KƏNAN KƏRİMOV HEÇ VAXT YADDAN ÇIXMAYIB VƏ ÇIXMAYACAQ DA.
KƏNAN KƏRİMOV HEÇ VAXT YADDAN ÇIXMAYIB VƏ ÇIXMAYACAQ DA.
Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı hücumçular siyahısına Kənan Kərimovu da aid etmək olar. O, bir çox komandalarımızın aparıcı oyunçularından olub və olmaqdadır. Kərimov “Viləş”, “Şəmkir”, “Turan”, “Karvan” kimi klubların uğurları üçün çalışıb. 32 yaşlı futbolçunun son dayanacağı isə “Qarabağ”dır. Dünən təcrübəli futbolçu “Champion” qazetinə verdiyi müsahibəsində hər şey haqqında ətraflı danışdı. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
- Ötən oyunları necə xarakterizə edərdin?
- Geridə qalan oyunlara nəzər salanda uğurlu çıxış etdiyimizi demək olmaz. “Gənclərbirliyi”nə qalib gəldikdən sonra kollektivdə yüksək əhval-ruhiyyə var. Ötən oyunlarda bəxt amili bizim tərəfimizdə deyildi. Bunlara rəğmən gələcəyə ümidlə baxıram.
- “Gənclərbirliyi”nə əlavə lunmuş dəqiqələrdə vurduğunuz qolla qalib gəldiniz...
- Oyun bizim hücumlarımızla başlandı. Viktor və mən “100%-lik” qol imkanlarından yararlana bilmədik. Sonra da şanslarımız oldu. Yenə də dəqiqlik çatışmadı. əlavə edilmiş ikinci dəqiqədə Elşən Məmmədov bizi sığortaladı. Bu matçda xəstə olmağım sərgilədiyim oyuna mənfi təsir göstərdi.
- “Qarabağ” həm kubokdan, həm də çempionluq yarışından kənarda qaldı. Bundan sonra nə uğrunda mübarizə aparacaqsınız?
- Qarşımıza qoyulan məqsəd yüksək yerlərdən birinə yiyələnmək idi. Rəhbərliyin tapşırığını yerinə yetirmək üçün var qüvvəmizlə çalışdıq. Kubokdan əlimizi üzmüşük və bununla barışmalıyıq. Çempionatda isə bizi daha 7 qarşılaşma gözləyir. Liderlikdən də danışmaq yersizdir. Ancaq maksimum nəticə üçün mübarizə aparcağıq.
- Bəs çempionluq yolunda sizin qarşınıza çıxan əsas problem nə oldu?
- “Qarabağ”da böyük işlər görülməkdədir. Bu yaxınlarda stadion və baza tikintisinə başlanacaq. Bəlkə də bu proses builki çempionluq uğrunda yarışı arxa plana saldı. Bir də abş məşqçi Rasim Kara gənclərə çox güvənir. Bizim gənclər digər klublarda heç “18-liyə” düşə bilməzlər. lakin Kara “İnter”lə kubok oyununda yanılmadığını sübut etdi. Rauf Əliyevin iki qol vurması bunu təsdiqlədi.
- Karanın bu addımına sənin münasibətin necədir?
- Onun fəaliyyətini alqışlayıram. Rasim Kara mövsümün əvvəlində Aslan Kərimovu və məni yanına çağırdı. Bizdən cavanlara yardımçı olmağımızı xahiş etdi. Biz də əlimizdən gələn köməkliyi əsirgəməməyə çalışırıq. Lakin mən gənc olanda özümə qarşı bu qayğını görməmişəm.
- Karanın gənclərə güvənməyi sənin ehtiyatda qalmağına gətirib çıxarmayacaq ki?
- Belə düşünmürəm. formada olana hər zaman start heyətində yer tapılır. Baş məşqçiyə minnətdaram. Çox gözəl insandır. Mənə futbolçu kimi hörmət edir və güvənir. O Azərbaycan futbolunun inkişaf etməsini çox istəyir.
- Hazırda formada deyilsən...
- Təqribən bir ay bundan əvvəl ciddi zədə aldım. Özümə gəlməyə macal tapmamış xəstəlik məni yaxaladı. Məhz bu səbəbdən indi yaxşı formada deyiləm.
- Bir ay bundan öncə milliyə çağrılanlar arasında idin...
- Bu təklif zədələnməyimlə üst-üstə düşdü.
- Zədəni sağaldandan sonra isə diqqətdən kənarda qaldın...
- Bu məni qətiyyən qorxutmur. Kənan Kərimov heç vaxt yaddan çıxmayıb və çıxmayacaq da. Azərbaycan futbolunda müəyyən qədər öz sözümü demişəm.
- Indi isə gəl keçmişə nəzər salaq...
- Heyif o günlərdən...
- “Viləş”, “Şəmkir”, “Turan”, “Karvan” kimi komandaların uğurları üçün çalışmısan. Hazırda isə “Qarabağ”da oynayırsan. Hansı komanda sənin həyatında daha önəmli yer tutur?
- Ümumiyyətlə, çıxış etdiyim klubların heç birində problemim olmayıb. Karyeramın ən önəmli səhifəsini isə “Şəmkir”in heyətində yaşamışam. Orda bir il oynamağıma baxmayaraq, çox gözəl günlərim olub. Həmin ili ikinci yeri tutduq. “Turan”da çıxış edəndə isə əməliyyat olundum.
- Vurduğun ən önəmli qolu necə xatırlayırsan?
- Bu barədə heç fikirləşməmişdim. Yadıma düşdü... 2:1 hesabı ilə qalib gəldiyimiz “Viləş” – “Neftçi” oyununda qolların birini mən vurmuşdum.
- Sənə ən böyük çətinlik yaradan müdafiəçi kim olurdu?
- Yaxşı müdafiəçilər hər zaman olub. Amma hücumçu formada olanda qarşısında heç kim dura bilməz.
- “Viləş”də oynayarkən əsas heyətə düşmək uğrunda səninlə Alay Bəhramov arasında güclü rəqabət var idi...
- Cavanlıq idi. Alay mənim yaxın dostlarımdandır. Yeri gəlmişkən qeyd edim ki, müsahibə verməyi xoşlamır. Çünki danışıq qabiliyyəti yoxdur (gülür).
- İndiyə kimi Qəhraman Əliyev, Ağasəlim Mircavadov, Naci Şensoy, Rasim Kara kimi mütəxəssislərin rəhbərliyi altında oynamısan. Onların hansı daha təcrübəlidir?
- Hər birinə böyük hörmətim var. Mənə bilmədiklərimi öyrədiblər. qeyd etdiyiniz məşqçilərin hər birinin özünə məxsus taktikası var.
- Futbolçu olduğuna görə kimə borclusan?
- Atama... O mənim və hazırda “Karvan”ın qapıçısı olan qardaşım Sahil Kərimovun futbolçu olması üçün çox əziyyət çəkib.