İlqar Qurbanov daha 1 il `Qarabağ`da

21 May 2014
İlqar Qurbanov daha 1 il `Qarabağ`da
`Qarabağ` FK mövsüm başa çatar-çatmaz müqaviləsi başa çatan futbolçularla masa araxasında əyləşib. Daha öncə Qara Qarayev, Ansi Aqolli, Admir Teli ilə müqavilə imzalayan klubumuz daha bir futbolçuyla saziş yeniləyib. Azərbaycanın ən universal futbolçularından sayılan İlqar Qurbanov yenə də `Qarabağ`ın uğurları üçün tər tökəcək. 2011-ci ilin yanvarından `Qarabağ`ın formasını geyinən istedadlı futbolçu daha 1 illik sazişlə `Qarabağ`a xidmət edəcək. Qeyd edək ki, `Mersin İdman Yurdu`ndan transer olunan sabiq milli futbolçu başa çatmaqda olan mövsümdə daha çox müdafiənin cinahlarında çıxış etsə də baş məşqçimiz Qurbanovdan yarımmüdafiənin cinahlarında eyni zamanda hücumda da yararlanıb. 27 yaşlı futbolçu saytımıza verdiyi açıqlamada yeni müqavilə barəsində danışıb:`Yenidən `Qarabağ`ın formasını geyinəcəyimə çox məmnunam. Artıq 4 ildir ki, `Qarabağ`dayam. Özümü burda evimdəki kimi hiss edirəm. `Qarabağ`da olan mehribançılıq, kollektivçilik bir futbolçu üçün əla stimuldur. Biz bir ailə olaraq bütünləşərək çempion olmağı bacardıq. İndi məsuliyyətimiz daha da artıb. `Qarabağ` formasının haqqını ödəmək üçün əlimdən gələn hər şeyi edəcəm. Qarşıdan çətin dönəm gəlir. Avrokuboklardan hər kəs bizdən uğur gözləyir. Amma ilk növbədə yaxşıca hazırlaşıb ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq. Azarkeşlərimizi də `Qarabağ` ətrafında daha sıx birləşməyə səsləyirəm. `