Klub rəhbərliyi doğru yolda olduğuna əmindi (Futbol+,20.09.2007 )

single-news
20 Sen 2007

Klub rəhbərliyi doğru yolda olduğuna əmindi (Futbol+,20.09.2007 )



"Qarabağ" intizamsızlığın qurbanı olub?

 

Klub rəhbərliyi doğru yolda olduğuna əmindi

 

 

 

Cari mövsümdə ilk dörd turu məğlubiyyətlə başa vuran "Qarabağ" son günlərə qədər əsas müzakirə mövzusuydu. Yalnız elitanın debütantı ABN üzərindəki qələbədən sonra bu söhbətlərə bir qədər ara verilib. Buna baxmayaraq, gec də olsa, Ağdam komandasının türkiyəli çalışdırıcısı Rasim Kara çempionata uğursuz başlamalarına görə jurnalistlərə söz verdiyi mətbuat konfransını dünən keçirdi. Halbuki o bunu bərdəlilərlə oyundan əvvələ söz vermişdi. Mətbuat konfransında baş məşqçiylə yanaşı, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl və baş direktor Əmrah Çəlikəl də iştirak edirdi.

 

 

 

"Qarabağ"lılar məsuliyyətlərini dərk etmək üçün Ağdama gedəcək

 

 

 

Tədbiri açan mətbuat xidmətinin rəhbəri Nurlan Əziz sözü vitse-prezidentə verdi. Tahir bəy həm komandanın planlarından, həm də uğursuzluğun səbəblərindən danışdı: "Mətləbə keçməzdən öncə güləşdə böyük uğurlarımız münasibətiylə xalqımızı, idmançılarımızı təbrik edirəm. Çünki hamımızın ürəyində onun sevinci var. Biz baş məşqçimizlə bu mövsümün proqramını hazırlayanda belə razılığa gəldik ki, çempionata gənclərlə başlayaq. Eyni zamanda bu yola çıxanda bizi böyük uğurlarla yanaşı, çətinliklərin gözlədiyini də başa düşürdük. Çünki belə cavanlarla uğur qazanmağın asan olmadığı hardasa gözlənilən idi. Hədəfimiz heç də bu mövsüm üçün böyük uğurlara imza atmaq deyildi. Ancaq dörd yenilgi bizim üçün həddən artıq gözlənilməz oldu. Baxmayaraq ki, dediyim kimi, biz bunu gözümüzün önünə alaraq yola çıxmışdıq. Təbii ki, bu azarkeşlərimizlə yanaşı, bizləri də çox üzdü. Amma burdan hamıya mesajım var. Şəxsən mən getdiyimiz yolun doğru olduğuna əminəm. Çünki bu gün "Qarabağ" Azərbaycanda ən ağıllı klub strategiyası quran komandadı. Bu gənclərə uzunmüddətli investisiya qoymaqla gələcəyi fikirləşməyimiz bizi mütləq böyük uğurlara daşıyacaq. Ona görə ki, burda iki gözəl şansımız var. Bunlardan birincisi Abdulbari Gözəl kimi bir prezidentin olmasıdı. Çünki Gözəl bəy hansı işə əl atırsa, o işin əsasını, dərinliyini, uzunmüddətli gələcəyini fikirləşir. İkinci ən böyük şansımız isə Rasim Kara kimi mütəxəssisin bizlərlə birgə olmasıdı. Onun bizimlə olmasından sadəcə, qürur duyuram. Çempionata uğursuz başlamağımızın səbəblərini bir müddət öncə hocamızla birgə müzakirə etdik. Bunun səbəbini nizam-intizamda gördük. Böyük klubların hamısı həmin səviyyəyə sərf etdikləri əməklə, zəhmətlə yanaşı, həm də nizam-intizama xüsusi diqqət ayırmaqla yüksəlib. Biz də qərara gəldik ki, "Qarabağ"ı istədiyimiz səviyyəyə qaldırmaq üçün bu məqama onlardan da artıq fikir verməliyik. Sizlərin diqqətini daha bir maraqlı məqama yönəltmək istərdim. Biz Ağdama gedib-gələndə daha da başqalaşırıq, ruhlanırıq. Məlum olduğu kimi, biz orda stadion açmışıq. Mən Türkiyəyə gedib-qayıdandan sonra inşallah, bütöv komanda halında yenidən işğal olunmuş torpaqlarımızı ziyarət etmək fikrim var. Qoy futbolçularımız hansı bölgənin şərəfini qoruduğunu, kimləri sevindirməyə borclu olduqlarını daha yaxından görsünlər. Hansı məsuliyyəti daşıdıqlarını bir daha dərk etsinlər. Fikrimiz var ki, sizləri də dəvət edək və bir böyük dəstə halında bu işi həyata keçirək. Digər tərəfdən, bununla oranın insanlarına da sizli-bizli ümid vermiş olacağımızı düşünürəm. İndi isə azarkeşlərə, sizlərə müjdə kimi yalnız onu deyə bilərəm ki, təsis, stadion, baza barəsində böyük planlarımızı həyata keçirməyə çox yaxınıq. Bəzi razılıqları gözləyirik. Bunu alan kimi yenidən sizləri toplayıb, daha ətraflı məlumat verəcəyik". Fikirlərini qələm əhliylə bölüşdükdən sonra Tahir bəy vacib görüşünün olduğunu əsas gətirərək mətbuat konfransını tərk etdi.

 

ABN-lə oyuna qədər ağdamlıların 12 xalı ola bilərmiş

 

 

 

Məhz bundan sonra söz əsas səbəbkar Karaya verildi. O görülən işlər və uğursuzluqlar barədə geniş nitq söylədi: "Bu toplantını ABN-lə oyundan öncə keçirməliydik. Ancaq Tahir bəyin burda olmaması, oyunçularımızın əksərinin yığmaların heyətində olması səbəbindən bir qədər gecikdi. Əvvəla onu deyim ki, pozulan əhval-ruhiyyəmiz bərdəlilər üzərində qazanılan qələbədən sonra bir qədər düzəldi. Həqiqətən çox sıxıntılı günlər keçirdik. Rəhbərlikdən tutmuş ən adi azarkeşimizə qədər. Aranızda əvvəlki oyunlarımızı izləyənlər varsa, onlar da təsdiq edə bilər ki, bizim ABN-lə oyuna qədər 12 xalımız da ola bilərdi. Heç bir oyunda rəqibdən zəif çıxış etdiyimizi düşünmürəm. Ancaq təəssüf ki, hər şey əksinə oldu. Acınacaqlısı isə şansın da bizə yardımçı olmamasıydı. Bir məqama görə sevinirəm ki, həmin vaxt rəhbərliklə yanaşı, azarkeşlər də vəziyyətimizi anlayışlı qəbul etdi. Eyni hal digər komandalarda baş versəydi, Allah bilir nələr olardı. İnanın ki, uğursuz dörd oyunun ardından küçəyə çıxa bilmədim. Türkiyəyə gedəndə televiziyaların, qəzetlərin gözündən yayınmağa çalışırdım ki, çağırıb komandamın durumunu soruşanda nə cavab verəcəm? Düşünürəm ki, son oyunda qazanılan qələbə futbolçularıma özünəinam hissini qaytardı. Bundan sonra komandamın daha yaxşı oynayacağına əminəm".

 

 

 

Kara oyunçuları yükləməsini düzgün hesab edir

 

 

 

Rasim bəy komandasının ardıcıl məğlubiyyətlərinə dair yayılan müxtəlif tipli söhbətlərə toxunarkən futbolçuları həddən artıq yükləməsi barədə deyilənlərə də münasibət bildirdi: "Qəzetlərdə, sağda-solda bir çox şeylər duydum. Xüsusilə düzgün məşq keçməməyim, futbolçuları həddən artıq yükləməyim haqda deyilənləri düzgün hesab etmirəm. Çünki mən nə etdiyimi gözəl bilirəm. Yığmanın, klubların avrokuboklardakı oyunlarından sonra hamınız deyirsiz ki, fiziki hazırlıqsızlıq ən zəif nöqtəmizdi. Biz Qızılcahamamda hazırlıq keçərkən yetirmələrimdən Türkiyə milisinin həkimləri beş növ test götürdü. Nəticədə bir çox oyunçuların müxtəlif tipli çatışmazlıqlarının olduğunu aşkarladıq. Bu testin müsbət cəhəti ondan ibarətdi ki, həmin çatışmazlığı olan oyunçuların öz üzərində daha çox çalışması üçün xüsusi proqram hazırlayırsan. Biz də bütün dünyada sınanan bu metoddan istifadə etməyi qərara aldıq. Bəzi matçları itirmək bahasına da olsa, bu yükləmələri həyata keçirməyimiz lazım gəldi. İndi də bu işi davam etdiririk. Ancaq ardıcıl məğlubiyyətlərin birbaşa bununla bağlanmasıyla razı deyiləm. Mən bura gələndə altı oyunçu məşqə çıxa bilmirdi. Ancaq indi yalnız iki belə oyunçumuz var. Onlardan biri qapıçı Osman Umarovdu ki, dirsəyindən yüngül zədə alıb. Timur İsrafilov isə U-21-lə oyuna getmişdi və orda belindən zədələnib. Yalnız onlar iki gündü məşqə çıxmır. Ancaq yaxın günlərdə yenidən qayıda biləcəklər. Yəni bu gün "Qarabağ"da əzələ dartılması, diz zədəsi kimi problemlərimiz yoxdu. Bu isə bizim doğru zamanda, doğru məşqlər keçdiyimizi göstərir".

 

  

Ağdamlıları cəzadan iki qələbə qurtara bilər

 Türkiyəli çalışdırıcı komandada nizam-intizamı qaydasına salmaq üçün görülən işlərdən də danışdı: "Biz artıq idarəçilik sistemindən tutmuş adi çayçımızadək xüsusi məcəllələr hazırlatdırmışıq. Bunu üç dildə - Azərbaycan, rus, ingilis - bütün klub üzvlərinə paylamışıq. Hər kəs bununla tanış olub, öz imzasını atmalıdı. Yəni hər bir futbolçunun, işçinin meydanda, ondan kənarda, avtobusda, təyyarədə, "Makdonalds"da necə oturub-durmasına xüsusi diqqət yetirəcəyik. Bu qaydalarla hər kəsin tanış olması və onlara əməl etməsi çox vacibdi. Peşəkarlığa doğru yavaş-yavaş getmək məcburiyyətindəyik. Eyni zamanda hər kəsə bəllidi ki, hətta mehriban bir ailənin yumşaq rəftarla irəliləməsi mümkün deyil. "Qarabağ"ın öz prinsipləri var və hər kəsin bunlara cavab verməsi vacibdi. Rəhbərliklə birgə artıq ilk oyunlardakı uğursuzluğa görə cəzalar da tətbiq etmişik. Bu sadəcə oyunçulara yox, baş məşqçidən tutmuş ən adi işçilərə qədər hamıya aiddi. Özü də əlli faiz mükafat alan əlli, yüz faiz alan isə eyni şəkildə cəzalanıb. Miqdarın elə də böyük önəm daşımadığını və bunun daxili işimiz olduğunu nəzərə alaraq açıqlamayacam. Ancaq burda bir məqam var ki, bu nisbi xarakter daşıyacaq. İndi qarşımızdakı iki oyunu da qazanmaqla həmin cəzalar silinə və hər kəs mükafatını ala bilər. Yəni bu hardasa fərqli bir stimullaşdırma və özünütəsdiq imkanıdı. Ən önəmli məsələ isə nə bizim, nə də futbolçuların pulu qətiyyən düşünməməsidi. Paranı necə olsa, qazanmaq olar. Amma itirilən nüfuzu geri qaytarmaq... "Qarabağ"ın adını özündə gəzdirən hər kəs harada olmasından asılı olmayaraq bu komandanı yaxşı təmsil etmək zorundadı. Məşqdə də, oyunda da, kafedə də. Ancaq təəssüflər olsun ki, bu cəhətdən çatışmazlıqlarımız da qalmaqdadı". Sonda Kara Murad Ağakişiyevin cəzalanmasına da toxundu: "ABN-lə oyunda meydana buraxmadığım Muradın məsələsi haqda artıq bir çox şeyləri demişəm. Onun kənarda etdiyi hərəkətlər oyununa, məşqlərinə təsirsiz ötüşmədiyindən özünə uyğun miqdarda pul cəzasına layiq görüldüyünü də deyim (yeri gəlmişkən, baş məşqçi məbləği açıqlamasa da, etibarlı mənbələrdən Muradın 10 min dollar məbləğində cərimələndiyini eşitmişik. Eyni zamanda Kara olayla bağlı futbolçunun atası ilə söhbət etməyi də lazım bilib).

Paylaş

// pop up