"KARVAN" - "QARABAĞ" LİDERLİK KİMƏ QİSMƏT OLACAQ? (ÇEMPİON, 25 FEVRAL, 2005)

single-news
25 Fev 2005

"KARVAN" - "QARABAĞ" LİDERLİK KİMƏ QİSMƏT OLACAQ? (ÇEMPİON, 25 FEVRAL, 2005)



Həftəsonu ölkə çempionatının 21-ci turunun altı qarşılaşması keçiriləcək. Bu turda “Şəfa”nın hesabına “Turan” üç xalı oynamadan qazanacaq. Turun özəlliklərindən biri də əksər matçların bölgələrdə keçirilməsidir. Turun mərkəzi görüşü Yevlaxda olacaq. Çempionatın lideri “Qarabağ” ikinci pillənin sahibi “Karvan”ın qonağı olacaq. İlk dövrədə səfərdə ağdamlıları 2:1 hesabı ilə məğlub edən Yunis Hüseynovun yetirmələri bu dəfə də meydançaya qələbə qazanmaq üçün çıxacaqlar. əlbəttə ki, ağdamlılar da uduzmaq fikrində deyillər. Son iki turda qazanılan dörd xalın gətirdiyi yüksək əhval-ruhiyyə bu matçda da İqor Ponomaryovun komandasına kömək edə bilər. “Bakı”yla qarşılaşmada qırmızı vərəqə alan Aslan Kərimov və Aqil Məmmədov bu dəfə komandalarına kömək edə biləcəklər. “Karvan” son altı “ev” matçından üç xalla ayrılıb. Bu turda yevlaxlıları qələbə liderliyə daşıya bilər. İstənilən başqa nəticə “Qarabağ”ı zirvədə saxlayacaq. Turun daha bir maraqlı görüşü “MKT-Araz”la “İnter” arasında keçiriləcək. Liderlərdən bir qədər aralı düşən komandalar hər xal uğrunda mübarizə aparırlar. əgər İmişli təmsilçisi son iki görüşdə maksimum xal toplayıbsa, “İnter” artıq 7 matçdır məğlubiyyətin nə olduğunu bilmir. Son turda doğma meydança sindromunu qıran “MKT-Araz” “İnter”in məğlubiyyətsizlik seriyasına son qoya biləcəkmi? Artıq üç matçdır qələbə üzünə həsrət qalan “Bakı” bu uğursuz seriyaya “Gəncə”ylə matçda son qoymağa çalışacaq. “Xəzər-Lənkəran”la görüşdə 18 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyan “Bakı” bir pillə geriləyib 4-cü yerə düşdü. Lakin onun rəqibi də yaxşı günlərini yaşamır. Belə ki, son 6 oyunda üç xalın nə demək olduğunu bilməyən “Gəncə” yalnız “Şəfa” matçında texniki qələbəyə sevinib. Ümumiyyətlə, “Şəfa”nın çempionatı tərk etməsi “Bakı”nın əleyhinə işləyib. Belə ki, onlarla matçdan əvvəl bütün komandalar istirahət edir. Bu isə “Bakı”nın nəticələrinə öz təsirini göstərir. Ümumiyyətlə, bazargünkü oyunda “Bakı” qələbəyə daha yaxın görünür. İlk dövrədə “Gənclərbirliyi”ni 3:0 hesabı ilə məyus edən “Neftçi” bu dəfə də qələbə qazanmağa çalışacaq. Qurbanın sağalması, Adamiyanın ayağının açılması da onların xeyrinədir. İlk dövrədə “flaqman”ın şərəfini qoruyan Hüseynqulu Quliyev üçün bu görüş özünü sübut etmək üçün böyük əhəmiyyət daşıyır. Qazanılacaq üç xal “Neftçi”ni liderlərə daha da yaxınlaşdıra bilər. Keçirdiyi son dörd qarşılaşmada maksimum xal toplayan “Xəzər-Lənkəran” “Şəmkir”lə görüşdə də qələbə əldə etmək üçün meydançaya çıxacaq. Onların uğur qazanacağını göstərən daha bir məqam: Qərblilər bu mövsüm iddialılarla keçirdikləri 10 görüşün hamısında məğlub olublar. Bu görüşdə hər hansı xal itkisi Lənkəran təmsilçisinə növbəti turda “Karvan”la keçiriləcək matçda psixoloji təsir göstərə bilər. MOİK - “Şahdağ-Samur” matçı elitada qalmaq uğrunda mübarizə aparan komandaların oyunu kimi xarakterizə oluna bilər. 11 oyundur ki, qələbə qazana bilməyən qusarlılar növbəti uğursuzluq nəticəsində təhlükəli zonaya yuvarlana bilərlər. Elə MOİK-in vəziyyəti də ürəkaçan deyil. Belə ki, Şahin Şahhüseyninin komandası qolsuzluq xəstəliyinə tutulub.

Paylaş