Kənan "Qarabağ"ın şanssızlığından gileylənir(Futbol+, 20.08.2007)
Kənan "Qarabağ"ın şanssızlığından gileylənir(Futbol+, 20.08.2007)
"Məhz çempionla oyunda qələbə qazanmağa çalışacağıq"
Yay fasiləsində Türkiyədə keçirdiyi təlim-məşq toplanışıyla cari mövsümə ciddi hazırlaşan "Qarabağ"dan çox şey gözlənilirdi. Rasim Karanın çalışdırdığı Ağdam komandasının rəhbərliyi bundan sonra daha çox təsisləşməyə fikir verəcəklərini açıqlasa da, iddialarından da əl çəkməyəcəklərini bildirirdi. Ötən mövsümün gedişində komandada gəncləşdirmə siyasətinə başlayan türkiyəli çalışdırıcı fasilədə hətta bir sıra təcrübəli oyunçulardan imtina etməli oldu. Ancaq sonradan Murad Ağakişiyev, Fərhad Vəliyev kimi yığma üzvləriylə, Viktor İbokoyi, İsaak Pupo, Soumah Mamaduba kimi əcnəbi futbolçularla heyətini gücləndirən ağdamlılar heç də autsayder olmayacaqlarına işarə vururdu. Ancaq "Qarabağ" ilk iki turda "Simurq" və "Karvan"a uduzmaqla ona bəslənilən ümidləri alt-üst etdi. Bəs görəsən, komandanın belə uğursuzluğunun səbəbi nədi? Bu və digər suallara ağdamlıların aparıcı oyunçularından Kənan Kərimovla söhbətdə aydınlıq gətirməyə çalışdıq.
- Komandan keçirdiyi ilk iki oyunda bir xal da qazana bilmədi. Halbuki "Qarabağ"ın mövsümə ciddi hazırlaşması belə start götürəcəyinizdən xəbər vermirdi...
- Düzü, özümə də qəribə gəlir ki, elə hazırlıqdan sonra niyə ilk iki oyunu qazana bilməmişik. Hər iki matçda heç də rəqiblərimizdən zəif çıxış etməmişik. Yəni yaxşı oynayıb uduzmuşuq. Hər ikisində də şanssızlıq minimal hesabla yenilməyimizə səbəb olub. Rəqib komandalardan çox qol şansı əldə etsək də, heç birini dəyərləndirə bilməmişik. Əvəzində onların vurduğu qol həlledici olub. Açığı, həm "Simurq", həm də "Karvan"la oyunlarda bəxtimizin gətirmədiyini düşünürəm. Heç nədən qol buraxırıq. Ancaq həqiqətən çempionata çox gözəl əhval-ruhiyyədə hazırlaşmışdıq. Yəni keçirdiyimiz təlim-məşq toplanışlarına görə belə acı məğlubiyyətlərin səbəbini özüm də başa düşə bilmirəm.
- Həm "Simurq", həm də "Karvan" "Qarabağ" kimi ortabablardan hesab olunur. Elə onlar da sizin kimi ölkə xaricində təlim-məşq toplanışı keçirmişdi. Belə hesab etmək olarmı ki, onların hazırlığı sizinkindən daha faydalı alındığı üçün hər ikisinə məğlub olduz?
- Yox. Fikrimcə, nə yeni alınan oyunçularımıza görə, nə də hazırlıq səviyyəsinə görə zaqatalalılardan, yevlaxlılardan geri qalırdıq. Əksinə, özünüz də bilirsiz ki, Karanın rəhbərliyi altında təlim-məşq toplanışımız çox yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda, məşqçimiz komandada həm fiziki, həm də taktiki-texniki hazırlığa ciddi fikir verirdi. Məhz bu səbəbdən "Simurq"la "Karvan"dan zəif olduğumuzu düşünmürəm. Elə sərgilədiyimiz oyunla da onlardan geri qalmadığımızı sübut etdik.
- Bəs onda komandanın qələbə qazanması üçün nə çatışmırdı?
- "Simurq" qol vurduqdan sonra daha çox müdafiəyə fikir verib bizi əks-hücumlarda tutmağa çalışırdı. Nəticədə oyunun böyük hissəsini rəqib qapısına yol tapmağa həsr etsək də, bu nəticə vermədi. Elə dünənki oyunda da (söhbət dünən olub), üstünlük tərəfimizdə idi. Gəl ki, yaxaladığımız qol ikanlarını boşa verincə "vurmayana vurarlar" prinsipi işə düşdü və onlar da sona qədər minimal hesablı üstünlüklərini saxlamağı bacardılar. Yenə deyirəm, şanssızlıq qələbə qazanmamağımızın bəlkə də əsas səbəblərindəndi. Bir də komandada aparılan gəncləşdirmə siyasətiylə əlaqədar xeyli yeni oyunçumuz var. Xətlərarası anlaşmanın ideal vəziyyətdə olmadığını da qeyd etmək olar.
- Komandanın aparıcı oynçusu kimi yeni gələnlərin çıxışından razısanmı?
- Deməzdim ki, pis oynayırlar. Bəzi məqamlarda bir-birimizi yaxşı başa düşə bilmirik. Bu da bir neçə oyunçunun komandaya son anda qoşulmasından irəli gəlir. Axı heyətimiz yenidən qurulmaqdadı. Ön müdafiəçi və pleymeykerimiz həm ölkə xaricində, həm də burda keçirilən hazırlıqda normal iştirak etməmişdi. Buna baxmayaraq, onlarla da iş aparılır və yəqin vaxt keçdikcə həmin legionerlər də komandaya tam uyğunlaşacaqlar. Çünki cavan uşaqlardı və hiss olunur ki, üzərlərində işləyirlər. İnanıram ki, tez bir zamanda bu və digər kiçik çatışmazlıqları aradan qaldıraraq uğursuz seriyaya son qoyacağıq.
- Sözügedən oyunlarda artıq sıralarınızda olmayan Cahangir Həsənzadə, Samir Abbasov, Namiq Yusifovun yoxluğu hiss olunurdumu?
- Düzdü, əvəzolunmaz futbolçu yoxdu. Yəni baş məşqçimiz klubumuzun tutduğu strategiyaya uyğun olaraq onların komandada qalmasını məsləhət bilmədi. Biz buna hörmətlə yanaşmaq məcburiyyətindəyik. Ola bilər ki, hansınınsa yeri görünürdü. Amma bu barədə danışmaq səlahiyyətində deyiləm. Bu sualınıza Rasim hoca cavab versəydi, daha yaxşı olardı. Onu deyə bilərəm ki, sözügedən oyunçularla uzun müddət çiyin-çiyinə top qovmuşduq. Yəni məhz bu səbəbdən bir-birimizi gözəl başa düşürdük. Bəlkə də qalsaydılar, hansısa məqamda komandaya yardımçı olardılar. Hər halda, çalışdırıcımız yenilərin hesabına onların gedişini hiss etdirməməyə çalışır.
- Hansısa mövqelərdə boşluqlar qalmaqdadı, yoxsa yenə çətinlikləriniz var?
- Bildiyiniz kimi ötən mövsümlə müqayisədə bu il heyətdə 80-90 faiz dəyişikliklər baş verib. Əvvəlki oyunçulardan mən, Aslan Kərimov və Azər Məmmədov qalıb. Digərlərinin hamısını yeni hesab etmək olar. Məhz bu səbəbdən hazırda komandada ciddi rəqabət var. Hər kəs nəinki əsas heyətə, hətta ilk "18-liy"ə düşmək üçün mövqeyində oynayan digər oyunçularla rəqabətdən qalib çıxmağa çalışır. Uşaqlar çoxdu, rəqabət güclüdü, heç kim heç kimdən çəkinmir. Bu isə daha güclü heyət formalaşdırmaq üçün çox önəmlidi. Hazırda hansısa mövqedə heç bir çatışmazlığımız yoxdu.
- Vaxt var idi çıxış etdiyin komandalarda qollarını sıralayırdın. Amma indi nədənsə həmin Kənanı görmürük. Məhsuldarlığının belə aşağı düşməsinə səbəb nədi?
- Ola bilər ki, əvvəlki formamdan uzağam. Hardasa bunu hiss edirdim. Amma bu mövsümə ciddi yanaşıram. Əvvəlki formamı bərpa etmək üçün əlimdən gələni edirəm. Çünki artıq komandada yaranan rəqabət də bunu tələb edir. Mümkün qədər məşqlərdə öz üzərimdə çox işləyib hazırlıqlı olmağa çalışıram. İlk turlarda qol vurmaq qismət olmasa da, növbəti oyunlarda əvəzini çıxmalıyam.
- Yığmanın Tacikistanla yoldaşlıq oyununa çağırılmamağını elə əvvəlki formandan uzaq olmağınla izah etmək olarmı?
- Bəlkə də. Hər halda, baş məşqçi Şahin Diniyev açıqladığı siyahıda mənə yer vermədi. Onun bu qərarına hörmətlə yanaşıram. Amma mən buna görə günahı ilk növbədə özümdə görürəm. Dediyiniz kimi, hazırlıqlı olsaydım, mənə də dəvət göndərərdi. Normal qarşılayıram.
- Bəs yığmanın səfərdəki oyunundan nə gözləyirsən?
- İnşallah, ancaq qələbə. Düzdü, taciklər elə də güclü yığmalardan hesab olunmur. Amma hər halda meydan amili onların xeyrinədi. Fikrimcə, maraqlı və millinin hazırlığı yönündə xeyirli bir matç olacaq.
- Növbəti turda "Xəzər-Lənkəran"la səfərdə qarşılaşmalı olacaqsız. Əvvəlki rəqiblərlə müqayisədə daha iddialı komandanın qonağı olacağınız üçün qələbəsiz oyunlar seriyasının üçə çatacağını indidən proqnozlaşdırmaq olar. Hesab etmirsən ki, belə uğursuz start "Qarabağ"a yaraşmır?
- Hazırda bütün çempionat iştirakçılarını hardasa eyni gücdə saymaq olar. "Qarabağ"ı heç bir komandadan zəif hesab etmirəm. Düzdü, ilk oyunlarda bəxtimiz gətirmədi. Ancaq növbəti oyunlarda əvvəlki səhvlərimizi təkrarlamamağa çalışmalıyıq. "Xəzər-Lənkəran" ölkə çempionu olsa da, məğlubedilməz komanda deyil. Nə qədər bizdən güclü olsalar da, onlara təslim olmaq üçün getməyəcəyik. Daha ciddi hazırlaşaraq məhz çempionla oyunda qələbə qazanmağa çalışacağıq. Çünki biz hər oyuna üç xal qazanmaq üçün çıxırıq