İrakli Beraya Diniyevi müdafiə etdi(Futbol+, 06.02.2007)
6 Fev 2007
İrakli Beraya Diniyevi müdafiə etdi(Futbol+, 06.02.2007)
"Eşidirəm ki, bəziləri narazıdı"
Yadınızdadısa, təxminən bir il əvvəl, hələ Böyükağa Ağayevin "Qarabağ"ı çalışdırdığı vaxt ağdamlılarla müqavilə bağlayan İrakli Beraya cəmi 3 oyunda iştirak etməyə macal tapmış və zədələnmişdi. Bir müddət gənclər yığmasında da çıxış edən gürcü futbolçunun zədəsi ciddi olduğundan bərpa prosesi bugünlərə qədər uzanmışdı. "Yaralar"ını vətənində sağaltmağı üstün tutan Beraya dünən birgünlüyə ölkəmizə təşrif buyurmuşdu. Fürsətdən istifadə edibk futbolçunun son durumu və digər məsələlər barədə söhbətləşdik.
- Bərpa prosesin niyə bu qədər uzandı?
- Çoxdandı oynamırdım. Ancaq vəziyyət yaxşıya doğru gedir və yəqin ki, ən yaxın zamanda yaşıl meydanlara geri dönəcəm. Zədəm demək olar ki, tamam sağalıb. Müalicəmi aparan həkimlə söhbət edəndən sonra yekun qərarı öyrənəcəm. Yarımçıq zədəylə qayıtmaq istəmirdim. Birdəfəlik sağalıb komandaya maksimum kömək istəyirəm.
- Sən gələndə komandaya Böyükağa Ağayev başçılıq edirdi. İndi isə "Qarabağ"ı Rasim Kara çalışdırır...
- Komandaya bu gün qoşulmuşam. Karanın məşqlərində də iştirak etməmişəm. Düzünə qalsa, heç Ağayevlə də normal çalışmamışam. Onun vaxtında cəmi üç oyuna çıxdım və zədələndim. Ona görə də mənə demək olar ki, tanış olmayan iki şəxsi fərqləndirə bilməyəcəm. Yalnız onu bilirəm ki, hər ikisi tanınmış məşqçidi və ikisinin də müəyyən uğurları var.
- Dövrələrarası fasilədə bir çox futbolçular komandanı tərk edib. Halbuki, onların sənin kimi zədəsi yox idi. Sənsə, uzun müddət kənarda qalmağına baxmayaraq komandada qaldın...
- Bu haqda heç bir şey deyə bilməyəcəm. "Qarabağ"la müqaviləm var və hələ burda qalmaq fikrindəyəm. Kim gedibsə, öz işidi. Bəlkə də yeni məşqçi öz komandasını qurur və bəzi oyunçularla yollarını ayırmaq məcburiyyətində qalıb. Bu klubdaxili məsələlərdi, qarışa bilmərəm.
- Gənclərdən ibarət yığma komandaya dəvət almışdın. Yenidən ora, çağırsalar lap əsas yığmaya gedərsənmi?
- Məhz yığmaya çağırılmağı qarşıma məqsəd qoymamışam. Sadəcə, meydana çıxıb futbol oynamaq istəyirəm. Göstərmək istəyirəm ki, hələ varam və bundan sonra da nəyə qadir olduğumu nümayiş etdirə biləcəm. Yalnız bundan sonra məşqçilər layiq bilsələr millidə də oynamaq olar. Əsas formamı bərpa etməkdi. Hazırda bundan başqa heç nə barədə düşünmürəm.
- Millimizin oyunlarını izləyirsənmi? Hələ "Gəncə"dən tanış olduğun Şahin Diniyevin işini necə qiymətləndirirsən?
- İmkan olduğu qədər matçları izləyirəm. Diniyevi çox güclü mütəxəssis hesab edirəm. Bu mənim şəxsi fikrimdi və hesab edirəm ki, bunda yanılmıram. İnsan kimi də yaxşı insandı və ona çox böyük hörmətim var. Şahin müəllim yeni komanda qurur. Hər dəfə yeni oyunçuları sınayır, balanslaşdırılmış heyət qurmağa çalışır. Birdən-birə nəticə tələb etmək düzgün alınmır. Hələ nəzərə alsaq ki, çox çətin oyunlar olub, onu başa düşmək lazımdı. Özü də ən güclü rəqiblərlə səfərdə oynamışıq. Eşidirəm ki, bəziləri narazıdı, komandanın göstərdiyi oyunu, qazandığı nəticəni qəbul etmirlər. Anlamaq lazımdı ki, Portuqaliya yığmasını səfərdə məğlub etməyi tələb etmək absurddu. Belə nəticələri əldə edə bilsəydik, Azərbaycan yığması Avropada üçüncü mövqedə qərarlaşardı. Diniyev hər oyuna müxtəlif heyətlərlə çıxır, oyunçuları müxtəlif mövqelərdə sınayır ki, ortaya yaxşı komanda çıxara bilsin. Bu iş də çətin işdi. Ona vaxt vermək lazımdı.
- Sergey Sokolovun dopinq məsələsi barədə nə deyə bilərsən? Allah etməsin, sənin də başına belə iş gəlsəydi...
- (bir qədər fikirləşir) Bilmirəm. Bu məsələdə konkret kimin günahkar olduğunu müəyyənləşdirmək çətindi. Heç kim vəziyyətin bu yerə gəlib çıxmasını istəməzdi. Özümə gəldikdə isə... Düzünü desəm, bunu heç təsəvvürümə belə gətirmək istəmirəm.
- "Qarabağ"ın ikinci dövrədəki şanslarını necə qiymətləndirirsən?
- Daha yüksək yerlər uğrunda mübarizə apara bilərik. Mükafatçılar sırasına düşmək çətin olsa da, ən azı öz gücümüzü göstərə biləcəyik. Hesab edirəm ki, 9-cu pillə layiq olduğumuz yer deyil. Yeni qurulan komanda mövsümün gedişində zəif olmadığını sübut edə biləcək.