Klublarımızın nöqsanlarla dolu internet səhifələri (525-Cİ QƏZET, 30.07.2005)

single-news
30 İyl 2005

Klublarımızın nöqsanlarla dolu internet səhifələri (525-Cİ QƏZET, 30.07.2005)



Bu gün futbol təkcə meydana çıxıb oyun nümayiş etdirməkdən ibarət deyil. Uzun müddətdir ki, futbol gəlir mənbəyinə çevrilib. Bunda isə reklamın rolu əvəzsizdir. Komandaların reklam olunmasını ilk növbədə klubların rəsmi internet səhifələri təşkil edir desək, yəqin ki, yanılmarıq. Son zamanlar qitə klubları ilə ayaqlaşmaq arzusunda olan Azərbaycan komandaları da internet səhifələrini azarkeşlərin ixtiyarına verib. Lakin çox təəssüf ki, heç də bütün klublarımız veb-saytlara malik deyil. Çempionluq iddiasına düşən "İnter", "Turan" kimi komandaların hələ də rəsmi internet səhifələrinin olmaması yalnız təəssüf doğurur. Odur ki, bu dəfə "Problematika" kimi klublarımızın internet səhifələrini, əsasən də burada olan nöqsanları göstərmək qərarına gəldik. AFFA ƏVVƏLKİ ÇEMPİONATLARIN NƏTİCƏLƏRİNDƏN XƏBƏRSİZDİR?! Öncə AFFA-nın internet səhifəsindən danışmağımız yerinə düşərdi. Qeyd edək ki, milli assosiasiyamızın veb-saytının həm Azərbaycan, həm də ingilis dillərində versiyaları olmasına baxmayaraq, nə qədər çalışsaq da, əcnəbi dildə məlumatlara rast gələ bilmədik. www.affa.az-ın internet səhifəsinin daha bir çatışmazlığı isə "Milli çempionatlar" bölməsindədir. Belə ki, burada "Bütün çempionatlar" hissəsində yalnız sonuncu - XIII ölkə çempionatının nəticələri qeyd olunub. Maraqlıdır, görəsən hazırkı AFFA rəhbərliyi bundan əvvəlki çempionatların nəticələrini tanımaq istəmir, yoxsa?... Amma AFFA-nın veb-saytının qüsuru bununla bitmir. Belə ki, "Ümumi məlumatlar" bölməsində yerləşən "Veteran futbolçular" hissəsində də hansısa məlumat yoxdur. Belə çıxır ki, AFFA-da veteran futbolçularımızı tanıyan yoxdur. Bütün bu çatışmazlıqlara baxmayaraq, səhifənin üstünlükləri də yetərincədir. Burada futbolumuzun tarixi, AFFA-nın strukturu haqda kifayət qədər məlumat yerləşdirilib. FLAQMANIN İNTERNET SƏHİFƏSİ ADINA LAYİQ DEYİL "Neftçi" ölkə çempionu titulunu qazansa da çox təəssüf ki, komandanın internet səhifəsi bəlkə də ölkə klubları arasında ən zəifidir. www.neftchipfc.com-da komandanın əvvəlki və sonrakı oyunları ilə yanaşı "Neftçi"nin mahnısı, sonuncu ölkə çempionatının turnir cədvəli və flaqman haqda son informasiyalar yer alıb. Heyf ki, 68 illik tarixə malik klubun internet səhifəsində keçmişini əks etdirən bir məlumat belə yoxdur. Səhifənin çoxsaylı çatışmazlıqlarından biri də "Neftçi"nin oyunlarından şəkillərin burada əks etdirilməməsidir. "XƏZƏR- LƏNKƏRAN"IN VEB-SAYTI ƏN YAXŞILARDANDIR Ağ-yaşıl rəngli www.lankaranfc.com Azərbaycan klubları arasında ən yaxşı internet səhifələrindəndir. 11 bölmənin yerləşdiyi saytda sonuncu ölkə çempionatının nəticələri, turnir cədvəli yerləşdirilib. Həmçinin, burda aşağı dəstənin də yekun cədvəli var. "Xəzər-Lənkəran"ın himni, yerli və xarici xəbərlərlə yanaşı bəzi klubların internet səhifələrindən fərqli olaraq, hava məlumatı və xarici ölkələrin valyuta məzənnələri də burada göstərilib. Bu səhifə digərlərilə müqayisədə daha operativdir. "KARVAN"IN İNTERNET SƏHİFƏSİNDƏN İSTİFADƏ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK LAZIMDIR Son ölkə çempionatının bürünc mükafatçısı "Karvan"ın internet səhifəsi bir o qədər də qeyri-adi deyil. www.karvan.az-da 5 bölmə, yerli və dünya xəbərləri yer alıb. Səhifənin ən böyük çatışmazlığı ondan ibarətdir ki, burada yerləşdirilən yazılardan və şəkillərdən istifadə etmək istəyənlər mütləq qeydiyyatdan keçməlidilər. Deyəsən, "Karvan" rəhbərliyi internet səhifəni kommersiya məqsədilə yaradıb. Yevlax klubu haqqında məlumat toplamaq istəyən mətbuat işçiləri də sözügedən səbəb üzündən problemlə üzləşirlər. Bununla yanaşı, "Karvan"ın internet səhifəsi futbol tariximizdə yeniliyə imza atıb. Belə ki, bu saytda ilk dəfə ölkə çempionatının oyunu onlayn sistemi ilə azarkeşlərə təqdim edilib. UĞURLARIN ƏKS OLUNMADIĞI VEB-SAYT Ölkə kubokunun qalibi "Bakı"nın internet səhifəsi seçilənlər arasında olsa da burada da nöqsanlar qaçılmazdır. Əvvəla səhifənin ingilis versiyasında cəmi bir məlumat verilib. Həmin xəbər isə səhifəyə martın 1-də (!) qoyulub. Növbəti nöqsan fotoarxiv bölməsilə bağlıdır. Bu bölmədə "Bakı"nın yalnız iki oyunundan - "Neftçi" və "Xəzər-Lənkəran"la birinci dövrədəki qarşılaşmalarından fotolar yerləşdirilib. Kuboku başı üzərinə qaldıran, qitəmiqyaslı yarışda qələbə qazanan komandanın bu uğurlarının fotoarxivdə əks etdirilməməsi yalnız təəssüf doğurur. 8 bölmənin qərarlaşdığı www.bakifc.com-da heç də operativ fəaliyyət göstərmir. Burdakı son xəbər iki həftə əvvələ aiddir. "QARABAĞ"IN NÜMUNƏVİ İNTERNET ÜNVANI "Qarabağ" XIII ölkə çempionatında uğursuz çıxış etsə də, komandanın internet səhifəsi haqqında yalnız xoş sözlər demək olar. Üç dildə fəaliyyət göstərən www.garabagh.com-un ölkədə ən yaxşı olduğu şübhə doğurmur. Digərlərindən fərqli olaraq, daha operativ işləyən səhifədə tez-tez maraqlı sorğulara rast gəlmək mümkündür. "Qarabağ"ın ölkə çempionatındakı bütün oyunlarından şəkillərin səhifədə yerləşdirilməsini də xüsusi qeyd etmək olar. Həm ölkə, həm də xarici futbol xəbərləri haqqında məlumatlara da bu səhifədə rast gəlmək olar. DİGƏR KLUBLARA DA DİQQƏT GÖSTƏRƏN "GƏNCƏ" "Gəncə"nin rəsmi internet saytının digərlərindən fərqləndiyini qeyd etmək olar. Səhifəni açarkən monitorda komandanın sonuncu ölkə çempionatındakı oyunlarından, həmçinin qədim şəhərlərimizdən olan Gəncənin tarixi yerlərindən şəkillər əks olunur. www.gancarfc.com-da 10-dan çox bölmə var. Səhifədə komandanın himni, yerli və beynəlxalq xəbərlər, hava məlumatı, xarici ölkələrin valyuta məzənnələri də göstərilib. Əsas fərqləndirici xüsusiyyət odur ki, digər futbol klublarımızın da internet ünvanlarına burda rast gəlmək mümkündür. Eyni zamanda səhifənin rusca versiyası da operativ fəaliyyət göstərir.

Paylaş