İNGİLTƏRƏ FUTBOLUNDA AZƏRBAYCANLI QAPIÇI

single-news
29 Mar 2005

İNGİLTƏRƏ FUTBOLUNDA AZƏRBAYCANLI QAPIÇI



Həmyerlimiz Fərhad Əfəndiyev futbolçu karyerasını İngiltərə çempionatında davam etdirmək imkanı qazanıb. O, bundan sonra İngiltərənin III divizionunda mübarizə aparan "Raşden ənd Daymondz"un şərəfini qoruyacaq. Xatırladaq ki, qapıçı Fərhad Əfəndiyev futbolun sirlərini Azərbaycanda öyrənib və 1999-2000-ci illərdə Əhməd Ələsgərovun rəhbərliyi altında "Neftçi"də oynayıb. 5 il əvvəl isə F.Əfəndiyev ailəsilə İngiltərəyə köçərək ali məktəbə daxil olub. Ali təhsil aldığı müddətdə Fərhad futboldan uzaqlaşmayaraq həvəskar klublarda forma geyib. Bu il birdən-birə "Dumanlı Albion"un iki peşəkar klubundan həmyerlimizə təklif gəlib. "Raşden ənd Daymondz" və Londonun "Leyton Orient" klublarının rəhbərləri Fərhadın transferində maraqlı olduqlarını bildiriblər. Ancaq sonda azərbaycanlı futbolçu birinci təklifə razılıq verib. "Raşden ənd Daymondz"a transferlə Fərhad Əfəndiyev İngiltərə çempionatında oynayan ilk azərbaycanlı olub. Onu da qeyd edək ki, "Raşden ənd Daymondz" ölkə çempionatının III divizionunda mövsümün sonuna 7 tur qalmış 24 komanda arasında 22-ci yerdədir. Bu komanda 39 tur ərzində qapısından 54 qol buraxıb.

Paylaş