İstanbulda ara qarışdı

single-news
9 Fev 2009

İstanbulda ara qarışdı



Əziz Yıldırım paltardəyişmə otağına hücum etdi, Aleks və Quiza meydandan qaçdı, azarkeşlər Araqonesi hədəfə aldı

"Fənərbaxça"nın dünən axşam "İstanbul B.B"yə məğlubiyyəti komanda daxilində vəziyyəti son həddə çatdırıb. Oyunun gedişində və sonra həm komandanın düşərgəsində, həm də kənarda bəzi xoşagəlməz olaylar yaşanıb.
Əvvəlcə start heyətində meydana çıxan ulduz futbolçular - Aleks və Quiza komandanın düşərgəsini tərk edib. Belə ki, Luis Araqonesin 58-ci dəqiqədə meydandan çıxartdığı futbolçular görüşün qalan hissəsini ehtiyat oyunçular skamiyasında izləyib. Lakin 80-ci dəqiqədə ikinci qol "Fənər"in qapısından keçən kimi hər iki futbolçu ehtiyat oyunçular skamiyasından qaçıb. Meydançanı tərk edən braziliyalı və ispan oyunçu təkbaşına paltardəyişmə otağına yollanıb.
Oyun bitən kimi isə "Fənərbaxça"nın prezidenti Əziz Yıldırım "fırtınası" əsməyə başlayıb. Əvvəlcə rəqibin paltardəyişmə otağına gedən klub prezidenti, hər kəsi ayrı-ayrılıqda təbrik edib. Ardınca hakimlərin otağına yollanaraq, Cüneyt Çakır və köməkçilərinə gözəl idarəçiliyə görə təşəkkürünü bildirib.
Bundan sonra Yıldırım "Fənərbaxça"nın paltardəyişmə otağına daxil olub. Türkiyə mətbuatı xəbər verir ki, olduqca əsəbi görünən klub prezidenti təxminən 15 dəqiqə ərzində otaqda qalıb və futbolçularla həddən artıq ağır danışıb. 
Ardınca Yıldırım "Atatürk Olimpiya" stadionunun VİP salonuna yollanaraq orada olan İdarə Heyətinin üzvlərilə təxminən 45 dəqiqəlik qapalı toplantı keçirib. Toplantıda baş məşqçinin məsələsinin müzakirə olunluğu ehtimal edilir və Araqoneslə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi proqnozlaşdırılır. Toplantıdan sonra prezidenti əsəbi şəkildə stadionu tərk edib və jurnalistlərin suallarını cavablandırmayıb.
Oyun bitəndən sonra isə "Sarı-lacivərdli" azarkeşlər klub rəhbərliyinə və baş məşqçiyə qarşı geniş kampaniyaya start verib. Belə ki, "Fənərbaxça" azarkeşlərinin internet saytı olan antu.com-un giriş səhfəsinə üzərinə "Matçın ulduzu, Zirvədən qopuruq" sözləri yazılmış Araqonesin aşağı baxan şəkili yerləşdirilib və məğlubiyyətə görə bütün məsuliyyət ispan mütəxəssisin üzərinə atılıb.
Saytda yerləşdirilmiş xəbərdə isə "Belə oyun itirilməz" başlığından istifadə edilib. "Superliqanın 19-cu həftəsində "Fənərbaxça"mız "İstanbul B.B"yə 0:2 hesabı ilə məğlub oldu. 43-cü dəqiqədə 10 nəfər qalan rəqib qarşısında varlığını göstərə bilməyən komandamız oyunu ilə xəyal qırıqlığı yaratdı. Özəlliklə oyunçu seçimində və dəyişikliklərdə böyük bir fiaskoya imza atan Araqones məğlubiyyətin memarı oldu", - deyə azarkeşlərin bəyanatında bildirilir.
"Bəhanə deyil, çözüm istəyirik" tələbi ilə çıxış edən "Sarı-lacivərdlilər" Araqonesə qarşı daha sərt ittihamlar irəli sürüb: "Buraxılan qollar ofsayd ola bilər, haqsızlıq ola bilər, amma bunların heç biri həftələrdir davam edən bərbad oyunun, səhv taktikanın günahkarı deyil. Bunun səbəbkar bəllidir. Vəziyyət o qədər pisdir ki, görməməzlikdən gəlmək, susmaq durumu bir az da ağırlaşdıracaq. Hər şey fəlakət həddinə çatmadan problemlər tapılaraq aradan qaldırılmalıdır. Araqonesin inadına, yalnış taktikasına göz yummaq mümkün deyil".
Qeyd edək ki, "İstanbul B.B" - "Fənərbaxça" oyununda hesabı 5-ci dəqiqədə İsgəndər açıb. 80-ci dəqiqədə Razundara yekun hesabı müəyyənləşdirib - 2:0. "Fənərbaxça" matçın böyük bir hissəsini azlıqda qalan komandaya qarşı keçirib. Belə ki, oyunun baş hakimi 43-cü dəqiqədə meydan sahiblərinin oyunçusu Mahmudu, 90+4-cü dəqiqədə isə ikinci qolun müəllifini meydandan qovub. 90+4-cü dəqiqədə həmçinin "Fənərbaxça"nın oyunçusu Gökhan Gönül də qırmızı vərəqə alıb.

Mənbə: www.fanat.az

Paylaş

// pop up