«KƏŞFLƏRƏ» SON QOYMAQ LAZIMDI

single-news
14 Fev 2008

«KƏŞFLƏRƏ» SON QOYMAQ LAZIMDI



Bu il də İspaniya «kəşf edildi». «Neftçi» tərəfindən. Ümumiyyətlə son illər bu proseslər sürətlə inkişaf etməkdədir. Hər dəfə də klublarımızın təlim-məşq toplantısı üçün üz tutduqları məmləkətlərin coğrafiyası genişlənir. Əgər bir neçə il öncə hansısa komandamızın Türkiyədə bir həftə məşq etməsinə çəpik çalmağa və valeh olmağa hazırdıqsa, indi bunu adi hal kimi qəbul edirik. Hətta Azərbaycan çempionatında mübarizə aparan kollektivin Makedoniyada hansısa gölün kənarında bir araya gəlməsi də bizləri təəccübləndirə bilməz. Coğrafiya genişlənir. Bəlkə də artıq cari çempionat sona çatdıqdan sonra hansısa klubun prezidenti ilk dəfə tabeçiliyində olanları okeanın o tayına, məsələn, Nikaraqua, yaxud Qvatemalaya göndərməklə gündəmə gəlmək həvəsinə düşəcək. Amma anlayırıq ki, məmləkətəmizdən uzaqlıq şərti bu toplantıların effektliyini qətiyyən artırmır. Bunu, klub rəhbərləri də başa düşürlər. Hər halda, biz belə düşünürük...

Yaşlı və orta nəsil azarkeşlər yəqin ki, bir zamanlar SSRİ-nin bəzi klublarının təlim-məşq toplantılarını Azərbaycanda keçirmələrini yaxşı xatırlayırlar. Əlbəttə, kimsə o zamanlar seçimin məhdud olduğunu deyə bilər. Razıyam. Ancaq indi bizi maraqlandıran başqa amildir. Əgər o vaxtlar Azərbaycanda belə bir imkan var idisə, nə üçün indi bu imkanlar tükənib? Götürək elə Antalyanı. Türkiyənin qardaş ölkə olması ilə işimiz yox, bu öz yerində. Ancaq gəlin bir baxaq və aydınlaşdıraq: Antalyada nə var ki, Azərbaycanda yoxdur? Qum? Dəniz? Günəş? Mülayim iqlim? Sadalananlara məmləkətimizdə də rast gələ bilərik. Təbii tərəfdən problem yoxdur. Qalır yalnız təbii faktorları tələb olunan vasitələrlə zənginləşdirmək - müasir otellər, məşq üçün meydanlar,... Vəssəlam da! Daha min kilometrlərlə ölkə xaricinə baş alıb getmək nəyə lazım olacaq? Yox, əgər məqsəd belə məsələlərdə birinci olmaqdısa - o başqa məsələ. Onda Afrikaya da, hələ üstəlik Şimal buzlu okeana da 1-2 həftəliyinə baş çəkmək olar. Amma söhbət növbəti startlara layiqincə hazırlaşmaqdan gedirsə, o zaman Lənkəranın subtropik zonası da yetərlidir. İnanmıram ki, kimsə «bəs bu otelləri, meydançaları inşa etmək üçün paranı hardan tapmaq lazımdır» kimi sadəlövh sualla müraciət etsin. Ancaq işdi, belələri tapılsa...Sadəcə olaraq son zamanlar paytaxtımızda aparılan inşaat işlərinə nəzər yetirin. Bu binalar tikilir və satılır. Vəssəlam. Artıq onlar sahiblərinə heç bir mənfəət gətirmir. Otellər, stadionlar isə əsl Klondaykdı. Nəzərə almaq lazımdır ki, müvafiq şərait yaradıldıqda bu mərkəzlərə nəinki Azərbaycan klubları, hətta xarici ölkələrdən də komandalar təşrif buyura bilər... Bir sözlə, onda hər il hansısa coğrafi «kəşflərə» ehtiyac da qalmaz.

P.S. Təvazökarlıqdan uzaq olsa da, hər halda... Yəqin belə yerdə deyirlər e, «uşaqlar var, şərait yoxdur»

P.P.S. Digər tərəfdən isə «şərait var, uşaqlar yoxdu»...

P.P.P.S. Digər tərəfdən isə «şərait var, uşaqlar yoxdu»...Amma...Bu günlərdə «Qarabağ» futbol klubunun ofisində mətbuat konfransı keçirilməlidir. Deyilənə görə, ağdamlılar Qafqazda analoqu olmayan idman mərkəzinin layihəsinin təqdimat mərasimini keçirəcəklər. Təki, hər şey düşündüyümüz kimi alınsın. «Uşaqlar» tapılsın...

Paylaş

// pop up