Kubok sərgüzəştləri (FUTBOL+, 06.05.2006)

single-news
6 May 2006

Kubok sərgüzəştləri (FUTBOL+, 06.05.2006)



Kubokun yarımfinalında “Qarabağ”a uduzub mövsümün iki dadlı meyvəsindən birini əldən buraxan “Neftçi”nin uğursuzluğuyla bağlı sualları cavablandırmaq başqa bir söhbətin mövzusudu. Amma bu gün sizinlə sahibinə qovuşmağa az vaxtı qalan kubokla ilgili fikirlərimizi bölüşəcəyik. Həm də “ağ-qaralar”dan danışacağıq. Hərçənd flaqmanla bağlı söhbətimiz felin keçmiş zaman formasında olacaq. Hələ də davam edən kubok uğrunda mübarizədə “Neftçi” yoxdusa... Aləm niyə qarışdı? İndi “Neftçi”nin kubokun yarımfinalında “Qarabağ”a könüllü təslim olması haqda içini şübhə alanların sayı çoxdu. Adam elə istəyir ki, belələrini qınasın, baxırsan kişilərin şübhələnməyə az da olsa, haqqı var. Necə? “Qarabağ” “Karvan”ı çempionatda büdrədən təkdənbir komandalardan oldu. Bu isə “Neftçi”nin işinə yarayırdı. Və elə o vaxt söz-söhbət gəzirdi ki, Ağdam klubu “ağ-qaralar”ın sifarişiylə yevlaxlıları büdrədib. Büdrədib ki, flaqman da onlara kubokun yarımfinalında əngəl olmasın. Ola bilsin ki, bütün bu söz-söhbətlər cəfəngiyyatdı. Amma adam yenə də mat-məəttəl qalır ki, “Neftçi” kimi futbol dünyasının bərkindən-boşundan çıxan bir komanda necə oldu kuboka əlvida dedi. “Neftçi” kuboku qazanmağa həvəsli deyildi? Ola bilər. Ona görə ola bilər ki, bir müddət əvvəl “ağ-qaralar”ın vitse-vitse Ramin Musayev komandasının iki cəbhədə mübarizə aparmasından söz düşəndə demişdi ki, “biz paxıl deyilik”. Düzdü, o vaxt “Neftçi” hələ “MKT-Araz”la oynayıb qızıla bərabər xal itirməmişdi və çempionluq mübarizəsində “Karvan”ı iki xal qabaqlayırdı. Yəni Musayev “könül toxluğundan” bəhs edəndə komandası çempionluq mübarizəsində hamıdan şanslı görünürdü. Bu isə ola bilsin ki, “Neftçi”nin arxayınlaşmasına, “Qarabağ”la yarımfinal matçlarına “soyuqqanlı” yanaşmasına səbəb olmuşdu. Bəs onda Suraxanıda keçirilən matçda nəyə görə, hansı səbəbdən aləm qarışdı? Madəm ki, “ağ-qaralar” “Qarabağ”a əngəl olmağı ürəkdən istəmirdi... Yox, “Neftçi”nin “Qarabağ”la qarşılaşmanı sözün həqiqi mənasında qarşıdurmaya çevirməsinin arxasında gözə kül üfürmək niyyəti dayana bilməz. Yəni “baxın, biz kubokdan heç də asanlıqla əl çəkmirik”. Matçdan sonra Musayevin də, Ağasəlim Mircavadovun da əsəblərinə hakim ola bilməməsində çox güman, Vadim Boretsin aldığı qırmızı vərəqənin rolu var idi. Axı kubokdan əli üzülən “ağ-qaralar” “Bakı” ilə həlledici oyuna Boretsiz çıxmalı olacaq. Elə “Karvan”la Yevlaxdakı qarşılaşmaya da. Bu isə flaqman üçün balaca itki deyil. Bax, “Neftçi”nin başbilənlərini hər şeydən çox yandıran da bu amildi. Yüksək qiymət, ağır cəza Suraxanı stadionundakı qarşılaşmanı idarə edən Fariz Yusifovun matçın nəticəsinə təsir edən hansısa səhvə yol verməməsinə baxmayaraq, “Neftçi”nin vitse-prezidenti Ramin Musayev onu rəqibə simpatiya bəsləməkdə ittiham etdi. Məsələni araşdıran AFFA artıq öz qərarını açıqlayıb. Özü də ittiham edənin xeyrinə yox, olunanın xeyrinə. Musayev “Qarabağ”la qarşılaşmada dilini və əlini dinc qoymadığı üçün federasiya tərəfindən cəzalandırılıb. “Neftçi”nin vitse-prezidenti on oyunluq cəzalanmaqla yanaşı 8 min manat cərimə də ödəməli olacaq. Matçda baş verən qalmaqala, dava-dalaşa baxmayaraq, Yusifovun idarəçiliyi yüksək qiymətləndirilib. Bu gün “İnter” - “Olimpik” qarşılaşmasını idarə edəcək gənc referinin kubokun yarımfinalındakı işinə hakim-inspektor 8,5 qiymət verib. Əmrah Çəlikəl, “Qarabağ”ın baş direktoru: “Mən baş verən xoşagəlməz olayda qarşı tərəfi suçlaya bilərəm. Amma onlar da bizi günahlandırar. Hadisəydi, oldu keçdi. AFFA da öz qərarını verib. Bu məsələnin üzərində çox dayanmayaq. Amma düzünü deyim ki, belə olacağını gözləmirdim. Düşünürdüm ki, matç çox çətin keçəcək. Daha dava-dalaş... Hadisə bizim stadionda baş verdi. Lakin aranı qarışdıran azarkeşlər yox, klub rəsmiləri oldu. Yəni stadionun cəzalanması üçün elə bir əsas yoxdu. İndi bizi finalda ya “Xəzər-Lənkəran”, ya “Karvan”la ağır oyun gözləyir. Düzü, bu komandalardan hansının bizə rəqib olacağı elə də önəmli deyil”.

Paylaş