“Komanda mövsümü yaxşı notlarda başa vurdu”
“Komanda mövsümü yaxşı notlarda başa vurdu”
Misli Premyer Liqasının XXXVI turunun “Şamaxı” - “Qarabağ” (0:1) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Bu gün meydanda gənc futbolçularımız var idi. Sona qədər çox yaxşı mübarizə apardılar, meydanda nə etmək istədiklərini bilirdilər. Çempionatda mövsümün axırıncı oyunu idi, futbolçularımız sona qədər matçın içində oldular. Hər birini təbrik edirəm. Hər iki komanda mövsümü yaxşı notlarda başa vurdu. Əlbəttə ki, azarkeşlərə də təşəkkür edirəm. Futbolçuların, komandanın yanında oldular”.
Bu günlərdə İspaniyanın “Barselona” klubunun düşərgəsində olan baş məşqçi səfərlə bağlı təəssüratlarını bölüşüb: “Bir neçə gün orada oldum. Demək olar ki, bütün yaş qruplarının məşqində iştirak etdim. O cümlədən, əsas komandanın. Çox yaxşı səfər alındı. Klub rəsmiləri ilə söhbətlərimiz oldu. Eləcə də, baş məşqçi Hansi Fliklə. Mənim üçün ora getmək çox vacib idi. Bir daha əmin oldum ki, sistemi qoruyub-saxlamaq vacibdir. Onu icra edən futbolçular bu sistemi sevməlidirlər. Belə səfərlər həm böyük təcrübə, həm də inam verir. Bunun nəticəsində işin daha keyfiyyətli olur”.
Qurban Qurbanov komandanın gənc futbolçuları Amin Rzayev və Hikmət Cəbrayılzadənin U-21 millimizə dəvət almalarına da münasibət bildirib: “Belə oyunçuların tez böyüməsi üçün daha yuxarı kollektivdə olmaları vacibdir. Gərək onlara güvənəsən, qərar verməyi bacarasan. Böyük turnirlərdə nə qədər tez iştirak etsələr, onların ustalığının yaxşılaşması daha tez olar”.
Təcrübəli mütəxəssis mayın 31-də “Sabah”a qarşı keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə bağlı hədəflərini də açıqlayıb: “Kuboka həmişə ciddi yanaşmışıq. Ciddi yanaşmasaq, finala kimi gələ bilmərik. Finala gəlmişiksə, kuboku qazanmaq istəyirik. Amma qarşımızda titul əldə etmək istəyən, keyfiyyətli futbolçulardan ibarət istəkli kollektiv var. Ciddi hazırlaşacağıq”.
