İNAM - QƏLƏBƏNİN YARISIDIR . . .

single-news
1 Dek 2005

İNAM - QƏLƏBƏNİN YARISIDIR . . .



"Qarabağ" Futbol Klubu növbəti turun hazırlıqları davam etdirir. Son turda "MOİK" üzərində qələbədən sonra bir gün istirahət edən komanda indi bütün diqqəti "Gəncə" ilə keçirəcəyi ey oyununa yönəldib. Gündəlik məşqlərlə oyuna hazırlaşan Elxan Abdullayevin komandası "Qarabağ-2" ilə də hazırlıq oyununda oyunçularını sınayıb. Sabahdan matçın keçiriləcəyi Suraxanı qəsəbə stadionunda hazırlıqlarını davam etdirəcək komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bunu futbolçularla söhbətdən də sezmək mümkündür: Müşviq Hüseynov: "Kuboku da nəzərə alsaq son üç oyundan qələbə ilə ayrılırıq. Növbəti oyunda da bu seriyanı davam etdirmək üçün mümkün olanı edəcəyik.İnanıram ki, matç sonrası sevinən tərəf biz olacağıq." Samir Musayev: "Sevinirəm ki, mənim üçün çox uzun görsənən qolsuz meydanı tərk etmək "vərdiş"imə son qoymuşam. Bombardirlərdən o qədər də uzaq deyiləm. "Gəncə" ilə matçda da qol və ya qollar vurub həm komandanın qələbəsində pay sahibi olmaq, həm də qol sayımı artırmaq istəyirəm." Aslan Kərimov: "Gəncə" gözəl komandadır. Onlarla oyun həmişə mənə zövq verib. Gözəl futbol oynayırlar. Amma bu oyunda meydana hakim biz olmalıyıq.Bunun üçün lazım olan həm istək, həm də bacarığımız var"... Futbolçuların hər biri, bununla yanaşı, həm də eks-"Qarabağ"ın Baş Məşqçisi olmuş,indiki "Gəncə"də həmin vəzifəni icra edən Şahin Diniyevi təbrik edərək, Millinin "sükanı" arxasında da ona yalnız uğur arzuladılar.

Paylaş

// pop up