“İnter”in məğlubiyyətsizlik seriyası qırılmadı ( çempion, 2008-11-17 )

single-news
19 Noy 2008

“İnter”in məğlubiyyətsizlik seriyası qırılmadı ( çempion, 2008-11-17 )



İnter     1     1    Qarabağ

Qollar: A. Auqusto, 14 - V. Cavadov, 24
“İnter”: 1. Vilson Raymundo, 4. Danilou Assioli, 5. Milan Zaqorats, 6. Əliyar İsmayılov, 9. Samir Abbasov, 13. Bronislav çervenka, 14. Petar Zlatinov (26. Tadas Labukas, 71), 18. Qoran Arnaut (8. Valentin Belkeviç, 62), 21. İvan Testimitanu (24. Andrey Rubins, 40), 22. Valter Quqlemon, 28. Andaveris Auqusto
Baş məşqçi: Valentin Xodukin
“Qarabağ”: 1. Fərhad Vəliyev, 3. Aftandil Hacıyev, 5. Maksim Medvedev, 8. Aslan Kərimov (4. Azər Məmmədov, 53), 13. Zekiriyye Ramazani, 14. Namiq Yusifov, 17. Sedat Şahini (15. Ayxan Abbasov, 82), 18. Zaur Ramazanov (9. Murad Ağakişiyev, 68), 19. Emin İmaməliyev, 20. Vaqif Cavadov, 26. Zaur Həşimov
Məşqçi: Qurban Qurbanov
Sarı vərəqələr: İ. Testimitanu, 26; M. Zaqorats, 37; A. Auqusto, 84; D. Assioli, 85; S. Abbasov - oyun bitdikdən sonra - A. Hacıyev, 27; N. Yusifov, 44; Z. Ramazani, 90
Hakimlər: Babək Quliyev, Azər Məmmədov, Azər Əsgərov, Feyzulla Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Rafiq Bağırov
15 noyabr. “Şəfa” stadionu, 1000 tamaşaçı.
11-ci turun maraqlı görüşlərindən biri də “İnter”lə “Qarabağ” arasında keçirildi. Matç qonaqların hücumları ilə başlandı. İlk 10 dəqiqə ərzində Vaqif Cavadov 2 dəfə qol vurmağa yaxın olsa da, istəyini reallaşdıra bilmədi. Əvvəlcə Cavadovun uzaq məsafədən zərbəsi qapının xeyli üstündən keçdi. Sonrakı epizodda isə futbolçu başla dəqiq oynaya bilmədi. Ardınca Sedat Şahini rəqib müdafiəçilərdən sıyrılaraq “İnter”in cərimə meydançasına daxil olsa da, komanda yoldaşına ötürmə verə bilmədi. Bundan sonra futbolun yazılmayan qanunu, “vurmayana vurarlar” prinsipi işə düşdü. Andaveris Auqusto aşırma zərbə ilə “bankirlər”in ilk hücumundaca hesabı açdı. Ev sahiblərinin qol sevinci cəmi 10 dəqiqə çəkdi. Belə ki, Vaqif Cavadov rəqibin 2 futbolçusunu aldadaraq gözəl zərbə ilə topu qapının uzaq küncünə göndərdi. “İnter”in cavab hücumu da təhlükəli alındı. Ancaq ilk qolun müəllifi Auqusto başla çərçivəni nişan ala bilmədi. İlk yarının sonrakı dəqiqələrində də oyun əsasən meydançanın mərkəzində gedirdi. “Qarabağ”ın nisbi ərazi üstünlüyü nəzərə çarpsa da, Qurban Qurbanovun komandası bu üstünlüyü hesabda əks etdirə bilmirdi. Xüsusilə, sabiq “İnter”li Emin İmaməliyev əzmkar oyun sərgiləyərək qonaqların oyununa rəng qatırdı. Bununla belə, komandalar fasiləyə sülhlə yollandılar. İkinci hissə ev sahiblərinin ardıcıl hücumları ilə başlandı. Əvvəlcə Quqlemonun zərbəsini qonaqların qolkiperi Fərhad Vəliyev zərərsizləşdirdi. Ardınca Auqustonun həmləsi qapının yanından keçdi. Növbəti epizodda boliviyalı legionerin əlverişli mövqedən zərbə vurmasına Aftandil Hacıyev mane oldu. Quqlemonun baş zərbəsi də hədəfdən yan keçdi. “Qarabağ”ın cavab hücumu zamanı isə Zaur Ramazanov qapıçı ilə təkbətək çıxmaq imkanını boşa verdi. Buna oxşar epizodda Vaqif Cavadovun fərqlənməsinə isə Samir Abbasov əngəl törətdi. Qarşılaşmanın sonlarında hər 2 tərəfin bir real qol imkanı olsa da, tablodakı rəqəmlər dəyişmədi.
Valentin Xodukin: “Oyun barəsində onu deyə bilərəm ki, matç maraqlı keçdi. Bizimlə yanaşı rəqib də meydançada var qüvvəsi ilə yarışdı. Məqsədimiz qalib gəlmək idi. Sadəcə, hakim buna imkan vermədi. Bu günə kimi bir dəfə də olsun hakimlikdən şikayət etməmişəm. Ancaq bu gün narazılığımı bildirəcəyəm. Referi oyunun ilk dəqiqəsindən son dəqiqəsinə kimi biabırçılıqdan başqa heç nə ilə yadda qalmadı. Sanki hakim bu gün meydançada komediya göstərirdi. Lazımsız sarı vərəqələr, təhlükəli hücumlar etdiyimiz zaman oyunu saxlamaq dediyimin bariz sübutudur. Bu cür hakimliklə futbolun inkişafından danışmaq qeyri-mümkündür”.
Qurban Qurbanov: “Fikrimcə, bu gün sürətli oyun alındı. Hər 2 tərəfin qol vurmaq üçün bir neçə real imkanı olsa da, matçda heç-heçə qeydə alındı. Həm hesabdan, həm də komandamın sərgilədiyi oyundan razıyam. “İnter” kimi bir klubdan səfərdə xal qoparmaq heç də pis nəticə deyil. Oyuna gəldikdə isə, ötən tur “Neftçi” ilə qarşılaşmada olduğu kimi, bu gün də komandam sona qədər mübarizə apardı. Məhz bu amilə görə yetirmələrimi təbrik edirəm. çalışacağıq ki, “Xəzər-Lənkəran”a və “Karvan”a qarşı da da bu cür müqavimət göstərək. “İnter”ə də qarşıdakı turlarda uğurlar arzulayıram”.

Paylaş

// pop up