İrakli Dinyievlə birgə işləyəcəyinə inanır (sd.com.az, 04.03.2006)

single-news
5 Mar 2006

İrakli Dinyievlə birgə işləyəcəyinə inanır (sd.com.az, 04.03.2006)



"Qarabağ"ın gürcü legioneri İrakli Beraya ayağından əməliyyat olunub. Ağdam klubunun "Olimpik"lə son görüşündə ciddi zədələnən hücumçu təxminən bir aya sıraya dönəcək. Bu qış fasiləsində "Gəncə"ni Ağdam klubuna dəyişən futbolçunun bombardir olmaq arzusuna da təsir edəcək. Hazırda bombardirlər sırasında qərarlaşan gürcü hətta zədə üzündən yığmamızda da debüt edə bilməmişdi. Belə ki, Belorusla oyunöncəsi gənclər millimizə çağırılan futbolçu məhz zədə üzündən bu matçda forma geyə bilmədi. Hələ ötən mövsümün ikinci yarısında Gəncəyə gələn İrakli və Qoqa Berayalar tam potensialını 14-cü milli çempionatda ortaya qoydu. Xüsusilə İrakli daha yaxşı təsir bağışladı. Qardaşından fərqli bütün oyunlarda əsas heyətdə meydana çıxan futbolçu gəncəlilərin ən məhsuldar oyunçusu idi. "Neftçi"ni səfərdə yendikləri qarşılaşmada da o sözünü dedi. - Görüşdən əvvəl bütün komanda matçın çox ağır keçəcəyini düşünürdü. Düzdü, qələbəyə inamımız var idi. Amma etiraf edim ki, "Neftçi"yə qarşı bu cür möhtəşəm futbol sərgiləyəcəyimizi gözləmirdim. Hesabda geridə ola-ola önə keçdik, hələ bir penaltini də qaçırdıq. Bu cür komandanı məğlub etdiyimizə görə çox sevincliydik. "Neftçi" göstərdiyi yüksək səviyyəli oyunla əbəs yerə çempion titulunu daşımadığını sübut edir. Amma "Gəncə" səfərdə onu məğlub etməklə heç də zəif olmadığını göstərdi. "Neftçi"yə qol vurmaq arzum idi. Çox sevincliyəm ki, nəhayət, bunu reallaşdıra bildim. Amma qış fasiləsində qərb klubunda vəziyyət çətinləşdi və paytaxtda məskunlaşan "Qarabağ"a keçdim. Hücumçuyam, vəzifəm qol vurmaqdı. Forvardın səviyyəsi, gücü onun vurduğu qollarla bəlli olur. Həmişə meydana çıxıb bütün gücümü qoymağa öyrəşmişəm. - Bu mövsüm yüksək məhsuldarlıqla seçilirsən. Belə çıxışı gözləyirdin? - Gözləmirdim, amma buna çalışırdım. Etiraf edim ki, özümdə güc hiss edirdim. Onu da deməliyəm ki, bu tək mənim işim deyil. Təklikdə qol vurmaq mümkünsüzdü. Bunda komanda yoldaşlarımın xüsusi əməyi var. Hamı vəzifəsinin öhdəsindən gəlir. Bombardirliyə can atmıram. Sadəcə, öz oyunumu göstərməyə çalışıram. - Sonuncu oyunda zədələndin. Ciddi deyil ki? - O qədər də yox. Artıq əməliyyat olunmuşam. Bir az çiynim də ağrıyır. Çox təəssüflənirəm ki, birinci hissənin son dəqiqələrində zədələndim. Çalışıb meydana dönəcəm. Ola bilər ki, növbəti iki matçı buraxım. - Meydanda olmamağın komandanın oyununa mənfi təsir göstərəcək? - Düşünmürəm. Komandamızda təmiz lider yoxdu. Kollektiv futbol sərgiləyirik. Buna görə də hansısa futbolçunun olmamağı təsir göstərə bilməz. Mən əvəzedilməz deyiləm. - Səncə komandanın potensialı yüksək yerlərə yetərlidi? - Bmzdə çox yaxşı kollektiv formalaşıb. Əsl komanda ruhu var. Bu sürəti saxlasaq, yuxarı pillələrdən birini tuta bilərik. Son tura qədər mübarizə aparacağıq. - Sizi "Gəncə"yə gətirən, sonra isə gənclər yığmasına çağırılmanızı tövsiyyə edən Şahin Diniyevə məhəbbət hardan qaynaqlanır? Səhv etmirəmsə Diniyevi əvvəldən tanımırdız... - Biz Stavropolda oynayanda həmyerliniz Rasim Abışov bizə yaxınlaşıb "Gəncə"də oynamaq istəyib-istəmədiyimizi soruşdu. Onu da dedi ki, komandanın əla məşqçisi var. Biz bir müddət düşünüb təklifi qəbul etdik və baxışa gəldik. Bura gələndə hər şeyin Abışovun dediyi kimi olduğunu gördük. Buna görə də Gəncədə qaldıq. Diniyev çox yaxşı, savadlı mütəxəssisdi. Bu cür məşqçinin rəhbərliyi altında oynamaq zövq verirdi. Düzdü, o Gəncədən ayrılandan sonra biz də məkanı dəyişdik. Amma nəvaxtsa, ola bilər elə yığmada yenə birgə olacağımıza inanıram. - Qoqanın meydanda olması sənin oyununa təsir göstərir? - Şübhəsiz. O oynayanda özümü daha yaxşı, inamlı hiss edirəm. "Qarabağ"la birillik müqaviləmiz var. Anlaşmanın şərtlərini yerinə yetirməliyik. Burda hər şey ürəyimcədi. Şəhəri çox sevirəm. Azarkeşlərimiz də əladı. - Eşitdiyimizə görə, səni "Bakı"ya çağırırdılar. Nə oldu ki, keçidin alınmadı? - Mənim özümə heç kim heç nə deməyib. Düzdü, eşitmişdim ki, bəzi komandalar məni heyətində görmək istəyir. Danışıqlar rəhbərliklə aparılıb. Nəticələrdən xəbərim yoxdu. - Bəs gələcəkdə daha güclü klublardan təklif gəlsə, qəbul edərsən? - Bu haqda indidən danışmaq düzgün çıxmaz. Ortada hələ heç nə yoxdu. Əgər olsa belə, hər şey məndən asılı deyil. Bunun üçün rəhbərlik var. Çünki müqaviləylə "Qarabağ"a bağlıyam. - Səncə burdan Gürcüstan millisinə düşə bilərsən? - Mən yığmada oynamaq istəyirəm. Amma bu məsələdə mənim istəyim yetərli deyil. Gərək millinin məşqçiləri gəlib oyunuma baxsın, bəyənsə, götürsün. Çağırılmıramsa, deməli, lazım deyiləm. Amma Azərbaycanın gənclər millisində debütümü arzulayırdım. Təəssüf ki, zədə imkan vermədi. Eybi yox, heç olmasa, Qoqa bunu bacardı. Yığmada oynamaq şərəfdi, futbolçunun karyerasının zirvəsidi. - Öz ölkənin aşağı yaş qruplarından olan yığmaların heyətində rəsmi görüşlərdə meydana çıxmısan? - Yalnız bir neçə dəfə gənclər millisinə toplanışa çağırılmışam. Amma oyun keçirməmişəm. Sonradan məşqçilər bizi diqqətdə saxlayacaqlarına söz versə də, ovaxtdan təklif gəlməyib.

Paylaş