`Kəpəz` - `Qarabağ`. Rəqəmlərin diliylə
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Kəpəz` - `Qarabağ`. Rəqəmlərin diliylə
`Qarabağ`ımız bazar günü premyerliqanın III turunda `Kəpəz`lə qarşılaşacaq. Tarixini 1992-ci ildən götürən qarşıdurmada sayca 38-ci dəfə baş tutacaq (4 oyun kubokda). 0:0-dan başlayan ilk oyundan etibarən tərəflər 2006-ci ilə qədər çempionatlarda fasiləsiz 31 dəfə qarşılaşıblar (reqlamentlə əlaqədar olaraq 1993-cü ildə keçirilən 2-ci çempionatda tərəflər qarşılaşmayıblar). Ötən mövsüm elitaya qayıdan Gəncə klubuyla daha 2 oyun baş tutub.
İndiyə kimi baş tutan 33 oyunda rəqibin üstünlüyü diqqəti cəlb edir. 12 qələbəmizin qarşılığında gəncəlilər 14 dəfə sevinən tərəf olub. 7 görüşdə isə komandalar 1 xala razı olub. Topaların fərqinə gəlincə, vurduğumuz 38 qolun qarşılığında 47 dəfə məyus olmuşuq. Bu da var ki, komandamız 9 ildi rəqibinə məğlub olmur. 2001-2002 mövsümündə alınmış 3:0-lıq məğlubiyyətdən sonra komandamız baş tutan 8 qarşılaşmada rəqibinə cəmi 2 dəfə 1 xal almasına imkan verib, 6 oyunu qələbəylə başa vurub.
Ötən mövsüm komandamız hər 2 oyunda qələbə qazanıb. İlk dövrədə Tofiq Bəhramov adına respublika stadionda baş tutmuş `ev` oyununda 3:0-lıq qələbə qeydə alınıb. Rəşad Sadiqov, Georgi Adamiya və Rauf Əliyev mövsümdəki ilk böyükhesablı qələbəmizi rəsmiləşdirib. Bu il fevralın 20-sində Gəncədə baş tutmuş cavab görüşündə isə komandamız Adamiyanın vurduğu əla qolla qələbə qazanmışdı.
Qeyd: Bu araşdırma`Qarabağ` FK mətbuat xidmətinə məxsusdur. İstifadə zamanı istinad zəruridir.