"KARVAN" BƏYƏNAT YAYDI . . .
8 Fev 2006
"KARVAN" BƏYƏNAT YAYDI . . .
Son günlər mətbuatda "Karvan" İdman Klubunun rüşvət, hədiyyə verməkdə adının hallandırılması klubun hiddətinə səbəb olmuşdur. Bu səbəbdən Klub rəsmi veb səhifəsi vasitəsilə bəyənat yaymışdır. Bəyənatın bəzi bölümlərini diqqətinizə çatdırırıq:
"...Bu gün bu bəd niyyətli insanlar sadəcə burunlarının ucunu görən bəzi klub təmsilçilərinin sifarişi ilə öz çirkab içində olan əllərini “Karvan” İdman Klubuna doğru uzadıblar. Bizimlə heç bir əlaqəsi olmayan böhtan, şər dolu şayiələr yaymaqdadırlar. “Karvan” İdman Klubu bəyan edir ki, heç bir zaman heç kəsə heç bir şəkildə rüşvət və ya hədiyyə verməyib və vermək niyyətində də deyil. Çempionatın 2-ci dövrəsinin başlanması ilə əlaqədar hansısa hakimləri hədələmək, onları şantaj etmək, təzyiq göstərmək, bu minvalla onları yönləndirmək istəyən sifarişçilərin və onların bu məkrli sifarişini həyata keçirən prinsipsiz, qəpik quruşa satılan bəzi KİV nümayəndələrinin, yazarların öz bəd əməllərini kənara qoyub yaşıl meydanda dürüst mübarizədə kimin güclü olduğunu isbatlamanın daha yaxşı olacağını “Karvan” İdman Klubu olaraq nəzərlərinə çatdırırıq.
Biz, “Karvan” İdman Klubu olaraq, Azərbaycan futbolunda hakimliyin səviyyəsinin artırılmasına yönəlmiş bütün addımları alqışlamış və gələcəkdə də dəstəkləyəcəyik. Hər hansı bir hakimin bir təqsiri, günahı varsa, aidiyyəti orqanların bunu araşdırıb lazımi tədbirlər görməsini və təqsirlilərin cəzalandırılmasını tələb edirik. Eyni zamanda, vəzifəsini dürüst icra edən Azərbaycan futbol hakimlərini sona qədər imkanlarımız ölçüsündə müdafiəsinə hazırıq. Bir daha, Azərbaycan futbolunun inkişafına milyonlarca dollar sərmayə qoyan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman siyasətini canla-başla həyata keçirdən “Karvan” İdman Klubuna, eləcə də bütün Yevlax ictimaiyyətinə böhtan atan, şər yaxan şəxslərə və onların himayədarlarına xəbərdarlıq edirik: “Öz çirkli əllərinizi “Karvan” İdman Klubundan çəkin! İnkişafda olan Azərbaycan futbolu adlanan maşının, xalqın iradəsinin önündən çəkilin, yoxsa o maşın sizi əzib keçər!!!”
Yazının bütünlüklə "Karvan" İdman Klubunun rəsmi veb-səhifəsindən oxuya bilərsiniz.