Kapitandan yubiley töhfəsi və ya Qurban Qurbanov üçün tarixi qol (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Kapitandan yubiley töhfəsi və ya Qurban Qurbanov üçün tarixi qol (apasport.az)
Azərbaycan Premyer Liqasının XX turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, bu il 40 yaşını qeyd edəcək mütəxəssis baş məşqçilik karyerasında 250-ci dəfə qol sevinci yaşadı.
Belə ki, “Bakı” ilə səfər matçınadək Qurbanovun yetirmələri 248 qol vurmuşdular. Bu qolların 76-nı 2006-07-ci illərdə rəhbərlik etdiyi “Neftçi”, 172-ni isə 2008-ci ilin yayından çalışdırdığı “Qarabağ” vurmuşdu. “Bakı”nın təlim-məşq bazasında keçirilən görüşdə 3:0 hesabının qeydə alınması isə Ağdam təmsilçisi ilə 175, ümumilikdə 251 qola çatmağa imkan verdi.
Bu isə o deməkdir ki, “Bakı”nın qapısına vurulan 2-ci qol Qurbanovun məşqçilik karyerasında yubiley – 250-ci olub. Bu əlamətdar topun müəllifi isə kapitan Rəşad Sadiqov idi.
Onun ardınca fərqlənib, matçda son nöqtəni qoyan Georgi Adamiya isə baş məşqçisinin karyerasında ilk qolun müəllifidir. O, 2006-cı il avqustun 6-da “Neftçi” – “Gənclərbirliyi” görüşünün 17-ci dəqiqəsində Qurbanovun baş məşqçi postundakı debütünə ilk qolla töhfə vermişdi.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi debüt edib, ilk qola sevindiyi gündən 250-ci olan qoladək 2020 gün ərzində mütəxəssis 180 matçda iş başında olub.
Turnir “Neftçi” “Qarabağ” Cəmi
Çempionat 54 130 184
Kubok 19 18 37
UEFA kuboku/Avroliqa 3 27 30
Cəmi 76 175 251