IŞIK EMRAH ÇELİKEL: “DOPİNG NƏZARƏTİN OLMAMASI – PROBLEMİN YARANMA SƏBƏBİDİR!”

single-news
22 Noy 2006

IŞIK EMRAH ÇELİKEL: “DOPİNG NƏZARƏTİN OLMAMASI – PROBLEMİN YARANMA SƏBƏBİDİR!”



Son zamanlar dövrü mətbuatda komandamızın, eyni zamanda Millinin aparıcı futbolçusu Sergey Sokolovun qanında qadağan olunmuş preparatın tapılması barədə yazılar yer almaqdadır. Bu barədə Klubumuzun Direktoru Işık Emrah Çelikel saytımız üçün açıqlama vermişdir. Onu diqqətinizə çatdırırıq: - Bildiyiniz kimi, Klubumuzun aparıcı Futbolçusu Sergey Sokolovun Belçika – Azərbaycan matçı zamanı doping nəzarətində qadağan olunmuş preparat qəbul etdiyi aşkara çıxarılmışdır. Buna necə münasibət bəsləyirsiniz? - Əlbətdə ki pis. Bu barədə mən ilk olaraq son günlər şifahi məlumatlandırıldım. Bundan sonra futbolçumuzun özü ilə də danışdım. Onun ayağında ağrılar olduğundan bəzi ağrıkəsici iynələrin vurdurduğunu öyrəndim. Bunların tərkibində nə isə qadağan olunmuş maddə ola bilərdi. Digər səbəblər də ola bilər. Biz bütün bu səbəblər üzərində araşdırmalar aparırıq. Lakin deyilənlərə baxmayaraq, biz futbolçumuzu haqlı saymırıq. Sergey Sokolovun timsalında “Qarabağ” futbolçusunun adının belə hallanması bizi təəssüfləndirir. - “Qarabağ”ın futbolçusunun qanında qadağan olunmuş preparatın tapılması klubda həkimlik infrastrukturunda boşluqların olması kimi də yozula bilər ki, bunu da edənlər yox deyil… - Bizim Klubda Antidopinq Komitəsinin qadağan etdiyi bütün dərmanların siyahısı var ki, biz hər zaman buna nəzarət edirik. Ayrıca, klubda həkim üçün alınan dərmanlara da birbaşa nəzarəti həkimimiz edir. Bu səbəbdən bizim hansısa bir dərmanı doping olaraq futbolçumuza verməyimiz absurddur. Lakin deməliyəm ki, ölkəmizdə Doping Testdən keçmək üçün bir dənə də olsun yerin olmaması bizi təəssüfləndirir. Belə ki, klublar olaraq biz əgər çempionat öncəsi futbolçularımızı doping testdən keçirmiriksə, sonda beynəlxalq miqyasda belə bir problem çıxdıqda, çıxılmaz vəziyyətdə qalırıq. Mən çox sevinərdim ki, ölkəmizdə də bu tip Tibb ocaqları olsun ki, biz də istədiyimiz və ya lazım bilinən vaxt ora müraciət edib futbolçularımızı yoxlayaq. - Bəs Klub olaraq, öz futbolçularınızın sağlamlığını necə yoxlayırsınız? - Biz vaxtlı vaxtında futbolçularımızı fiziki, kondisyon və digər sağlamlıq üçün zəruri yoxlamalardan keçiririk. Misal olaraq, ən son razılığa gəldiyimiz Hacettepe Universitetini göstərə bilərəm. Oranın Spor Bilimleri və Teknolojisi Yüksekokulu ilə qarşılıqlı razılıq əsasında ilk dövrədən sonra futbolçuların Avropada olduğu kimi, fiziki durumları testdən keçiriləcək. Bununla da hər bir futbolçunun məşqlər və oyunlar zamanı gücü müəyyənləşəcək, onların faydalılıq əmsalı bilinəcək. Doping Testlərə gəlincə komandanın bütün futbolçularının belə bir testdən keçməsinin tərəfdarıyam. Çünki futbolçuların belə bir testdən keçməsi sonradan təəssüf doğuran hadisələrin baş verməməsi üçün şərtdir. - Hal hazırda Sergey Sokolovun cəzalanması gündəmdədir. Klub olaraq, günahkar kimi sayırsınız? - Biz bu məsələdə nə AFFA-nın, nə də Klubumuzun həkimini günahkar saymırıq. Hadisə olub və bu hadisənin doğuran səbəbləri araşdırmalıyıq ki, sonradan belə hallarla bir də qarşılaşmayaq. Dediyim kimi klubumuzda buna ciddi nəzarət var. AFFA- da da belə olduğunu düşünürəm. Sadəcə ən yaxın zamanda ölkəmizdə Doping Nəzarət bölməsi yaradılmalıdır. Səbəb bunun ölkəmizdə olmamasıdır. Antidoping komitəsinin yaradılması Beynəlxalq miqyasda problemlərin yaranmaması üçün vacibdir.

Paylaş

// pop up