“İnter" mövqeyini itirmədi (HET-TRIK,31.10.2005)
31 Okt 2005
“İnter" mövqeyini itirmədi (HET-TRIK,31.10.2005)
Bir turu da geridə qoyduq. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "İnter" - "Qarabağ" matçı ilə XIV milli çempionatın səkkizinci turu başa çatdı. Ölkənin beş şəhərində baş tutan qarşılaşmaların üçündə meydan sahibləri, ikisində qonaqlar qələbə sevinci yaşadağı halda, yalnız iki görüşdə tərəflər kimin daha güclü olduğunu müəyyən edə bilmədi.
Səkkizinci turun yekunlarına görə çempionatın lideri də dəyişmədi. İyirmi xal toplayan "İnter" ötən tur olduğu kimi yenə də zirvədədir.
Keçirilən oyunlarda kifayət qədər maraqlı nəticələrin qeydə alındığını desək, yanılmarıq. Fikrimizi əsaslandırmaq üçün "Bakı"nın "MKT-Araz"a məğlub olmasını, son zamanlar uğursuz çıxış etməsinə baxmayaraq, heyətinə görə "MOİK"dən xeyli güclü olan "Xəzər-Lənkəran"ın "hərbçilərlə" qolsuz heç-heçəyə etməsini, çari mövsümdə ,demək olar ki, çempionluğa iddialı bütün rəqiblərini büdrətməyi bacaran "Gəncə"nin "ev" oyununda "Karvan"a qalib gəlməsini göstərmək mümkündür. Ancaq yuxarıda diqqətinizə çatdırdıqlarımızla yanaşı, son turda daha bir maraqlı matçın da Tovuzda keçirildiyini və Qərb təmsilçisinin əzəli rəqibi "Neftçi"yə məğlub olduğunu qeyd etməliyik. Qarşılaşma hər iki komanda arasında uzun illər ərzində mövcud olan prinsipiallıqla yanaşı, "ev sahibləri"nə liderlər qrupundan uzaq düşməmək üçün mütləq qələbə qazanmaq zərurətinin olması ilə də əlamətdar idi. Lakin ötən tur gözlənilmədən öz meydanında "Gənclərbirliyi" ilə xalları bölüşdürən "Neftçi" daha yaxşı çıxış edərək, layiqli qələbə qazandı və "Turan"ın çempionluq şanslarına ciddi zərbə vurdu.
Daha bir diqqət çəkən məqam isə, indiyə qədər keçirdiyi görüşlərin yalnız birində heç-heçə edərək digərlərində məğlubiyyətə uğrayan və çempionatda qələbə sevinci dadmamış yeganə komanda olan "Göyəzən"in növbəti dəfə bir xala sevinməsidir. Qazax futbolçuları doğma divarlar arasında "Şahdağ"la 1:1 hesabıyla heç-heçə oynayıb. Qonaqların bu qarşılaşmada fərqlənən hüçumçusu Əhməd Ticani çempionatda şəkkizinci qoluna imza atmaqla bombardirlər yarışında liderliyi ələ keçirdi.
"Turan" - "Neftçi" 0:2
MOİK - "Xəzər-Lənkəran" 0:0
"Gənclərbirliyi" - "Olimpik" 1:3
"MKT-Araz" - "Bakı" - 2:1
"Gəncə" - "Karvan" - 1:0
"Göyəzən" - "Şahdağ" - 1:1
"İnter" - "Qarabağ" - 2:0