"Karvan"da canlanma, "Qarabağ"da isə sükutdu (FUTBOL+, 14.06.2005)

single-news
14 İyn 2005

"Karvan"da canlanma, "Qarabağ"da isə sükutdu (FUTBOL+, 14.06.2005)



"Karvan"da gözlənilənlər baş tutmaq üzrədi. Yevlaxlı rəsmilər növbəti mövsüm üçün şok transferlər həyata keçirməyi planlaşdırır. Artıq türkiyəli Əsər Yağmur, Yasin Sülün, Sərdar Topraktəpə və Arif Ərdəmin qərb klubyla razılığa gəldiyi yönündə xəbərlər yayılmaqdadı. Sözügedən futbolçular dünən paytaxtımıza təşrif buyurub "Karvan"ın məşqlərinə qatılmalıydı. Bildiyiniz kimi, "ağ-qaralar" İntertoto kuboku üçün hazırlıqlarını davam etdirir. Yeni legionerlərin isə dünən gecə vətənimizə qədəm basdığı bildirilir. Həm də dünən vətənində olan Fuad Yaman da komandaya qoşulmalı idi. Yerli futbolçulardan isə yevlaxlıların gündəminə "Neftçi"ylə çempion olan Mahmud Qurbanov düşüb. Hətta özü bu barədə danışmaq istəməsə də, təcrübəli müdafiəçiylə sözdə sövdələşmənin baş tutduğu da bildirilir. "Karvan"ın transfer xəbərləri bununla bitmir. Artıq ötən mövsüm "Qarabağ"ın şərəfini qoruyan Aslan Kərimovla müəyyən razılıq əldə olunub. Qeyd edək ki, bu hələ ki, iddialı klublarımız arasında ilk futbolçu müqaviləsidi. Yeri gəlmişkən, itkiyə məruz qalan "Qarabağ"da nələr baş verdiyi hələ də məlum deyil. Baş məşqçi postu boş qalan Ağdam təmsilçisi axtarışlarını davam etdirir. Klubun himayəçisi olan "Azərsun Holdinq" isə deyəsən, qaçqın komandasını buraxmaq fikrindədi. Hər halda, bütün bunlar gəzən söz-söhbətlərdi. "Qarabağ" rəhbərliyi isə susmaqda davam edir. Belədə komandadaxili ab-havanın yaxşı olmadığı yönündə yayılan informasiyaları əsaslandırıb təkzib etmək mümkün deyil.

Paylaş