Komandamızın sərgilədiyi oyun bizi qane edir

Komandamızın sərgilədiyi oyun bizi qane edir
Klubumuzun direktoru Emrah Çelikel Qol.Az saytına müsahibə verib. Müsahibəni maraqlılığını nəzərə alıb, olduğu kimi diqqətinizə çatdırırıq.
- `Qarabağ` ardıcıl 4 oyundur ki, qələbə qazana bilmir. Buna münasibətinizi bilmək istərdik.
- Bəli, son dörd oyunda qələbə qazana bilməmişik. Üstəlik bir məğlubiyyətimiz də var. Təbii ki, bu nəticə ürəkaçan deyil. Ancaq hələ mövsümün əvvəlidir. Buna görə qazanılan nəticələrdən çox pis olmağa və ya arxayınlaşmağa dəyməz. Nəticələr yaxşı olmasa da, göstərdiyimiz oyunun səviyyəsi bizi qane edir.
- Komandanız son oyunu `Neftçi`yə qarşı keçirdi. Bu qarşılaşma haqda nə deyə bilərsiz?
- Çox gərgin oyun oldu. 90 dəqiqə ərzində hər iki komandanın inamlı mübarizə apardı. Həm biz, həm də `Neftçi` qol vura bilərdi. Birinci hissə `Neftçi`, ikinci hissədə isə `Qarabağ` üstün oldu. Oyunda təkcə qol çatmadı. Əlbəttə qalib gəlmək istəyirdik. Ancaq bizim üçün heç-heçə də pis nəticə deyil.
- `Qarabağ` son vaxtlar enişdə olduğunu demək olar, yoxsa komandanın turnir cədvəlinin ikinci pilləsində olması klub rəhbərliyini qane edir?
- Əlbəttə ki, bizi ancaq ən yuxarı pillədə olmaq qane edə bilər. Ancaq dediyim kimi hələ çempionatın başlanğıcındayıq. Komandanın sərgilədiyi oyun bizi qane edir. Bunu qiymətləndirmək lazımdır. Ancaq turnir cədvəlində mövqeyimiz pis olmasa da, qalibiyyətlərin olmaması bizi qane edə bilməz.
- Komandanızın uğursuz çıxışları klub səviyyəsində müzakirə olunub?
- Əlbəttə ki, bu məsələlər hamısı müzakirə olunur. Baş məşqçi Qurban Qurbanov özü bu barədə lazımi tədbirlər görür.
- Çətin keçən mövsümdə itirilən xalları bərpa etmək `Qarabağ` üçün çətin olmayacaq?
- Bilirik ki, bu, çox çətin olacaq. Ancaq nə etmək olar? Artıq uğursuz oyunlar geridə qalıb. İnşallah gələn matçlarda xal itkisinə yol verməməyə çalışacağıq.
- Keçən mövsümlə müqayisədə bu mövsüm `Qarabağ`ın çempionluq şanslarını necə dəyərləndirmək olar?
- İndidən bu mövzu haqda danışmaq çətindir. Uzun bir marafon olacaq. Bu mövsüm çempion olmaq daha çətindir. Bu, təkcə `Qarabağ` üçün yox, bütün komandalar üçün çətin olacaq.
- Qış transfer pəncərəsinin açılmağına hələ çox qalsa da, indidən yeni futbolçu axtarışına başlanılıb?
- Bizim skautlar mütəmadi olaraq axtarışdadır. Həmişə bizə təklif göndərirlər. Ancaq transferi həyata keçirməyimizə baş məşqçinin fikrindən sonra klubun idarə heyəti qərar verəcək.