KLUBLARIN VİRTUAL ALƏMDƏKİ "BİRİNCİLİYİ" (FUTBOL DÜNYASI, 27.05.2006)

single-news
27 May 2006

KLUBLARIN VİRTUAL ALƏMDƏKİ "BİRİNCİLİYİ" (FUTBOL DÜNYASI, 27.05.2006)



Bu "turnir"də də autsayder var. Peşəkar klublar haqqında informasiya toplamaq istədikdə ilk olaraq klubun internet saytına müraciət edirik. Burada klubun tarixindən tutmuş nailiyyətlərinə qədər, oyunlardan və oyunçulardan tutmuş transferlərinə qədər dolğun məlumat almaq mümkündür. Bəs peşəkarlıq yoluna qədəmlərini basan Azərbaycan klublarında vəziyyət necədir? Əvvəla, onu qeyd edim ki, elita klublarımızdan 8-nin saytı var ki, onlardan da 6-sı aktivdir. Araşdırmamızı ilk olaraq "Qarabağ"ın saytından başladıq. Bu da səbəbsiz deyil. Klubun rəsmi veb səhifəsi dizaynına və operativliyinə görə digərlərini açıq-aşkar üstələyir. Burada klubun yalnız əsas komandası haqqında deyil, digər yaş qruplarının nəticələrini, eləcə də dünya futbolunda baş verən olaylar haqqında məlumat yerləşdirilir. Ən əsası odur ki, saytda demək olar ki, hər gün informasiyalar yeniləşdirilir. "Karvan"ın rəsmi internet veb səhifəsini də yaxşı mənada fərqləndirmək olar. Onu da qeyd edək ki, "Qarabağ"la ev oyununu internetdə canlı yayımlayan aran təmsilçisinin veb səhifəsi bu sahdə Azərbaycanda ilkə imza atıb. Operativliyinə görə klubun saytı "turnir cədvəli"nin ikinci pilləsinə layiqdir. Futbolumuzun flaqmanının saytına daxil olanda isə adamı dəlicəsinə ağlamaq tutur. Elə fikirləşməyin ki, burada heç bir məlumat yerləşdirilməyib. Xeyr, məlumat çoxdur. Sadəcə klubun rənglərinə uyğun olaraq dizayn edilmiş veb səhifədə sonuncu informasiya düz 2 ay əvvəl martın 26-da yerləşdirilir. Bax, bunu deməyə söz tapmırıq. "Bakı" saytını həftədə bir dəfə dəyişirsə, Tovuz təmsilçisi keçirdiyi hər oyundan hazırlanmış geniş reportajla səhifəni yeniləyir. BU arada qərb təmsilçisinin oyunçuları haqda məlumat almaq istəsək də, burada cəmi 7 futbolçunun adına rast gəldik. Çempionatın imkanlı iki klubu - "Xəzər LƏnkəran" və "İnter"in rəsmi saytları haqda isə ağız dolusu danışmaq yersizdir. "Gəncə" isə iddialarından əl çəkdikdən sonra klubun elektron saytı da fəaliyyətini dayandırıb. Aldığımız məlumata görə, İmişli təmsilçisinin hazırkı internet saytı da yeniləşdirildiyindən yaxın günlərdə yeni veb səhifənin açılışı olacaq.

Paylaş