“İnter” - “Qarabağ” qarşıdurması məhkəmədə davam edəcək? (ÇEMPİON, 21.04.2006)
21 Apr 2006
“İnter” - “Qarabağ” qarşıdurması məhkəmədə davam edəcək? (ÇEMPİON, 21.04.2006)
“Qarabağ” - ”İnter” matçından sonra baş verən qalmaqal futbol aləminin son günlər ən çox danışılan mövzusudur. Bildiyiniz kimi, hakimin final fitindən sonra meydançada Samir Musayevlə Mixail Makovski arasında mübahisə yarandı. Səbəb kimi isə “İnter”linin üzünü Samirə və eləcə də ağdamlı futbolçulara tutaraq “pulumuzu qaytarın” deməsi olub. Hər halda Musayev matçdan sonra ANS telekanalına müsahibə verərkən belə deyib. Maraqlıdır ki, sonradan Makovski sözlərini danaraq bu fikirlərin ona deyil, Samirə məxsus olduğunu bəyan edib. Hətta o, “Qarabağ”lını məhkəməyə verəcəyi ilə də hədələyib.
Samir Musayev:
“Mən özüm onu məhkəməyə verəcəyəm”
Samir Musayev isə inadından dönmür və Makovskinin yalan danışdığını bildirir: “Makovski məni məhkəməyə verir? Qoy hara verir versin. İstənilən halda həqiqəti sübut edəcəyimə yüz faiz əminəm. Demişəm, yenə deyirəm. Matç başa çatan kimi Makovski bizə yaxınlaşaraq bildirdi ki, pulumuzu qaytarın. Bundan başqa, üzünü Aslana tutaraq dedi ki, “bizə qarşı nə özünüzü öldürürsünüz. Belə oynayansınız elə yığmanın heyətində oynayın da”. Bir daha deyirəm: qoy hara verir versin. Bir də açığı, elə mən özüm onu məhkəməyə verəcəyəm ki, bizə qarşı şər-böhtan atır”.
”İnter” Makovskinin
şəxsi işinə qarışmır
”İnter”in mətbuat xidmətinin başçısı Mahir Süleymanovla əlaqə saxlayaraq baş verənlərə onların da münasibətini öyrəndik. Süleymanov məsələyə bu cür aydınlıq gətirdi: “Açığı, bizi bu dəqiqə daha çox “Neftçi” ilə oyun düşündürür. Bu hadisə oldu və keçdi. Hamı gördü ki, “Qarabağ”la matç gərgin keçdi. Oyunu uduzduq və matçdan sonra da rəqibi qələbə münasibəti ilə təbrik etdik. Baş verənlər isə iki futbolçu arasında olan sırf idman mübahisəsidir. Bu barədə Makovski ilə şəxsən söhbətim olub və o, da qətiyyətlə bildirib ki, oyun alqı-satqısı ilə bağlı heç bir ifadə işlətməyib. O ki qaldı məhkəmə məsələsinə, bu artıq Makovskinin şəxsi işidir. Hər halda “Neftçi” ilə matçdan sonra klub rəhbərliyi ilə onun arasında bu barədə də söhbət olacaq”.
“Qarabağ”
bəyanat yaydı
Qeyd edək ki, “Qarabağ” klubu Makovskinin dedikləri ilə bağlı xüsusi bəyanat da yayıb. Klubun rəsmi saytında yerləşdirilən yazıda icraçı direktor Əmrah Çəlikəlin də fikirləri yer alıb: “Biz hələ çempionatdan əvvəl bildirmişdik ki, bizim üçün əsas olan düzgünlük və ədalət olacaq. Komanda hər oyuna qələbə Šzmi ilə çıxır və göstərdiyimiz oyunlarda bunu sübut edir. Gözəl kollektiv formalaşdırmışıq və “Qarabağ”a ləkə yaxmaq heç kimə baş- ucalığı gətirmir. Əgər inkişaf etmək istəyiriksə, məğlubiyyəti də həzm etməyi bacarmalıyıq. Klub rəsmisi kimi bəyan edirəm, əgər Makovski dediklərini sübut edə bilsə, günahkarların ən sərt cəzaya məruz qalmalarının mən də tərəfdarı olacağam”.