İrakli "Qarabağ"da da qol vurur (HET-TRIK, 13.02.2006)

single-news
13 Fev 2006

İrakli "Qarabağ"da da qol vurur (HET-TRIK, 13.02.2006)



Oyuna mərkəzdən qonaqlar başladı. Matçın ilk dəqiqələri sönük keçsə də, tədricən "Qarabağ" ərazi üstünlüyünə yiyələndi və ilk təhlükəli vəziyyəti də ağdamlılar yaratdı. Romal Hüseynovun asmasından sonra Samir Musayev topu sinəsiylə saxlayaraq, qapıya zərbə endirdi, lakin vuruşu dəqiq alınmadı. "Turan"ın cavabı isə daha təhlükəli oldu. Etimad Qurbanovun təxminən 30 metrdən yerinə yetirdiyi cərimə zərbəsindən sonra Vitali Kovalyov topu tirin üstündən aşırdı. Tezliklə Zoran Çelinşek hesabın açılmasına şərait yaratdı. Lakin onun hava ötürməsindən sonra Aslan Kərimov 4-5 metrdən topu qapıya göndərə bilmədi. Bunun ardınca Musayev də fərqlənmək şansını boşa verdi. Az sonra Kərimov daha bir imkan qazandı. O, üç müdafiəçiylə qapıçını keçərək İrakli Berayaya ötürmə verdi. Gürcünün zərbəsindən sonra Kamal Ələkbərov topun qapı xəttini keçməsinə imkan vermədi. İlk hissədə "Qarabağ" nisbətən ərazi üstünlüyünə malik olsa da, elə də yaxşı oyun nümayiş etdirə bilmirdi. Yəqin bu da komandanın yenidən qurulmasıyla bağlıdır. "Qarabağ"ın taktiki düzülüşünə nəzər saldıqda Aslan Kərimovun dayaq yarımmüdafiəçisi mövqeyində yox, pleymeyker kimi oynadığı da diqqət çəkirdi. Əsas heyətdən məhrum olan "Turan" da məzmunlu oyunla yadda qalmadı. Buna baxmayaraq, hiss olunurdu ki, qonaqlar heç də asan təslim olunmaq fikrində deyillər. Yarımmüdafiənin mərkəzində oynayan Hafiz Əliyevlə sağ cinahda çıxış edən Camal Məmmədovun fəallığını xüsusilə qeyd etmək lazımdır. Müdafiədə yer alan Aqil Nəbiyev, Elxan Abdıyev, Eltay Aslanov və İrakli Vaşakidze "dördlüy"ü də inamlı təsir bağışlayırdı. Bu sözləri hücumda çıxış edən Vüsal Qarayevə aid etmək isə düzgün olmazdı. "Qarabağ" istədiyini ikinci hissənin əvvəllərində həyata keçirdi. 54-cü dəqiqədə qapıçıyla təkbətək çıxan İrakli Beraya hesabı açdı. Beraya az sonra yenidən diqqət mərkəzinə gəldi. O, qapıçıyla təkbətək çıxsa da, bu dəfə Kamran Ağayevə məğlub oldu. İkinci hissənin sonlarına yaxın Samir Musayev aşırma zərbəsiylə hesab arasındakı fərqi artırmağa yaxın oldu, lakin Ağayevin növbəti qurtarışı buna imkan vermədi. Matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə isə "Turan" hesabı bərabərləşdirə bilərdi, əgər Etimad Qurbanovun hava ötürməsini Vüsal Qarayev qapıdan keçirsəydi. Matçda diqqət çəkən məqamlardan biri də birinci dövrəni "Turan"da keçirən Romal Hüseynovla "Qarabağ"da çıxış edən Eltay Aslanovun bu dəfə əks düşərgələrdə yer alması idi. Böyükağa Ağayev ("Qarabağ"ın baş məşqçisi): "İlk oyunun ağır keçəcəyini gözləyirdik. Uşaqlara da demişdim ki, çətin olacaq. Yaxşı oyunlar qabaqdadır. Daha çox qol vura bilərdik. Ancaq reallıqla barışmalıyıq". Sakit Alıyev ("Turan"ın baş məşqçisi): "Qarabağ" yaxşı oynadı. Biz də pis oynamadıq. Qol vura da bilərdik, buraxa da bilərdik. Komandanın yenidən qurulmasını da nəzərə almaq lazımdır. Məğlub olmağımıza baxmayaraq, uşaqların əzmkarlığından razıyam".

Paylaş