"Karvan" büdrədi, "Neftçi" zirvədə! (525-Cİ QƏZET, 28.03.2006)

single-news
28 Mar 2006

"Karvan" büdrədi, "Neftçi" zirvədə! (525-Cİ QƏZET, 28.03.2006)



Həftə sonu futbol üzrə ölkə çempionatında növbəti turun görüşləri keçirilib. 18-ci tur turnir cədvəlində bir neçə dəyişikliklə yadda qalıb. Uzun fasilədən sonra sonuncu ölkə çempionu "Neftçi" birinci, dövrələrarası fasilədə heyətinin əsasını itirmiş "Turan" isə pilləyə yüksəlib. Bundan başqa "Xəzər-Lənəkran" və "Olimpik" komandaları da turnir cədvəlində hərəyə bir pillə irəliləyiblər. 18-ci tur həm də meydan sahiblərinin uğursuzluğu ilə müşayiət olunub. Belə ki, baş tutan 7 görüşün birində də qalib gələ bilməyən "ev" sahibləri bu qarşılaşmalarda cəmi 1 dəfə fərqlənməyə müvəffəq olublar. 7 görüşdən 4-də qonaqlar qalib gəldikləri halda 3 matç heç-heçə tamamlanıb. "Neftçi" səfərdə "Gəncə"nin qonağı olub. Matça fəal başlayan flaqman artıq ikinci dəqiqədə Banimir Subaşiçin qolu ilə hesabda önə keçib. Az sonra serb futbolçu özünün və komandasının ikinci qolunu vurmaqla dubla imza atıb. Bu, həm də ilk hissədə vurulan son qol olub. Fasilədən sonra da üstünlüyü davam etdirən "ağ-qaralar" 55-ci dəqiqədə növbəti dəfə meydan sahiblərini oyuna meydanın mərkəzindən başlamağa dəvət ediblər. Bu dəfə "Neftçi"nin moldovalı legioneri Vadim Borets fərqlənib. Ağasəlim Mircavadovun yetirmələri 3:0-dan sonra da hücumlarına ara verməyiblər. "Gəncə"nin isə gücü yalnız rəqib hücumlarını seyr etməyə çatıb. Bakılıların növbəti qolları matçın son 10 dəqiqəsinə təsadüf edib. Əvvəlcə 84-cü dəqiqədə flaqmanın daha bir legioneri Svyetoslav Stefanov fərqlənib. Az sonra isə uzun fasilədən sonra yaşıl meydana qayıdan Zaur Tağızadə beşinci qolu meydan sahiblərinin qapısından keçirib. Bununla da "qızıl oğlan" həm dönüşünü qolla qeyd edib, həm də komandasının 5:0-lıq qələbəsini rəsmiləşdirib. Bununla da əzəli rəqibini darmadağıni edən "Neftçi" 14 illik rəqabət ərzində ən böyükhesablı qələbəsini qazanıb. Şənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda "Gənclərbirliyi"ni qəbul edən "İnter" 90 dəqiqə üstün oyun sərgiləməsinə baxmayaraq rəqib qapısına yol tapa bilməyib. Komandanın "dişsizliyi" yeni baş məşqçi Oleq Smolyaninova da debüt matçında qələbə qazanmağa imkan verməyib. Bununla bir yandan "İnter" çempionluq uğrunda mübarizədə zərbə alıb, digər tərəfdən isə Sumqayıt klubu ikinci dövrədəki məğlubiyyətsizliyini davam etdirib. Çempionluq uğrunda ciddi zərbə alan komandalardan biri də "Bakı" olub. Səfərdə çempionatın ən zəif komandası "Göyəzən"in qonağı olan "Bakı" rəqibini üstələyə bilməyib. Ən acınacaqlısı isə odur ki, Əsgər Abdullayevin yetirmələri məğlubiyyətdən son anlarda qurtulublar. Komandasını məğlubiyyətdən Vadim Vasilyev xilas edib. Buna qədər isə Koroğlu Vələdəv "Göyəzən"i hesabda önə keçirdiyindən matç 1:1 hesabı ilə başa çatıb. "Göyəzən"dən fərqli olaraq çempionatın daha bir autsayderi, MOİK bu tur xal qazana bilməyib. Öz meydanında "Olimpik"i sınağa çəkən "hərbçilər" rəqibə 0:2 hesabı ilə uduzublar. "Olimpik"in qollarına Nizami Hacıyevlə Zaur İsmayılov imza atıblar. Turun mərkəzi görüşü bazar günü keçirilib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Qarabağ" "Karvan"ı qəbul edib. Matça meydan sahibləri fəal başlayıblar. İlk qol vəziyyəti 12-ci dəqiqədə yaranıb. Lakin "Qarabağ"lı Fərid Quliyevin zərbəsi zəif alınıb. 14-cü dəqiqədə künc zərbəsindən sonra Mübariz Orucov qapı torunu yandan nişan alıb. Elmir Xankişiyevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra "Karvan"ın bəxti gətirib. Mübariz Orucov yüz faizli qol imkanından yararlana bilməyib. 10 dəqiqə sonra isə Fərid Quliyev qapıçı ilə təkbətəkdən məğlub ayrılıb. Fasilədən sonra da ağdamlıların müəyyən üstünlüyü hiss olunub. Əks-hücumlarla dəfələrlə rəqibi cəzalandırmaq şansı qazanan "Qarabağ"lılar bundan yararlana bilməyiblər. Digər tərəfdən də Cahangir Həsənzadənin inamlı oyunu matçın qolsuz bərabərliklə başa çatmasını təmin edib. Oyundan sonra baş məşqçilər qarşılaşma haqda fikirlərini bildiriblər. Yunis Hüseynov ("Karvan"ın baş məşqçisi): "Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Rəqibin "Bakı" ilə oyunlarına baxmışdıq. "Qarabağ" güclü rəqibdir və bu gün də bunu sübut etdi. Mən sevinirəm ki, bizim heç-heçəmizə çoxları sevindi. Bu məni, sevindirir. Demək istəyirəm ki, bugünkü heç-heçəyə baxmayaraq, "Karvan" həm çempion olacaq, həm də kubokun sahibi kimi qızıl dubla imza atacaq". Böyükağa Ağayev ("Qarabağ"ın baş məşqçisi): "Liderə qarşı oynamaq həmişə çətin olur. Bu gün də istisna olmadı. Bir neçə futbolçunun oyundan əvvəl zədələnməsi işimizi daha da çətinləşdirdi. Lakin sevinirəm ki, meydana buraxdığım 11 futbolçu ürəklərini qoydular və bunun qarşılığında qələbə də olmasa, heç-heçəyə nail olduq". Turun gözlənilməz nəticələrindən biri də İmişlidə qeydə alınıb. Burada "Turan"ı qəbul edən yerli "MKT-Araz" 90 dəqiqəni hücumda keçirməsinə baxmayaraq rəqibinə 0:1 hesabı ilə uduzub. Matçın taleyini həll edən yeganə qolu qarşılaşmanın 47-ci dəqiqəsində Elvin Məmmədov vurub. Daha bir səfər qələbəsinə "Xəzər-Lənkəran" imza atıb. Səfərdə "Şahdağ"ın qonağı olan cənublular matçın taleyini 9 dəqiqə ərzində (9 və 18-ci dəqiqələrdə) Zaur Ramazanov və İonel Savunun vurduğu qollarla həll ediblər.

Paylaş

// pop up