“Karvan”ı qələbədən dirəklər məhrum etdi (ÇEMPİON, 27.03.2006)
27 Mar 2006
“Karvan”ı qələbədən dirəklər məhrum etdi (ÇEMPİON, 27.03.2006)
“İnter” üzərində qələbədən sonra yüksək əhval-ruhiyyə ilə meydançaya çıxan “Karvan” “Qarabağ”la qarşılaşmaya hücumlarla başladı. Artıq matçın startındaca Axalkatsi iki oyunçunu keçib qapı önünə ötürmə verdi, ancaq ağdamlı müdafiəçilər təhlükəni sovuşdura bildilər. 15-ci dəqiqədə isə “Qarabağ” fərqlənməyə yaxın oldu. Mübariz Orucovun yaxın məsafədən başla vurduğu zərbədən sonra top qapının yanından keçdi. Üç dəqiqə sonra Bamba Sokolovdan topu alıb qapıçı ilə təkbətək çıxdı. Azər Məmmədov son anda topu hücumçunun ayaqları altından çıxara bildi. Künc zərbəsindən ötürülən topu Müqədi qayçı zərbəsi ilə tora göndərmək istədi, lakin dirək “Qarabağ”ı qoldan xilas etdi. Cavab hücumunda Orucov yenə əlverişli şansı boşa verdi. Az sonra İsmayılın səhvindən yararlanan Fərid Quliyev zərbə mövqeyinə çıxdı, ancaq çərçivəni dəqiq nişan ala bilmədi. Hissənin sonunda isə Nazar Bayramovun zərbəsi dirəyə tuş gəldi.
İkinci hissə də eyni ssenari ilə davam etdi. “Karvan”ın təşkil etdiyi hücumda Nazar Bayramovun vurduğu zərbədən sonra top tirdən döndü. Samir Abbasovun vurduğu zərbə isə qapının azca yanından keçdi. Bu epizoddan sonra oyunda qol epizodları azlıq təşkil etməyə başladı. Yalnız görüşün son dəqiqəsində Kənan Kərimovun da zərbəsi dirəkdən döndü və matç qolsuz heç-heçə ilə başa çatdı.
Yunis Hüseynov (”Karvan”ın baş məşqçisi): “Oyun gərgin keçdi. Qol epizodlarından yararlana bilmədik. Buna baxmayaraq, hər iki titula iddiamızı sürdürürük”.
Böyükağa Ağayev (”Qarabağ”ın baş məşqçisi): “Zədədli futbolçularımızın çox olması oyunumuza təsirsiz ötüşmədi. Nəticədən razıyam”.