Kim şanslıdı? (FUTBOL+, 07.03.2006)
7 Mar 2006
Kim şanslıdı? (FUTBOL+, 07.03.2006)
Neftçi”ni artıq yarımfinalçı saymaq olar
Ölkə kubokunun 1/4 final mərhələsindən sonra yalnız bir cütün taleyinə aydınlıq gəldiyini deyə bilərik. “Turan”ın qapısından rahatca üç top keçirən “Neftçi” cavab oyununda da çox güman, çətinlik çəkməyəcək. Amma qalan cütlər arasında nə “ağ-qaralar” kimi rahat nəfəs alanlar var, nə də tovuzlular kimi ağ bayraq qaldıranlar. “Qarabağ”ın “Bakı”nı minimal hesabla udması, “Karvan”la “İnter”in, “MKT-Araz”la isə “Xəzər-Lənkəran”ın bərabərliyə qalması cavab matçlarına marağın ölməməsinə səbəb oldu.
.............
Bu üstünlük kimdə olsaydı...
“Qarabağ”ın “Bakı”nı udması sensasiya kimi qəbul edilmədi. Fasilədən sonra xeyli güclənən Ağdam klubu bu gün istənilən rəqibini yenə bilər. Amma Böyükağa Ağayevin komandası cavab matçında da sərfəli nəticə əldə edib növbəti mərhələyə adlasa, bu gözlənilməz olacaq. Ən azı ona görə ki, “Bakı”yla ağdamlıların istər maliyyə, istərsə də oyun planında gücü arasında fərq az deyil. Bu məqamda “zolaqlılar”ın ölkə kubokunun son qalibi olmasını xatırlalatmaq da yerinə düşər. Amma bütün bunlara baxmayaraq, ilk oyundakı nəticəyə görə “Qarabağ” yarımfinala yüksəlməyə daha şanslı görünür. Ağdamlıların bu üstünlüyü başqa bir komandada olsaydı... Nə isə, cavab görüşünü gözləyək. Lakin bir şey də deyim. “Bakı” yarımfinala çıxmaq vəzifəsinin öhdəsindən gələ bilməsə, bu baş məşqçi Əsgər Abdullayevin mövsüm sonunda postunu itirməsiylə nəticələnə bilər. Çempionluq yolunda əməlli-başlı büdrəyən “zolaqlılar”ın ikinci dəfə kuboku qazanmağa çox ehtiyacı var.
“Bakı” - “Qarabağ”: Cavab matçında “Bakı”ya bir qol da kifayət edir ki, yarımfinala yüksəlsin. Bir şərtlə ki, “zolaqlılar” qapısından qol buraxmamalıdı. “Qarabağ”a isə yalnız “çərçivə”sini toxunulmaz saxlamaq qalır. Əks halda...
....
***
Kubokun 1/4 final mərhələsinin cavab matçlarıyla bağlı, daha dəqiqi, “kim şanslıdı” sualına aydınlıq gətirmək üçün mütəxəssis fikri öyrənməyi lazım bildik. Çalışdırdığı sonuncu klub “MKT-Araz” olan Nadir Qasımov bu məsələdə bizə kömək etdi.
BAKI - QARABAĞ. Məncə, bu cütdə üstünlük “Bakı”nın tərəfindədi. Əsgər Abdullayevin komandası cavab oyununu baş arenada keçirəcək ki, onlar bu stadionda yaxşı çıxış edir. Hesab edirəm ki, “Bakı” cavab qarşılaşmasına psixoloji cəhətdən də yaxşı hazırlaşacaq. Və məncə, “zolaqlılar” istəyinə çatan tərəf olacaq. Şansları faizlə dəyərləndirsək, “Bakı”nın növbəti mərhələyə yüksəlmək üçün 60 faiz şansı olduğunu deyərdim. “Qarabağ”da isə bu 40-dı. Ağdam klubuna ilk oyunda qazandığı minimal hesablı qələbəni qorumaq çox çətin olacaq. “Qarabağ”ın bugünkü heyəti ardıcıl iki-üç oyun sabit çıxış etməyə yetərli deyil. Bu komandanın heyəti ikinci dövrə başlamağa az qalmış formalaşdı ki, bu da yaxşı hal deyil. Ağdam klubuna gələnlərin çoxu “Gəncə”nin sabiq futbolçularıdı ki, onların bu gün fiziki hazırlığının nə dərəcə yaxşı olması məndə sual yaradır. Bir sözlə, “Qarabağ”ın oturuşmuş heyəti yoxdu.