Klublarımızın veb dünyası (FUTBOL+, 06.09.2005)
6 Sen 2005
Klublarımızın veb dünyası (FUTBOL+, 06.09.2005)
Bir neçə ay əvvəl klublarımızın İnternet saytlarının durumu haqda yazı dərc etmişdik. Aktuallığını nəzərə alıb bir daha bu mövzuya dönməyə qərar verdik. Ötən müddətdə sayt açan klublarının sayının çoxalması bizi bir qədər də həvəsləndirdi. Belədə "qolumu çırmayıb" monitor arxasında əyləşdim. Və nəticədə...
Köhnə hamam, köhnə tas
Deyəsən, bəzi klublarımız hələ də "fil qulağında yatıb". Özü də necə. Götürək "Neftçi"ni. Futbolumuzun flaqmanı deyəsən, texnologiya sahəsində bayraqdar olmağı düşünmür. İki həftədən bir yenilənən xəbərlər artıq azarkeşlərə klubun rəsmi veb ünvanını unutdurub. Qalereya haqda heç danışmaq istəmirəm. Çünki həmin bölməni nə qədər seçsəz də, xeyri yoxdu. Saytda dəyişən yalnız axırıncı oyunun nəticəsi və turnir cədvəlidi.
"Neftçi"nin əsas rəqibi "Xəzər-Lənkəran"ın saytında yalnız bir amil diqqətimi cəlb etdi. O da ki komandanın hər oyununun şərhi və rəqiblərin oyunları haqda ətraflı bilgi. Deyəsən, "Bakı" da "qonşudan qalma geri" prinsipinə əməl edir. Bu saytın yeganə önəmli cəhəti müntəzəm yenilənməsidi. Başqa bir yeniliyin isə şahidi olmadım. Təəssüf ki, "Karvan"ın saytında da nəsə bir yenilik tapılmadı. Yalnız xəbərlərin vaxtaşırı təzələnməsini qeyd etmək yerinə düşər.
Gözəl məkan - Qarabağ
Ötən mövsümün sonları "Qarabağ" ətrafında baş verən bəzi xoşagəlməzliklər yaxşı ki, komandanın veb səhifəsinə heç bir təsir göstərməyib. Üstəlik, yeni dizayn göz oxşayır. Hətta səhifəyə rəng qatan daha bir özəllik klubun şərəfini qoruyan futbolçuların şəkillərinin tez-tez bir-birini əvəzləməsidi. Üstəlik, hər oyundan öncə azarkeşlərin növbəti oyunun hesabı haqda proqnozları diqqətçəkən məqamlardandı. Qarabağ torpaqlarının işğal tarixlərinin yada salınması da diqqəti cəlb edir.
Veb dünyamıza xoş gəlmisiz!
Daha üç klub yeni veb səhifəsiylə gündəmə düşdü. "Gəncə", "MKT-Araz" və "İnter" heç kimin yanında "gözükölgəli qalmaq istəmədi". Başlayaq "Gəncə"dən. Saytda operativ xəbərlər, klub, stadion, qalereya, təqvim, forum və tarix kimi bölmələrə rast gəlmək olar. Müsahibə bölməsində isə klub rəsmilərinin mətbu orqanlara verdikləri müsahibələri oxumaq olar. Saytda eləcə də Gəncə şəhəri haqda ətraflı bilgiyə rast gəlmək olar. "İnter"in saytı isə bir başqa özəlliyi ilə diqqət çəkir. "Bankirlər" "Karvan"ın əsasını qoyduğu on-layn reportaj ənənəsini daha səviyyəli şəkildə davam etdirir. Eləcə də saytda "İnter"in çempionat və kubokdakı çıxışları, klub haqda ətraflı məlumat, fotoqalereya yerləşdirilib. Çox təəssüf ki, "MKT-Araz"ın İnternet səhifəsində yeni mövsümə aid heç nə tapa bilmədim. Deyəsən, klub rəsmiləri veb səhifəni yeniləməyi unudub. Belədə isə klub haqda məlumat, stadion, mövsüm, qalereya bölmələrinə rast gəlmək olar.
"Şəmkir" futbol klubu isə tarixə qovuşduqdan sonra rəsmi saytı da bağlandı. Belə halların Azərbaycan futbolunda adi hal alması ürəkağrıdan məqamdı.
O ki qaldı futbolçularımızın rəsmi saytlarına, yalnız Rəşad Sadıqovu qeyd etmək olar. İngilis və rus dilində tərtib olunan saytda futbolçu haqda ətraflı məlumat, foto- və videoqalereya bölmələri var. Təəssüf ki, bu səhifə də lazımi ardıcıllıqla yenilənmir. Başqa futbolçularımız isə deyəsən, hələ səhifə açmağı düşünmür. Elə yaxşı ki düşünmürlər! Hansı uğurlardan yazasıdılar ki?..