ən populyar idman növüdür və bu idman növündə Azərbaycan oyunçularının belə səviyyədə çıxış etməsi ölkəmizə başucalığı gətirmir. Ona görə də dünyanın ən populyar idman növü kimi futbol Azərbaycanda çox sürətlə inkişaf etməlidir. Bilirik ki, bunun üçün nə etmək lazımdır. Ölkəmizə peşəkar mütəxəssislər dəvət ediləcək. Biz ilk növbədə uşaq futboluna, yeniyetmə futboluna, gənc nəslin yetişdirilməsi prosesinə ciddi yanaşacağıq. Bu, vaxt tələb edəcək. Başqa ölkələrin, vaxtilə futbolun o qədər də inkişaf etmədiyi ölkələrin təcrübəsindən bilirik ki, milli komandanın yüksək səviyyəyə çatması üçün bir neçə il-5, 10 il lazımdır. Biz bütün işləri daha sürətlə aparırıq. Ümid edirəm ki, görüləcək bütün tədbirlər nəticəsində Azərbaycan futbolu dirçələcək”. Dövlət başçısı əlavə edib ki, Bakıda yeni olimpiya stadionunun tikilməsinə təlabat yaranıb. Belə ki aparıcı idman şəhərinə çevrilən paytaxtımıza daha müasir stadion lazımdır: “Uzun illərdir fəaliyyət göstərən Tofiq Bəhrəmov adına Respublika stadionu əsaslı təmir olununb. Stadionda müasir avadanlıqlar quraşdırılır. Bu proses davam etdiriləcək. Əlbəttə, Bakı kimi şəhərə daha müasir stadion lazımdır: “Böyük olimpiya stadionunun tikintisinə ehtiyac duyulur. Futbolun inkişafına çox böyük diqqət göstərəcəyik və xüsusi proqramlar, planlar həyata keçirəcəyik. Müvafiq göstərişlər artıq verilib. Bunun layihəsi ilə bağlı işlər başlayıb. Biz bunu etməliyik!”.