İqor Ponomaryov: ""Qarabağ"ın bütün oyunçuları əsas heyətdə oynamağa layiqdir"(üç nöqtə,06.04.2005)

single-news
6 Apr 2005

İqor Ponomaryov: ""Qarabağ"ın bütün oyunçuları əsas heyətdə oynamağa layiqdir"(üç nöqtə,06.04.2005)



Ölkə çempionatının lideri Ağdamın "Qarabağ" komandası MOİK-lə növbəti turun oyununa hazırlığa dünən başlayıb. Komanda heyətlə bağlı bəzi problemlər yaşayır. Klubun bir neçə aparıcı oyunçusu zədə ucbatından "Qarabağ"a kömək edə bilmir. Aqil Məmmədov, Mübariz Orucov, Samir Abbasov və Azər Cabbarovun zədəli olması məlumdur. İsmayıl Məmmədov da növbəti görüşdə 2 sarı vərəqəsi olduğuna görə, oynamayacaq. Bundan başqa legioner Vladimir Roqanoviç də zədədən sonra heyətə dönməyib. O, həkimlərin məsləhəti ilə yaxın günlərdə komanda ilə birgə məşqlərə qoşulacaq. Baş məşqçi İqor Ponomaryov klubda çoxlu zədəlilərin olmasına baxmayaraq, narahatlığa əsas olmadığını vurğulayıb: "Komandamızın bütün oyunçuları əsas heyətdə oynamağa layiqdir. Hesab edirəm ki, qarşıdakı oyunlarda meydana çıxacaq futbolçular bunu sübut edəcəklər". Eyni zamanda baş məşqçi MKT "Araz"la oyunda debüt edən bolqarıstanlı İvan Karamanovun oyunundan razı qaldığını da gizlətməyib. O, legioner futbolçunun komandaya tam uyğunlaşmadığını bildirərək növbəti görüşlərdə futbolçunun daha yaxşı təsir bağışlayacağına əmin olduğunu söyləyib.

Paylaş