Klubumuzun nümayəndələri ECA-nın tədbirində

single-news
21 Mar 2025

Klubumuzun nümayəndələri ECA-nın tədbirində



Avropa Klublar Assosiasiyasının (ECA) İspaniyanın paytaxtı Madriddə keçirilən ənənəvi ECA Club Connect tədbiri başa çatıb. Akademiyamızın meneceri, ECA-nın uşaq futbolu üzrə İşçi qrupunun üzvü Nail Kərimov və klubumuzun əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayevin qatıldığı tədbir klubların əsas komandaları və uşaq futboluna həsr olunan təqdimatlardan ibarət olub.

 

500-dən çox iştirakçının qatıldığı mərasimdə böyük maraq kəsb edən bir sıra mövzular müzakirə olunub. FİFA-nın Futbolun İnkişaf departamentinin rəhbəri Arsen Venger müasir futbolun tendensiyaları, gənc istedadların tapılması, üzə çıxarılması və inkişafı haqda çıxışı böyük marağa səbəb olub. Onun futbolun dünyada əhatə etdiyi ərazilər, az inkişaf etmiş yerlərə yolun açılması barədə qeydləri də diqqət çəkib. Venger iştirakçıları müasir futboldakı çatışmazlıqlar və digər mövzulardakı analizlər, onların nəticələri ilə tanış edib.

 

Argentinanın “River Pleyt” klubu həm klub, həm akademiya ilə bağlı təqdimat hazırlayıb. Fransa “Lill”i də uğura aparan yolunu təqdim edib. Tanınmış simalar Edin Terziç, Xulen Lopeteqi, Corco Kyellini, “Ayaks, “Srvena Zvezda”, “Benfika”, “Mançester Siti”, “Liverpul”, “Monako”, “Atletiko”, “Brügge”, “Brayton” kimi klubların nümayəndələrinin çıxışları dinlənilib. Tədbir çərçivəsində futbolun inkişafı və hərəkətliliyi barədə də təqdimatlar nümayiş olunub.

Paylaş

// pop up