İsmayıl Məmmədovla Samir Abbasov da "Karvan"lı olacaq (FUTBOL+, 21.06.2005)

single-news
21 İyn 2005

İsmayıl Məmmədovla Samir Abbasov da "Karvan"lı olacaq (FUTBOL+, 21.06.2005)



Əsas planlarını qarşıdakı çempionata nəzərən cızan "Karvan" bir anda sözün əsl mənasında transfer bombası partlatmağı qərararlaşdırıb. Çox etibarlı mənbədən aldığımız bilgiyə görə, qərb klubu bugünlərdə üç tanınan yeni fubolçu ilə müqavilə imzalaycaq. Ağ-qara formanı geyəcək yeni adların kimliyi də məludu. "Qarabağ"ın böhran yaşaması üzündən ağdamlıların sıralarından ayrılan Aslan Kərimov, İsmayıl Məmmədov və Samir Abbasov artıq "Karvan"la danışıqları yekunlaşdırıb. Sözdə anlaşma baş tutsa da hələ ki, tərəflər masa arxasına keçməyə tələsmir. Adıçəkilən futbolçulardan nə Kərimov, nə də ki, Məmmədov aldığımız xəbəri təkzib etdi. Hər halda, uzağı bir-iki günə hər şeyin konkretləşəcəyi dəqiqdi. Maraqlıdı, deyəsən, yevlaxlı rəsmilər yaxında kütləvi imzalama mərasimi təşkil etməli olacaq. Baş məşqçi Fuad Yamanın təbirincə desək, "ön protokol" imzalanan futbolçulardan seçilənlərlə sözdə anlaşılan braziliyalı Do Souza Dias Kleyton və Pereyra Ernaniylə münasibətlər tam sənədləşdərilməlidi. Yuxarıda qeyd etdiyimiz "üçlük"lə də yazılı sözləşməni nəzərə alsaq, imza törəninin baş tutacağına şübhə qalmır. Əlavə edək ki, "Karvan"ın rənglərinə bağladığı futbolçular arasında Aqil Məmmədov da ola bilərdi. Ancaq Yevlax klubunun transfer siyahısına düşən yarımmüdafiəçi çox güman, Bakıda qalacaq. Belə ki, Aqilin sabiq komandası "Neftçi"yə "könül verdiyi" və flaqmanla danışıqlar apardığı yönündə xəbərlər dolaşmaqdadı.

Paylaş