Kapitanımız millinin ən yaxşısı seçildi

Kapitanımız millinin ən yaxşısı seçildi
AFFA milli komandaların 2013-cü il üçün ən yaxşılarını mükafatlandırıb.AFFA-nın təşkilatçılığı ilə `Hilton` otelində keçirilən tədbirdə 6 nominasiya üzrə qaliblər açıqlanıb.
Assosiasiya rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri, milli komandanın məşqçi və futbolçu heyəti və jurnalistlərin qatıldığı tədbirdə milli komandanın ən yaxşı futbolçusu adına yığmanın və `Qarabağ`ın kapitanı Rəşad Sadıqov layiq görülüb. Müdafiəçi 2010-cu ildə qazandığı mükafata 2-ci dəfə sahib çıxıb.
Ən yaxşı qapıçı seçilən Kamran Ağayev isə artıq 4-cü dəfədir bu ada layiq görülür. `Bakı`nın üzvü 2009, 2011 və 2012-ci illərdə də hamıdan güclü olmuşdu. 2010-cu ildə isə bu nominasiya olmayıb.
Kamran kimi Vitali Borisov da `poker` edib. İlin futzalçısı olan oyunçu 2010, 2011 və 2012-ci illərdə də ən yaxşı seçilmişdi.
`Xəzər Lənkəran`ın arxa xətt oyunçusu Rasim Ramaldanov millidə ən çox oyun keçirən futbolçu kimi mükafatlandırılıb. Yığmamızın üzvü ilk dəfə belə mükafat alır.
19 yaşadək qızlardan ibarət yığmanın ən yaxşı futbolçusu adına Nigar Cəlilli layiq görülüb. Gənc oyunçu ilk dəfə bu titula yiyələnib.
Çimərlik futbolu üzrə milli komandada isə Emin Kürdov hamını qabaqlayıb. Bu uğur onun 2-ci belə nailiyyətidir. Emin 2010-cu ildə də ən yaxşı seçilmişdi.