Klublarımızın Türkiyə toplanışına baxış ( çempion, 2009-01-28 )
Klublarımızın Türkiyə toplanışına baxış ( çempion, 2009-01-28 )
Yanvarın əvvəlindən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan klublarımız hazırlıqlarını davam etdirməkdədirlər. Hətta “Neftçi” ilkin mərhələni başa çatdıraraq vətənə qayıdıb yenidən ikinci mərhələ üçün geri dönüb. Amma bizim diqqətimizi bir şey çəkir. Nədənsə, Antalya toplanışı zamanı klublarımız səviyyəli rəqiblərlə yoxlama görüşü keçirə bilmirlər. Daha doğrusu, ya bizimkilərlə oynamaq istəyən yoxdur, ya da klublarımız özləri güclü klublarla oynamaqda maraqlı deyillər. Desək ki, bu tip rəqibləri Türkiyədə tapmaq mümkün deyil, doğru olmaz. çünki Antalyada Rusiya, Ukrayna, hətta Almaniya kimi ölkələrin elita klublarına rast gəlmək olar. Maraqlıdır ki, məşqçilərimiz yoxlama oyunlarında nəticənin onlar üçün əhəmiyyət daşımadığını desələr də, birdən adamda belə təəssürat yaranır ki, əslində nəticə çox önəmlidir. Əgər belə olmasaydı, yoxlama oyunları üçün zəif rəqiblər seçilməzdi. Bəlkə də klublar bu fikrimlə razılaşmazlar, amma mənə elə gəlir ki, ötən illə müqayisədə bu il qış hazırlığında klublarımız elə də güclü klublarla yoxlama görüşləri keçirmirlər. Məsələn, ötən ilin qışında “İnter”in Moskva “Spartak”ı və “Lokomotiv”i ilə, o cümlədən “Bakı”nın Bundesliqa təmsilçisi “Energi” ilə qarşılaşmalarını xatırlatmaq kifayətdir. Bu il isə yalnız “Neftçi”nin “Feyenord”la qarşılaşmasını qeyd etmək olar. Gəlin qısaca da olsa komandalarımızn Antalyada güclərini sınadıqları rəqiblərin səviyyəsinə nəzər salaq.
“Neftçı”
Bakılılar ilk yoxlama görüşündə Hollandiyanın məhşur “Feyenord”u ilə üz-üzə gəldilər. İlk baxışda alqışalayiq seçim idi. çünki bu cür səviyyəli rəqiblə gücünü sınamaq hər bir klubumuz üçün faydalıdır. Amma elə ki, hollandlar bizimkiləri darmadağın elədi, bakılılar dərhal barmaqlarını dişlədilər. Hər halda, rəqib kimi ikinci oyunda zəif komandanın seçilməsini bununla əlaqələndirmək olar. Amma bu dəfə də məğlubiyyətə uğradıqdan sonra Gede Almaniyanın 3-cü divizion komandası olan “Karl Zeys”lə oynamağa qərar verdi və nəhayət ki, çətinliklə də olsa, qələbə qazana bildi. Göründüyü kimi, nəticə məşqçilərimiz üçün əhəmiyyətsiz deyilmiş.
“Baki”
“Bakı”nın hazırlıq proqramında “Köln”ün adını görəndə sevindik. Həqiqətən də bu cür güclü rəqiblə oynamaq istənilən halda klublarımızın xeyrinə olardı. Amma sonradan məlum oldu ki, kölnlülər “Bakı” ilə oyunu ümumiyyətlə, planlarına daxil etməyiblər. Belə təəssürat yaranır ki, “Bakı” səviyyəli rəqiblə oynamağa can atıb, sadəcə, qarşı tərəf bunu istəməyib. Belə olan halda “Bakı”nın Türkiyənin üçüncü divizion komandalarından olan “Şanlıurfaspor”la oynamaqdan başqa çarəsi qalmadı. Düzdür, “zolaqlılar” bu görüşü 5:3 hesabı ilə qalib bitirdilər. Amma növbəti yoxlama görüşündə Superliqanın autsayderi “Hacettepe” ilə qarşılaşan “Bakı” 0:2 hesabı ilə məğlub oldu.
“Xəzər-Lənkəran”
Lənkəran klubunun da hazırlığı çox sönük keçir. Lənkəranlılar ilk yoxlama görüşündə elə də güclü olmayan Qazaxıstan çempionu “Aktobe” ilə qarşılaşdı və inamlı qələbə qazandı. Sonrakı rəqib isə Rusiyanın aşağı divizion klublarından olan “SKA-Energi” oldu. Lənkəran təmsilçisi bu dəfə də qələbə qazandı. Minimal hesabla olsa belə. Amma bu tip rəqiblə oynamağın nə dərəcədə faydalı olduğunu ikinci dövrə göstərəcək. Bu arada “Xəzər-Lənkəran” növbəti yoxlama görüşündə “Allemaniya” ilə gücünü sınamalı idi. Amma sonradan məlum oldu ki, adıçəkilən rəqib bizimkilərlə oynamaqda maraqlı deyil və “Allemaniya”nı aşağı divizion komandalarından olan “Aalen” əvəz edəcək.
“Qarabağ”
“Qarabağ”ın da rəqib seçimini tam ideal adlandırmaq olmaz. İlk yoxlama görüşündə ağdamlılar Albaniya “Besa”sı ilə güclərini sınadılar və o qədər də güclü olmayan rəqibə 0:1 hesabı ilə məğlub oldular. Növbəti rəqib Türkiyənin aşağı divizionundan olan “Şanlıurfaspor” olmalı idi ki, bu matç da güclü yağış səbəbindən oynanılmadı. Növbəti rəqibləri isə qənaətbəxş saymaq olar. Hər halda, “Zarya” və “Kuban” kimi ortabablarla oyunlarda Qurban Qurbanov futbolçularının nəyə qadir olduğunu qismən öyrənə biləcək.
“Karvan”
“Karvan”ın rəqib seçiminin də Yunis Hüseynova faydalı olacağını düşünmək olmaz. Məsələn, yevlaxlılar ilk yoxlama görüşündə Qazaxıstanın o qədər də güclü olmayan “Atırau” komandası ilə üz-üzə gəldilər. İkinci oyunda isə rəqib Rusiyanın birinci divizionundan “Anji” oldu və yekun nəticə yevlaxlılar üçün ürəkaçan olmadı - 2:5. Moldova “Daçiya”sı ilə qarşılaşma güclü yağış səbəbindən baş tutmadı. Gördüyünüz kimi, “Karvan”ın rəqib seçimi çox zəifdir. Bu tip rəqiblərlə qarşılaşmaq yevlaxlılara çətin ki, fayda versin.
“Olımpık”
“Olimpik” isə nisbətən həmkarlarından fərqlənməyə çalışır. Hər halda, ilk yoxlama matçında Əsgər Abdullayevin bizim üçün o qədər də zəif olmayan “Krılya Sovetov”la üz-üzə gəlməsi və Tixinovun komandası üzərində inamlı hesabla qələbə qazanması yaxşı haldır. Elə ikinci matçda Cənubi Koreyanın yüksək liqa komandası ilə qarşılaşmaq da qənaətbəxş sayıla bilər.